Bu gün:

Alimlər ən acı maddəni kəşf ediblər


Almaniyalı alimlər qeyri-adi göbələkdə indiyə qədər məlum olan ən acı kimyəvi birləşmə tapıblar.

Qida alimləri insan dilində indiyə qədər qeydə alınmış ən kəskin acı dadı yaradan kimyəvi birləşməni kəşf ediblər. Almaniyanın Leybniz Qida Sistemləri Biologiyası İnstitutunda aparılan araşdırmada acı rəf göbələyi Amaropostia stiptica növündən əldə edilmiş üç yeni birləşmə tədqiq olunub.


Tədqiqatçılar müəyyən ediblər ki, bu kimyəvi maddələr insanlarda təxminən 25 müxtəlif acı dad reseptorundan ən azı birini aktivləşdirir. Bu birləşmələrdən biri – oliqoporin D – o qədər güclü acı dad stimulyatorudur ki, onun cəmi 1 qramı 106 vanna suda həll olunsa belə, yenə də acı dad yaradır.


Tədqiqatın həmmüəlliflərindən biri bildirib: “Bu kəşf bizə acı dadın qavranılmasında iştirak edən molekulyar mexanizmləri daha yaxşı anlamağa kömək edə bilər. Biz yeni acı birləşmələri müəyyən etmək və onların təsirlərini proqnozlaşdırmaq üçün qabaqlayıcı modellər hazırlamağı hədəfləyirik.”


Bu günə qədər əsasən çiçəkli bitkilərdən və ya sintetik mənbələrdən əldə edilən minlərlə acı molekul məlumdur. Lakin heyvan, bakteriya və ya göbələk mənşəli birləşmələr barədə kifayət qədər məlumat yox idi. Bu araşdırma həmin boşluğu doldurmaq məqsədi daşıyır.


Alimlər acı dad reseptorlarının insanları zərərli maddələrdən qorumaq üçün təkamül etdiyini düşünürlər. Bununla belə, onlar qeyd edirlər ki, hər acı birləşmə zəhərli deyil və hər zəhərli maddə də acı olmur. Məsələn, ölümcül göbələk zəhərli olsa da, acı dadı yoxdur.


Tədqiqatçılar həmçinin vurğulayırlar ki, ağızdan əlavə mədə, bağırsaq, ürək və ağciyər kimi orqanlarda da yerləşən acı dad reseptorlarının fizioloji funksiyaları hələ də tam aydın deyil.


Bu araşdırma təbiətdə acı dad yaradan birləşmələrin müxtəlifliyi barədə anlayışımızı genişləndirir və dad duyğusunun molekulyar əsaslarını daha dərindən anlamağa imkan verir.


Mənbə: NTV.com 

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et