Son illərdə biotexnologiya sahəsində böyük maraq doğuran CRISPR, gen mühəndisliyi sahəsində inqilabi bir metod sayılır. Bəs CRISPR gen redaktə üsulu nədir və nə üçün bu qədər önəmlidir?

CRISPR nədir?
CRISPR (Clustered Regularly Interspaced Short Palindromic Repeats) bakteriyaların viruslara qarşı istifadə etdiyi təbii müdafiə sistemindən ilham alınaraq yaradılmış bir gen redaktə texnologiyasıdır. Bu üsul alimlərə DNT üzərində çox dəqiq və məqsədli dəyişikliklər aparmağa imkan verir.
Necə işləyir?
CRISPR texnologiyasının əsas hissəsi Cas9 adlı fermentdir. Cas9, hədəf seçilmiş DNT hissəsini tapır və onu kəsərək lazımsız genləri çıxarmağa və ya yeni genetik məlumat əlavə etməyə imkan yaradır. Bu sistem sayəsində laboratoriyada genlər üzərində dəyişiklikləri sürətli, ucuz və effektiv şəkildə aparmaq mümkündür.
Harada istifadə olunur?
Bu gün CRISPR texnologiyası xərçəngin müalicəsi, irsi xəstəliklərin düzəldilməsi, kənd təsərrüfatında daha davamlı bitkilərin yaradılması və nəsli tükənməkdə olan canlıların genetik quruluşunun qorunması kimi bir çox sahədə istifadə olunur. İnsan embrionları üzərində aparılan araşdırmalar isə etik müzakirələrə səbəb olur.
Etik debatlar və gələcək perspektiv
CRISPR texnologiyası böyük imkanlar yaratsa da, eyni zamanda müəyyən narahatlıqlara da səbəb olur. Məsələn, 'dizayner körpələr' anlayışı insan genlərinə nə dərəcədə müdaxilə olunmalı olduğu sualını ortaya çıxarır. Mütəxəssislər bu texnologiyanın yalnız nəzarət altında və etik qaydalara uyğun şəkildə istifadə edilməsinin vacib olduğunu vurğulayırlar.
Elm dünyasında inqilab yaradan CRISPR, xüsusilə genetik xəstəliklərin müalicəsində böyük ümidlər vəd edən bir texnologiyadır. Ancaq bu güclü alətdən məsuliyyətlə istifadə etmək, insanlığın gələcəyi baxımından son dərəcə vacibdir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
