[spoiler][/spoiler]Uilyam Korder sevgilisini öldürməkdə təqsirli bilindikdən sonra ictimaiyyət qarşısında edam edilib. Məlum olub ki, bu işi təsvir edən kitab Korderin dərisi ilə cildlənib. Bir qatilin dərisinə bükülmüş bu kitab indi İngiltərədəki Suffolk Muzeyində nümayiş etdirilir. Etik müzakirələr davam edir.
The Guardianın məlumatına görə, Uilyam Korder 1827-ci ildə "Qırmızı Anbar Cinayəti" kimi tanınan hadisə ilə məşhurlaşıb. Korder sevgilisini öldürməkdə təqsirli bilinib. Növbəti il o, açıq şəkildə edama məhkum edilib. Bu andan etibarən hekayə bir az dəhşətli hal alır: qatilin cəsədi parçalanıb və dərisindən onun hekayəsini izah edən bir kitabın cildi hazırlanıb.
Korderin dərisindən istifadə olunmuş iki fərqli kitab mövcuddur. Orijinal nüsxənin təxminən 20 il əvvəl muzeyə hədiyyə edildiyi güman edilir. İkinci nüsxə isə ötən il kitabxananın ofisində aşkar edilib. Bu nüsxənin arxa qapağında və künclərində insan dərisindən istifadə edildiyi ehtimal olunur.
1800-cü illərdə baş vermiş Korder işi bu günə qədər bir çox kitab və filmin mövzusu olub. Lakin Korderin cəsədinin bu şəkildə nümayiş etdirilməsi etik mübahisələrə səbəb olub. The Guardiana danışan “Dəhşətli Tarixlər” silsiləsinin yaradıcısı Terri Diri bu kitabları “xəstəlik” adlandırıb və onların nümayiş üçün uyğun olmadığını bildirib.
Digər tərəfdən, West Suffolk Şurasının irs üzrə eksperti Daniel Klark hesab edir ki, bu əsərlər sərgilənməlidir. Onun fikrincə, bu əsərlər dövrün ədliyyə sistemini və ictimai quruluşunu əks etdirir. "Biz bu əsərlərə ədəbsiz bir obyekt kimi deyil, keçmişə açılan bir pəncərə kimi baxırıq," – deyə o bildirib.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı