Keçmişdə yaşamış canlıları anlamaq alimlər üçün həm maraqlı, həm də çətin bir işdir. Xüsusilə də nəsli tükənmiş heyvanların necə göründüyünü öyrənmək bu araşdırmaların ən maraqlı hissələrindən olub.

Bəs milyonlarla il əvvəl yaşamış bir dinozavrın və ya yaxın zamanlarda yox olmuş bir quşun nə rəngdə olduğunu necə öyrənə bilərik?
Əslində bu sualın cavabı elmi texnologiyaların köməyi ilə aparılan diqqətli araşdırmalarda gizlidir. Fosillər yalnız sümüklərlə yox, həm də dəri, lələk və ya pulcuqların mikroskopik izləri ilə məlumat verir. Bu izlər sayəsində alimlər heyvanların hansı rəngdə olduğunu təxmin edə bilirlər.
Son illərdə paleontologiyada edilən mühüm bir kəşf göstərib ki, qədim heyvanların rənglərini müəyyən etmək mümkündür. Bu, melanosomlar adlı mikroskopik strukturlar sayəsində baş verir. Melanosomlar lələklərdə və dəridəki rəng piqmentlərini daşıyır. Alimlər fosillərdə bu strukturların formasını və necə yerləşdiyini araşdıraraq heyvanın hansı rəngdə olduğunu təxmin edə bilirlər. Məsələn, uzun və nazik melanosomlar adətən qara və ya boz rəngləri, yuvarlaq olanlar isə qırmızı və ya qəhvəyi rəngləri göstərir.
Beləliklə, alimlər, məsələn, bir dinozavrın qırmızı-narıncı lələkləri olduğunu və ya bir quşun ağ-qara naxışlara sahib olduğunu müəyyən edə bilirlər. Ancaq hər zaman canlıların dəqiq rənglərini bilmək mümkün olmur. Çox vaxt bu analizlər yalnız ehtimal olunan rəng palitrası haqqında fikir verir.
Son zamanlarda nəsli kəsilmiş növlərlə bağlı elmin üstünlüyü daha da artıb. Fotoşəkillər, yazılı sənədlər, muzeylərdə saxlanılan nümunələr və yerli əhalinin hekayələri sayəsində bu heyvanların rəngi barədə daha dəqiq məlumat əldə etmək mümkündür. Məsələn, Tasmaniya pələnginin və ya dodo quşunun rəngini həm qədim təsvirlərdən, həm də qorunmuş qalıqlardan öyrənmək olar.
Bir sözlə, təbiətin tarixini anlamaq üçün elm təkcə sümüklərə deyil, onların buraxdığı mikroskopik izlərə də nəzər yetirir. Bu araşdırmalar sayəsində təkcə fosillər deyil, onların rəngli hekayələri də gün üzünə çıxır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
