Duyğular gündəlik həyatımızın vacib hissəsidir. Onlar bizə təhlükəni hiss etdirməkdən tutmuş, sevinci bölüşməyə qədər bir çox funksiyanı yerinə yetirir. Bəs bu hisslər niyə mövcuddur və onların yaranma səbəbi nədir?
Bəzən özümüzü ruhlandırıcı, həvəsləndirici, xoşbəxt, kədərli, depressiv, tənha və ya biri ilə dərindən bağlı hiss edə bilərik. Bəs hissləri sadəcə əzbərlənmiş, klassik təriflər çərçivəsində deyil, daha fərqli şəkildə dərk etməyə cəhd edə bilərsinizmi? Bədəninizə diqqət yetirin – orada hansı duyğular mövcuddur? Onları sözlə ifadə etməyə çalışın. Onları doğrudan hiss etməyə hazırsınız?
Duyğuların mövcudluğunun əsas səbəbi ətrafımızdakı insanlarla əlaqə qurmaq və onları, eləcə də yaşadığımız hadisələri anlamaqdır. Bu var olma hissimizin təməlidir. Bundan əlavə, duyğular qərar qəbul etmək, diqqəti toplamaq, anlam və anlaşılmaq üçün də vacib vasitədir.
Emosional inkişaf və yaşamaq üçün sağlam münasibətlərin qurulması çox önəmlidir. Çünki duyğularımızın böyük əksəriyyəti insanlarla münasibətlər nəticəsində üzə çıxır – bu, ailə, dostluq, iş və romantik münasibətləri əhatə edə bilər.
Əvvəlcə başqalarının necə hiss etdiyini anlamazdan əvvəl, öz hisslərimizdən xəbərdar olmalıyıq. Psixoloqa müraciət etdiyinizdə sizdən həmişə “bununla bağlı nə hiss etdiniz?” deyə soruşurlar. Çünki düşüncələrimiz və duyğularımız uyğunlaşdıqda sinir sistemimiz rahatlayır. Duyğularımızı aydın şəkildə tanıdıqda narahatlığın çoxunun azaldığını müşahidə edirik. Bu üsulu sınayın – çətin bir vəziyyətdə nə hiss etdiyinizi özünüzdən soruşun.
Seçdiyimiz insanlar, getdiyimiz yerlər və yaşamaq istədiyimiz təcrübələrin arxasında həmişə bir hiss dayanır. Bəzən bu hissi adlandıra bilirik, bəzən isə sadəcə yaşayırıq. Lakin “doğru zamanda, doğru yerdə” və “doğru hissdə” olmağımıza səbəb olan duyğulara qulaq asmaq bizə doğru istiqaməti göstərə bilər.
Hər kəsin emosional dünyası fərqlidir. Bəzən ətrafımızdakı insanlarla eyni duyğunu paylaşdığımızı düşünürük, amma əslində hər kəs öz fərdi səyahətini yaşayır. Bunu xatırlamaq, münasibətlərdə anlayışlı və empatik olmağımıza kömək edir.
Bədənimizin verdiyi siqnalları başa düşmək bizə həyatda üstünlük qazandırır. Mərkəzi sinir sistemimizin necə hiss etdiyini şüurlu şəkildə dərk etməyi öyrənməliyik. Daxili səsimizi eşitmək və duyğularımızı düzgün anlamaq üçün meditasiya, nəfəs məşqləri, təbiətdə vaxt keçirmək və torpaqla təmas kimi fəaliyyətlər faydalıdır. Bu cür üsullar bədənimizi və duyğularımızı balansda saxlamağa kömək edir.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
