Bu gün:

Günəş partlayışları elektrik kəsintilərinə səbəb ola bilər?


İspaniya, Portuqaliya, Fransa və Belçika başda olmaqla Avropanın bir çox ölkəsində genişmiqyaslı elektrik kəsintiləri qeydə alınıb. Enerji təchizatını bərpa etmək üçün enerji şirkətləri səfərbər olub. Rəsmi qurumlar hadisənin mümkün səbəblərini araşdırır və elektrik kəsintilərinin mənbəyini müəyyən etməyə çalışırlar.

Milyonlarla insanın ağlına isə günəş partlayışlarının bu hadisələrə təsiri ola biləcəyi ehtimalı gəlib. Bəs, günəş partlayışı nədir və elektrik kəsintilərinə səbəb ola bilərmi?

Günəş partlayışları — Günəşin səthində baş verən böyük enerji buraxılışlarıdır. Bu partlayışlar zamanı Günəşdən Yerə doğru yüksək enerjili şüalar və yüklü zərrəciklər yayılır. Günəşin bu tip fəaliyyəti xüsusilə günəş dövrünün pik həddə çatdığı dövrlərdə daha tez-tez müşahidə olunur. Belə hadisələr Yer kürəsinə çatdıqda, planetimizin maqnit sahəsi ilə qarşılıqlı təsirə girir. Əgər partlayış çox güclüdürsə bu təsir Yer maqnit sahəsində pozuntu yarada və “geomaqnit fırtınalarına” səbəb ola bilər.

Geomaqnit fırtınaları — Yer maqnit sahəsində qəfil və intensiv dəyişikliklərdir. Bu fırtınalar xüsusilə elektrik ötürücü xətlərə təsir göstərə bilər. Yer üzərində uzanan elektrik xətləri çox uzun olduğundan, maqnit dəyişiklikləri bu xətlərdə əlavə cərəyanların yaranmasına səbəb ola bilər. Nəticədə, elektrik şəbəkələrində nasazlıqlar baş verir. Məsələn, yüksək gərginliklə işləyən transformatorlar artıq cərəyan səbəbindən sıradan çıxa və bu da genişmiqyaslı elektrik kəsintilərinə səbəb ola bilər.

Tarixi nümunələrdən biri 1989-cu ildə Kanadada qeydə alınıb. Həmin dövrdə baş verən güclü günəş partlayışı nəticəsində Kvebek vilayətindəki elektrik şəbəkəsi çökmüş və təxminən 6 milyon insan saatlarla işıqsız qalmışdır. 1859-cu ildə isə daha böyük bir günəş partlayışı zamanı telekommunikasiya xətlərində ciddi zədələr qeydə alınmış, hətta bəzi xətlərin tamamilə yandığı qeydə alınıb.


Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et