
Böyük Britaniyanın Kral ailəsi bu həftə keçiriləcək Qələbə Günü tədbirlərinin heç bir hadisə ilə diqqətdən yayınmayacağına ümid edir. Bu il Avropada İkinci Dünya Müharibəsinin sonunu qeyd edən Qələbə Gününün (VE Day) 80 illiyi münasibətilə ölkə boyu silsilə tədbirlər planlaşdırılıb.
Bukingem Sarayından verilən məlumata görə, Kral III Çarlz və Kraliça Kamilla bu əlamətdar hadisəni səbirsizliklə gözləyirlər və müharibə dövrünün fədakar nəslinə ehtiramlarını bildirmək niyyətindədirlər.
Tədbirlər rəsmi surətdə başlayır.
Bazar ertəsi günü Londonda keçiriləcək hərbi paradla tədbirlər başlayacaq. Paradın ardınca Kral Ailəsinin üzvləri Bukingem Sarayının eyvanında ictimaiyyət qarşısına çıxacaqlar. Eyvandan ənənəvi Red Arrows aviaşou uçuşu izləniləcək. Daha sonra sarayın bağçasında veteranlar, onların ailə üzvləri və müharibə dövrünün digər nümayəndələri üçün çay süfrəsi təşkil ediləcək.
8 may tarixində isə Kral Çarlz və Kraliça Kamilla digər kral ailəsi üzvləri ilə birlikdə Vestminster Abbatlığında keçiriləcək şükran mərasiminə qatılacaq və sonrasında Horse Guards Parade meydanında təşkil olunacaq bayram konsertində iştirak edəcəklər.
Şahzadə Harrinin müsahibəsi və sarayın sükutu.
Qeyd edək ki, bu tədbirlər Şahzadə Harrinin Britaniya hökuməti ilə təhlükəsizliklə bağlı məhkəmə prosesini uduzmasından və atasının onunla danışmaq istəmədiyini bildirməsindən bir neçə gün sonraya təsadüf edir. Harrinin BBC-yə verdiyi eksklüziv müsahibədə Kral Çarlzın xərçəng diaqnozu ilə bağlı narahatlığı da yer alıb. O, atasının sağlamlıq vəziyyəti ilə əlaqədar nə qədər vaxtı qaldığını bilmədiyini söyləyib.
Bununla belə, Kral Ailəsi Harrinin bu açıqlamaları ilə bağlı ictimaiyyətə heç bir şərh verməyib. Saraydan yalnız bu mesaj verilib: "Veteranlara hörmət əlaməti olaraq, ümid edirik ki, heç nə bu xüsusi və mənalı ildönümündə sevinclə, qürurla qeyd edəcəyimiz qələbəni və igid insanları kölgədə qoymayacaq."
Hökumətin reaksiyası.
Daxili İşlər Nazirliyi isə Şahzadə Harrinin təhlükəsizliklə bağlı məhkəmə prosesindəki məğlubiyyəti ilə bağlı məmnunluğunu ifadə edib. Nazirliyin açıqlamasında, ölkənin təhlükəsizlik sisteminin "ciddi və mütənasib" olduğu qeyd olunub.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Cabbarlı
