1960-cı illərin Britaniyasında Böyük Qatar Soyğunundakı cəsarət və oğurlanan pulun miqyası xalqı valeh edib. Amma 1964-cü ilin aprelində müttəhimlər məhkəmə qarşısına çıxanda, hakim belə cinayətlərin dözülməz olduğuna dair bir mesaj vermək istəyib. Ondan 14 il sonra, bir neçə məhkum danışıb.
1964-cü il 16 aprel tarixində, Robert Welch Aylesbury Ali Məhkəməsində məşhur soyğunla bağlı təqsirli bilinən 12 nəfərdən biri olub.
Soyğun necə baş verib?
1963-cü il 8 avqust saat 03:00-dan sonra Royal Mail-ə məxsus Qlazqodan Londona gedən gecə qatarı soyğunçular tərəfindən saxlanılıb. Onlar köhnə banknotlardan ibarət 2.6 milyon funt sterlinq (bu gün təxminən 50 milyon funt) oğurlayıblar. Məhkəmə zamanı polis hələ də cinayətdə iştirak edən üç nəfəri axtarıb.
Bu peşəkar soyğunu planlamaq üçün Londonun iki böyük cinayətkar dəstəsindən olan 15 nəfər birləşib. Əvvəlcə, telefon xətləri kəsilib ki, həyəcan siqnalı verilməsin. Daha sonra qatar siqnalları manipulyasiya olunub. Qırmızı işıq verən siqnal qurulub ki, qatar dayansın. Qatarın sürücüsü Jack Mills qırmızı işığı görüb qatarı saxlayıb, onun köməkçisi David Whitby isə səbəbi öyrənmək üçün telefona gedib. Amma telefon işləmiyib və o zaman maskalı kişilər ona hücum edib. Eyni anda digər bir maskalı şəxs Mills-ə hücum edərək başına zərbə endirib, onu huşsuz hala salıb.
Soyğunçular pulun qatardakı ilk iki vaqonda olduğunu biliblər. Bu həftəsonunun bayram olması səbəbindən qatarda adi günlərdən daha çox pul olub. Qatarda polis olmuyub, amma 70-dən çox Poçt İdarəsi əməkdaşı olub, onlar arxa vaqonlarda məktubları çeşidləyiblər. Soyğunçular iki pul vaqonunu ayıraraq əvvəlcədən təyin olunan yerə doğru hərəkət ediblər. Amma gözlənilməz problem yaranıb: Soyğunçular üçün təyin olunan sürücü qatarı hərəkətə gətirə bilməyib. Nəticədə, huşsuz vəziyyətdə olan orijinal sürücü Mills ayağa qaldırılıb, hədələnib və qatarı sürməsi tələb olunub. O, qatarı bir mil qabağa – soyğunçuların gözlədiyi yerə sürə bilib.
Bridego körpüsündə qatar dayanıb, soyğunçular vaqonlara girərək poçt işçilərini yerə uzandırıblar və Mills ilə Whitby-ni qandallayıb içəri gətiriblər.
Soyğunçular planlayıblar ki, cəmi 15 dəqiqə ərzində 120 kisə (təxminən 2.5 ton pul) boşaldıb, nə varsa götürəcək, qalanını isə qoyub gedəcəklər. Onlar insan zənciri düzəldərək pulları Land Rover-lərə daşıyıblar və sonra gecənin qaranlığında yoxa çıxıblar.
Hadisənin cəsarəti və oğurlanan pulun miqyası xalqın təsəvvürünü ələ keçirib. Mətbuatda davamlı şəkildə bu barədə başlıqlar dərc olunub. Amma soyğun nə qədər mükəmməl görünsə də, bir il ərzində əksəriyyəti tutulub.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
