"İncəsənətin inciləri" rubrikası "Tərəvəz bağbanı" əsərini təqdim edir.


İtalyan rəssam Giuseppe Arcimboldonun 1587-1590-cı illər arasında yaratdığı “Tərəvəz bağbanı” (italyanca: L'ortolano) əsəri sənət tarixində qeyri-adi yanaşması ilə seçilir. Rəsm hal-hazırda İtaliyanın Cremona şəhərində yerləşən Museo Civico Ala Ponzone muzeyində sərgilənir. Bu əsər təkcə bir rəsmdən ibarət deyil, o, həm ikiqat görüntü, həm də sənət və insan zehni arasında oyun yaradır. Rəsmin bir tərəfinə baxdıqda qabda yığılıb düzülmüş tərəvəzlər görünür. Amma əsəri tərsinə çevirdikdə bu tərəvəzlərin insan üzünə çevrildiyinin şahidi oluruq. Bu, pareidoliya adlanan vizual fenomenin sənətdəki bənzərsiz nümunəsidir. Arcimboldonun bu rəsmdə yaratdığı üz sadə bir portret deyil. Araşdırmalara görə, əsərdə Priapusa (məhsuldarlıq və bağların qədim bütpərəst tanrısı) işarə edilə biləcək simvollar var. Bu da əsərə mitoloji qat əlavə edir və tamaşaçını düşündürməyə vadar edir.
Rəssamın yaradıcılığında insan fiqurlarını meyvə, tərəvəz, çiçək və digər təbii elementlərdən istifadə edərək formalaşdırmaq əsas üslub olub. “Tərəvəz bağbanı” əsəri də məhz bu üslubun parlaq nümunəsidir. O, təbiəti və insanı birləşdirərək onları ayrılmaz bir varlıq kimi təqdim edir.
Arcimboldo yalnız bu əsərlə deyil, həm də məşhur “Meyvə səbəti” və “Aşpaz” rəsmləri ilə də yadda qalıb. O, təbiətə olan sevgisini sənətə çevirib və dövrünün ən yaradıcı rəssamlarından biri kimi tarixə düşüb.
Hazırladı: Talehə Hüseynzadə
