Bu gün:

Osminoqlar yuxu görə bilirlər?


Alimlər müəyyən ediblər ki, osminoqlar təkcə ağıllı deyil, həm də yuxu görə bilirlər. Araşdırmalar göstərir ki, onlar yuxu zamanı rənglərini dəyişir və bədənlərində müxtəlif hərəkətlər baş verir. Bu dəyişikliklərin insanlarda yuxu zamanı baş verən proseslərlə oxşarlığı var.

Tədqiqatçılar osminoqlarda REM yuxusuna bənzər bir vəziyyətin olduğunu düşünürlər. REM yuxusu insanlarda əsasən yuxuların görüldüyü mərhələdir. Osminoqlarda da bu mərhələdə dərilərində ani rəng dəyişiklikləri, qollarında titrəmə və qısa hərəkətlər müşahidə olunur.

Texas Universitetindən dəniz bioloqu Dr. David Scheel deyir ki, osminoqların beyni çox mürəkkəbdir və onların şüurlu təcrübələr yaşayıb-yaşamadığını araşdırırlar. Onların dəri rəngindəki dəyişikliklərə əsasən, yuxu gördükləri ehtimal olunur.

Osminoqlar qısa ömür yaşamaqlarına baxmayaraq, çox ağıllıdırlar, yəni labirintləri həll edə, alətlərdən istifadə edə və ətraflarına tez uyğunlaşa bilirlər.

Əgər osminoqların yuxu gördüyü sübut olunarsa, bu kəşf təkcə dəniz həyatı haqqında yox, ümumilikdə, şüur və zehin haqqında anlayışımıza da böyük təsir göstərə bilər. Alimlər bu sahədə daha çox araşdırma aparmağa davam edirlər.

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Dilbər Paşazadə 

Paylaş
Şərh əlavə et