Ev heyvanlarımız üçün xoşbəxt və sağlam bir yaşam mühiti yaratmaq düşündüyünüz qədər çətin deyil. Heyvan sahibləri üçün kiçik dostlarının rifahı hər şeydən önəmlidir.

Xüsusilə pişiklər, həm fiziki, həm də zehni baxımdan stimullaşdırmaya ehtiyac duyurlar. Bəs pişiyiniz üçün ideal mühit necə olmalıdır? Onun sağlamlığını və xoşbəxtliyini təmin etmək üçün istifadə edə biləcəyiniz 5 sadə, lakin təsirli üsulu sizinlə paylaşırıq.
1. Təhlükəsiz və sakit məkan təmin edin
Pişiklər, özlərini təhlükəsiz hiss edə biləcəkləri sakit və səssiz yerləri axtarırlar. Onlar üçün xüsusi bir yataq, gizlənə biləcəkləri künc və ya hündür rəf kimi sığınacaq sahələrinin yaradılması, stress səviyyələrini azaldır və onlara daha rahat, dinc bir mühit təmin edir.
2. Cızma sahələri yaradın
Pişiklərin cızmaq ehtiyacı onların təbii instinktlərindən irəli gəlir. Evin müxtəlif yerlərində cızma yerlərinin yerləşdirilməsi, həm mebellərinizi zədələnmədən qoruyacaq, həm də pişiyinizin əzələlərini işlədərək fiziki sağlamlığını dəstəkləyəcək.
3. Təmiz su və balanslaşdırılmış pəhriz
Təmiz su və balanslı qidalanma, sağlam bir mühitin vacib şərtlərindəndir. Pişiyinizin su qabını hər gün yeniləyin və qida seçərkən onun yaşına, çəkisinə və sağlamlıq vəziyyətinə uyğun məhsullara üstünlük verin. Əgər əmin deyilsinizsə, düzgün seçim üçün baytar məsləhəti almaq faydalı olar.
4. Oyuncaqlarla zehni stimullaşdırma təmin edin
Pişiklər oynayan zaman həm əylənir, həm də zehni olaraq stimullaşdırılır. Müxtəlif növ oyuncaqlardan (toplar, zəka oyuncaqları, lələk çubuqları) istifadə edərək, pişiyinizin enerjisini müsbət şəkildə artıra bilərsiniz.
5. Təmizliyə və gigiyenaya diqqət edin
Zibil qutusunun müntəzəm təmizlənməsi, həm evin gigiyenası, həm də pişiyinizin sağlamlığı baxımından son dərəcə vacibdir. Eyni zamanda, evdə istifadə etdiyiniz təmizləyici vasitələrin pişiklər üçün təhlükəsiz olmasına diqqət yetirin.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
