Venesuela prezidenti Nikolas Maduro İsrailin Qəzzaya hücumlarına toxunaraq bildirib ki, Fələstin xalqına qarşı məhvetmə müharibəsi aparılır.
Özəl televiziya kanalında cari hadisələri şərh edən Venesuela prezidenti Nikolas Maduro Fələstinə qarşı davam edən hücumlara görə beynəlxalq ictimaiyyətə sərt reaksiya verib.
"Fələstin xalqına qarşı məhvə yönəlmiş müharibə aparılır. Şəxsləri hədəf alan bu dağıntılar qarşısında səssiz qalan hər kəs tarixdə qeydə alınan ən ağır cinayətlərdən birinin əbədi şəriki olacaq", – deyə o bildirib.
Maduro həmçinin Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı davam edən istintaqa toxunaraq deyib: "Bunu ilk dəfə demirəm. Maradonanı öldürdülər. Onu öz üsulları ilə aradan götürdülər və davam edən məhkəmə də bunu açıq şəkildə göstərir. Səssizlərin və məzlumların səsini susdurmaq üçün onu öldürdülər".
Bununla yanaşı, Maduro ölkənin Elektrik Sisteminin mayın 1-də ifrat sağçı qruplar tərəfindən hədəfə alındığını da açıqlayıb. O, “Comanditos” adlı cinayətkar təşkilatın elektrik infrastrukturuna təxribat etməyi planlaşdırdığını və bu cəhdlə ölkənin yarısının işıqsız qalmasının hədəfləndiyini bildirib.
Müxalifəti ad çəkmədən tənqid edən prezident əlavə edib: “Bu insanların əlində nə qalıb? Yalnız zərər vermək. Məğlub olduqları üçün getdikcə daha da batırlar. Xalqın sülh və əmin-amanlıq hüququnu pozmağa cəhd edən hər hansı zorakı qrup qanun çərçivəsində dəmir yumruqla qarşılanacaq. Biz ölkədə heç vaxt zorakılığa imkan verməyəcəyik”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Fərhad
