Bu gün:

“Məktəb tədbirlərində heç vaxt şeir deyə bilməmişəm, utanmışam” - aktyorla MÜSAHİBƏ



24Media-nın budəfəki müsahibi Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Rasim Cəfərdir.

2013-cü ildə verdiyiniz müsahibələrdən birində təsadüf nəticəsində aktyorluğu seçdiyinizi qeyd etmisiniz. Necə oldu ki, təsadüfən gəldiyiniz sahədə bu qədər uğurlu oldunuz?

-Belə bir söz var: “təsadüf zərurətdən doğur”. Əslində məndə uşaqlıqdan bu sevgi var idi. Amma bu gizli sevgi idi, yəni özüm də bilmirdim bunu. Uşaq vaxtı mən evdə və ya haradasa tək olanda baxdığım filmlərdən və tamaşalardan özüm üçün səhnələr, parçalar oynayırdım, ya da özümü hansısa bir vəziyyətdə təsəvvür edib o vəziyyəti canlandırırdım. Guya kiminləsə danışırmış kimi güzgü qarşısında söhbət edirdim, özümdən monoloq uydurub deyirdim. Amma tək olanda... Çünki çox utancaq idim. Heç vaxt kütlə qarşısında çıxış etməmişəm. Məktəbdə tədbirlərdə heç vaxt şeir deyə bilməmişəm, deməmişəm. Həmişə utanmışam. Deməyim odur ki, bu sevgi, istək uşaqlıqdan var məndə. Bu zərurətdən doğan təsadüf məni İncəsənət Universitetinə gətirdi. Tanrının işi deyək buna... Mənim sadəcə bəxtim çox gətirdi. Bəxtim gətirdi ki, universitet illərində və sonralar mən Əliabbas Qədirov, Vaqif İbrahimoğlu, Bəxtyar Xanızadə kimi ustadlardan dərs aldım. Əgər mən bu gün nəyisə bacarıramsa, uğur qazanmışamsa, buna görə ilk növbədə ustadlarıma borcluyam. Bir də təbii ki, zəhmət... İşləmək, oxumaq, yaşamaq... Bizlərdə belə bir söz var: “istedad uğurun 10 faizidir, qalanı zəhmətdir”.

İlk səhnəyə çıxdığınız günü necə xatırlayırsınız?

- İlk dəfə Akademik Milli Dram teatrında səhnəyə çıxmışam. 1-ci kursda oxuyurduq. İ.Əfəndiyevin "Hökmdar və qızı" tamaşası səhnəyə qoyulurdu. Baş rolda Qarabağ xanı İbrahim xanı kurs rəhbərimiz Xalq Artisti Əliabbas Qədirov oynayırdı. Bizim kursu bütünlüklə o tamaşada kütləvi səhnələrdə oynamağa aparmışdılar. O vaxt bu mənim üçün böyük bir şey idi. 1-ci kursda  Əliabbas Qədirov, Səfurə İbrahimova, Bəsti Cəfərova, Səyavuş Aslan, Bürcəli Əsgərov və s. bu kimi böyük sənətkarlarla bir səhnəyə çıxmağın nə demək olduğunu, necə hiss olduğunu anlatmaq mənə çox çətindir. Premyera günü çox həyəcanlı və sevincli idim. Çünki bu mənim peşəkar səhnədə ilk addımım idi. Baxmayaraq ki, kütləvi səhnələrdə oynayırdım...

Sizcə, aktyor üçün daha çox xarici görünüş önəmlidir, yoxsa rol qabiliyyəti?

-Maraqlıdır, görəsən, mənə niyə bu sualı verdiniz? Yəni dünya praktikası da göstərir ki, xarici görünüş önəmli deyil. Onlarla aktyor sayaram ki, xarici görünüşcə "model" deyillər, amma istedad və aktyor peşəkarlığı baxımından ən yüksək həddədirlər. Aktyorda o enerji olmalıdır. Bilmirəm, başqa cür necə adlandırım. Bəziləri "şarm" deyir, bizlərdə "şeytan tükü" deyən də var... Amma mən ona enerji deyirəm. Əgər istedad, zəhmət və o enerji varsa, xarici görünüş ikinci plana keçir.

Meyxana deməyi də bacarırsınız... Bəs niyə bu sahədə irəliləmədiniz?

-Xeyr, bacarmıram. Universitetə qəbul olana qədər meyxana ilə maraqlanmışam, demişəm. Masazır kəndində doğulsam da, Xırdalanda böyüyüb-boya başa çatmışam. Meyxanaya çox böyük marağım və həvəsim var idi, elə indi də var. Bu həvəslə Axund Azərin (Azər Sani) yanına gedib-gəlirdim. Axund Azər Aydın Xırdalanlının ustadı olub. Aydın məndən bir sinif yuxarıda oxuyurdu. Elə Axund Azərin yanında da bərabər olurduq, bərabər deyirdik. İkimiz də öyrənirdik. Amma Aydın məndən çox əvvəl başlamışdı və daha yaxşı, daha peşəkar idi. Mən də bir təhər çulumu sudan çıxarırdım, öyrənirdim. Elə İncəsənət Universitetinə sənədlərimi verməyimin də səbəbkarı məhz Aydın oldu, Allah ona rəhmət eləsin! Məktəbi bitirəndən sonra universitet imtahanlarından kəsildim, hüquqşünas olmaq istəyirdim. Kəsildiyim üçün çox pis olmuşdum, depressiya filan... Aydın dedi ki, sənədlərimi İncəsənət Universitetinə verim. Özü həmin universitetdə oxuyurdu. Dedi, dedi, dedi, axırda saqqızımı oğurladı. Sənədlərimi verdim İncəsənət Universitetinə və qəbul oldum. Bu gün də peşman deyiləm. Düşünürəm, nə yaxşı ki, birinci il imtahanlardan kəsildim və  hüquqşünas olmadım. Nə yaxşı ki, Aydın məni İncəsənət Universitetinə yönəltdi. Çünki mən bu sahədə özümü rahat hiss edirəm, necə deyərlər, öz qabımdayam... Mətləbdən uzaqlaşdım, deyəsən... Universitetə qəbul olandan sonra meyxana deməyin daşını atdım. Belə...

