
Londonda yerləşən Vestminster Magistrat Məhkəməsində çıxış etdikdən sonra məşhur aparıcı, komediyaçı və aktyor Rassell Brend girov qarşılığında sərbəst buraxılıb.
O, zorlamada, cinsi təcavüzdə və qeyri-etik davranışlarda ittiham olunur. Konkret olaraq, Brend bir zorlama, bir qeyri-etik təcavüz, bir oral zorlama və iki ayrı cinsi təcavüz faktı ilə, dörd fərqli qadına qarşı törədilmiş hadisələrlə əlaqələndirilir.
Məhkəmə binasına gələndə fotoqraflar onun avtomobilini əhatəyə alıblar, lakin Brend jurnalistlərə heç bir açıqlama verməyib.
Kamera və mikrofonlarla əhatələnmiş Brendin, məhkəmə binasına qısa məsafəni qət etməsi iki dəqiqədən çox vaxt alıb. O, polis əməkdaşlarının müşayiəti ilə fotoqrafların sıraları arasından keçərək binaya daxil olub.
Məhkəmədə Brend öz adını, ünvanını və 49 yaşında olduğunu təsdiqləyib.
O, bir qadının sinəsinə toxunaraq ona qarşı cinsi təcavüz törətməkdə, digər bir qadının qolundan tutaraq onu kişi tualetinə sürükləyərək qeyri-etik hərəkət etməkdə ittiham olunur.
Brend 12 dəqiqə davam edən məhkəmə prosesində ayağa qalxmaqla istənilib, lakin heç bir günahı etiraf etməyib (ittihamlara qarşı mövqe bildirməyib).
O, ötən ay poçt vasitəsilə rəsmi olaraq ittiham edilmişdi.
İşin növbəti mərhələsi Londondakı Old Beyli məhkəməsində keçiriləcək.
Onun növbəti məhkəmə iclası 30 may tarixində olacaq və Brend həmin iclas zamanı girov şərtlərini başa düşdüyünü təsdiqləyib.
Esseksdə anadan olmuş Brend 2000-ci ildə Hackney Empire səhnəsində çıxış etməklə stand-up komediyaçı kimi tanınmağa başlayıb, daha sonra Edinburq Fringe festivalında çıxış edib.
Daha sonra o, televiziya və radio yayımına keçib, müxtəlif milli proqramlara aparıcılıq edib.
Onun karyerasında dönüş nöqtəsi 2000-ci illərin ortalarında, məşhur reallıq şousu Big Brother-un müşayiətedici proqramı olan Big Brother's Big Mouth-u aparmağa başladığı vaxt olub.
Bu, Brendin şöhrətə gedən yolunda əsas pillə olub və onu Böyük Britaniyanın ən çox axtarılan aparıcılarından birinə çevirib.
Brend daha sonra NME, MTV və Brit mükafatlarının təqdimat mərasimlərinə, E4-də debat şousuna və Live Earth xeyriyyə konsertinin Böyük Britaniya mərhələsinə aparıcılıq edib.
2006–2008-ci illər arasında isə BBC radiosunun 6 Music və Radio 2 kanallarında öz radio şoularını aparıb.
2024-cü ilin aprelində Brend bir video paylaşaraq heç vaxt razılıq olmadan heç bir münasibətdə olmadığını bildirib və məhkəmədə özünü müdafiə etmək fürsəti əldə etdiyi üçün minnətdarlıq ifadə edib.
Bu iş 2023-cü ilin sentyabrında Sunday Times, Times və Channel 4 Dispatches tərəfindən aparılan araşdırmaların nəticəsində açılıb və Brendə qarşı çoxsaylı ciddi ittihamları üzə çıxarıb.
Mənbə:BBC
Tərcümə etdi:Leila Musayeva
