Bu gün:

İnqilabi musiqiçi Jill Sobule həyatını itirib


ABŞ-nin qabaqcıl musiqiçilərindən biri olan Jill Sobule açıq şəkildə homoseksual mövzuları əhatə edən və Billboard Top 20 siyahısına düşən ilk mahnı hesab olunan "I Kissed a Girl" adlı hit mahnısı ilə tanınırdı. Onun Minnesota ştatının Minneapolis şəhərində baş vermiş ev yanğını nəticəsində vəfat etdiyi bildirilib. Bu məlumatı onun mətbuat katibi açıqlayıb.

1995-ci ildə çəkilən və gənclərin həyatından bəhs edən "Clueless" filmində səslənən satirik "Supermodel" mahnısı ilə də tanınan Sobule 66 yaşında dünyasını dəyişib.

O, bu cümə günü doğulduğu Denver, Kolorado şəhərində avtobioqrafik səhnə musiqilərindən ibarət konsert verməli idi. İndi isə onun şərəfinə pulsuz bir yığıncaq təşkil olunacaq. Sosial mediada musiqiçi üçün çoxsaylı ehtiram və başsağlığı mesajları paylaşılıb. İngilis musiqiçi Lloyd Cole bildirib: “Hazırda nəsə yazacaq qədər özümü toparlaya bilmirəm. Biz onu çox sevirdik. O da bizi sevirdi.”

1959-cu ildə anadan olan Sobule’un yaradıcılığı üç onilliyi əhatə edirdi. Onun musiqisində ölüm cəzası, anoreksiya və LGBTQ+ hüquqları kimi mövzulara toxunulurdu.

Onun ən məşhur əsərləri 1995-ci ildə çıxan eyni adlı albomunda yer alıb. Bu alboma "Supermodel" və "I Kissed a Girl" daxil idi.

Sobule həmçinin albom buraxmaq üçün kütləvi maliyyələşdirmə (crowdfunding) metodundan istifadə edən ilk musiqiçilərdən biri olub. O, teatr və televiziya üçün də musiqi bəstələyib – o cümlədən Nickelodeon kanalının "Unfabulous" adlı şousunun musiqisi ona məxsusdur.

Onun meneceri John Porter bildirib: “O, bir təbiət qüvvəsi idi, insan haqları müdafiəçisi idi və musiqisi mədəniyyətimizin bir parçasına çevrilmişdi. Mən həm bir müştərimi, həm də dostumu itirdim. Ümid edirəm ki, onun musiqisi, xatirəsi və irsi yaşamağa davam edəcək və başqalarına ilham verəcək.”

Kanadalı musiqi müxbiri Eric Alper X platformasında yazıb ki, o, “ürəklə, yumorla və dürüstlüklə yol açdı” və əlavə edib ki, açıq gey sənətçi olaraq “səs palitrasını və söhbəti dəyişdi”.

Amerikalı aktrisa Carrie Coon isə yazıb: “Jill Sobule çox xüsusi biri idi. Bu, ürək ağrıdan bir xəbərdir.”

"Star Tribune" qəzetinin məlumatına görə, Sobule-un meyiti tapıldığı Woodbury qəsəbəsindəki evdə baş verən yanğının səbəbi ilə bağlı polis araşdırma aparır.

Mənbə:BBC

Tərcümə etdi:Leila Musayeva 


Paylaş
Şərh əlavə et