"Ata ocağı" serialındakı Nadir obrazı ilə bağlı təəssüratlarınız nədir? Rasim Cəfər ilə Nadir arasında hansısa oxşarlıqlar varmı?

-Oxşarlıq deməzdim. Çünki çox zaman Rasim olaraq Nadiri qınayıram, onunla razılaşmıram. Amma nə etmək olar, o da belə adamdır. Onu da belə qəbul etmək lazımdır. Amma təbii ki, Nadir də mənim başqa oynadığım rollar kimi bir parçamdır. Onda da məndən nəsə var. Necə ki, Allah bütün insanları yaradıb: yaxşı, pis, qəddar, xeyirxah, zalım, qəhrəman və.s. Amma hamısında Allahdan bir parça, bir nəfəs, bir ruh var. Nadir də mənim oynadığım rollardan biridir, orada bir parça mən varam.

Hazırda şəxsi və ya iş həyatınızda nəyi ən böyük nailiyyət hesab edirsiniz?

-İstər şəxsi, istər iş həyatımda olmaq istədiyim yerdəyəm. Şəxsi həyatımda hüzur, rahatlıq var, peşəmlə sevə-sevə məşğul oluram, bu ən böyük uğurdur mənim üçün.

Çəkiliş zamanı rastlaşdığınız maraq doğuran hadisələrdən birini bizimlə bölüşə bilərsinizmi?

-Çəkiliş prosesi özü ayrıca bir filmdir. Vallah, o qədər hadisələr baş verir ki, indi heç biri yadıma düşmür.

Həyatda tez-tez rola girməli olursunuz?

-Tez tez deməzdim, amma bəzən olur. Onsuz biz insanlar həyatda müxtəlif situasiyalarda müxtəlif vəziyyətləri oynayırıq. Mən deyərdim ki, həyatda oynamayan elə aktyorlardır.

"Aktyor olmurlar, aktyor doğulurlar" fikri ilə razısınızmı?

-Qismən razıyam. Yəni sən doğulanda o istedadla, o bayaq dediyim enerji ilə doğulmalısan. Amma sonra sən bu sahəyə gəlib, zəhmət çəkib aktyor olursan. Almazı cilalayanda daha qiymətli daşa, brillianta çevrilir. Hər daşdan da brilliant alınmır. Belə məsələlər var...

Hazırda seriallarımızın səviyyəsi sizi qane edirmi?

-Ötən illərə nisbətən seriallarımız keyfiyyət və bədii baxımdan getdikcə yaxşıya doğru inkişaf edir. Siz ilk başladığımız illərlə son illər çəkilən serialları müqayisə etsəniz, görərsiniz. Artıq rejissorlar, ssenaristlər, aktyorlar daha peşəkardır və bu işi getdikcə daha yaxşı görməyə başlayırlar. Səbr etsək, mən inanıram ki, yaxın gələcəkdə biz ekranlarımızda məhz görmək istədiyimiz serialları görəcəyik. Heç nə birdən birə olmur. Üzeyir bəy demişkən, “siçandan filə getmək lazımdır”. "Nərdivan" məsələsi... Birdən birə fil boyda işlər görə bilmərik. Biz hələ eşşəkdə, camışdayıq. Azacıq səbr!

Hansısa filmə çəkilməkdən imtina etmisinizmi? Etmisinizsə, niyə?

-İmtina etmişəm. Hər dəfə müxtəlif səbəblərdən: ya ssenari xoşuma gəlməyib, ya qonorarda razılaşmamışıq. Amma bir dəfə Rusiyadan bir təklif gəlmişdi. Yaddaşım məni aldatmırsa, 8 seriyalı bir film idi. Adı "Sonuncu romalılar" idi. Hadisələr 1989-cu illərin sonu, 1990-cı illərin əvvəlləri Bakıda cərəyan edirdi. Ermənilərin Bakıdan qovulmağı... Bir rus, bir erməni və bir azərbaycanlının dostluğundan bəhs edirdi. Məni bu azərbaycanlı roluna istəyirdilər. Orada çox hadisələr baş verirdi. Sadəcə əsəbləşdiyim məqamlar çox oldu. Ələlxüsus,  o 3 dostdan biri olan azərbaycanlıdan başqa demək olar ki, bütün azərbaycanlılar hamısı mənfi personajlar idi. Qəddar, oğru, başkəsən, ermənilərin qanına susamış adamlar... Onlara geniş bir cavab yazıb iradımı bildirdim və filmdə çəkilməkdən imtina etdim. Sonra deyəsən o filmi haradasa, hansısa şəhəri Bakıya oxşadıb çəkiblər. Amma o azərbaycanlıları kimlər oynadı, bilmirəm...

Paylaş
Şərh əlavə et