Bu gün:

Vüqar Baba: “Bizim jurnalistika ilə onlarınkı arasında yerlə göy qədər fərq var”



24media.az-ın budəfəki müsahibi Media və PR mütəxəssisi Vüqar Babadır. V.Baba peşəkar jurnalistlər, bu sahədə təhsilin önəmi, xarici və yerli jurnalistikanın fərqləri, televiziya kanallarının mövcud durumu ilə bağlı bir sıra suallarımızı cavablandırıb:

- Son zamanlar “peşəkar  jurnalist” ifadəsi ilə tez-tez rastlaşırıq. Sizcə, peşəkar jurnalist kimdir, hansı keyfiyyətlərə sahib olmalıdır?

- Düşünürəm ki, peşəkar  jurnalistin nəzəri biliklərinin olması mütləqdir. Jurnalistika təhsili arzuolunandır, lakin şərt deyil, kurslarda bu sahəni işini bilən mütəxəssislərdən öyrənməsi də kifayət edər. Nəzəri biliklərlə yanaşı, müəyyən qədər təcrübəsi olanları peşəkar adlandıra bilərik.

- Bakı Dövlət Universitetində təhsil almısınız. Həmin dövrdəki jurnalistika fakültəsinin tələbələri ilə indiki tələbələr arasındakı fərqlər varmı?

- Fikrimcə, qabiliyyət imtahanı jurnalistikanı məhv etdi. Jurnalistika dəqiq elmdir, yaradıcılıq elmi deyil, publisistika, əsər, şeir, roman yazmaq deyil. Jurnalistika faktların hesablanmasıdır, riyaziyyata daha yaxındır, nəinki ədəbiyyata. Təəssüf ki, bizdə elə düşünürlər ki, inşa yaza bilən daha yaxşı jurnalist olacaq. Nəticədə, jurnalistlər tənbəlləşir, araşdırma işi yazmaqda çətinlik çəkirlər, bədii cümlələri ard-arda düzürlər. Elə bunun nəticəsidir ki, hazırda jurnalistikada taftalogiyalara yer verilir, boş tərif, tənqid, hətta təhqir dolu yazılar günü-gündən artır.

- Bizim jurnalistika ilə xarici ölkələrin jurnalistikası arasında hansı fərqlər görürsünüz?

- Qərbdə olanda tələbə qismində bir sıra təlimlərdə iştirak edirəm. Bizim jurnalistika ilə onlarınkı arasında yerlə göy qədər fərq var. Onlar statistika, data ilə danışırlar. Müasir dövrün ən böyük istiqamət axınlarından biri elə data jurnalistikasıdır- məlumat üzərində həyata keçirilən jurnalistika. Jurnalistlər daha çox proqramlaşdırmağa meyil edirlər, ölkədə hansısa iqtisadi məsələni təhlil edə bilmək, qrafiklər hazırlaya bilmək üçün  “Excel” və s. kimi proqramlar öyrənirlər. Bizim uzun cümlələrlə verdiyimiz məlumatı qərblilər qrafik ilə göstərirlər. Bizdə “maaşlar artdı” deyib məsələni el diliylə desək, “yola verirlər”, onlar isə real nəticəni ortaya qoya bilirlər.

- Artıq xeyli vaxtdır ki, Azərbaycan telekanallarında nöqsanlı hallar, aparıcıların qeyri-etik davranışları cəmiyyətdə narazılıqla qarşılanır. Çoxları belə halları savadsızlıq, təcrübəsizlik ilə əlaqələndirsə də, günahı televiziya rəhbərliyində axtaranlar da az deyil. Bəs siz necə düşünürsünüz?

- Məncə, aparıcıların, jurnalistlərin bir qismi savadsız və qeyri-peşəkardır. Media göz önündə olduğu üçün mənfi və ya müsbət cəhətlər daha çox gözə çarpır. Bəzən maddi səbəblər də olur, peşəkar jurnalist müəyyən yaşa, təcrübəyə gəlib çatır, aldığı məvacib qarşılığında çalışmaq istəmir və meydan qalır ya yeni başlayanlara, ya da danışmaqdan başqa əlindən bir iş gəlməyənlərə. Amma bu o demək deyil ki, jurnalistlərin qeyri-etik davranışları onlara haqq qazandırır. Bəzi televiziya rəhbərlərində də günah var. Onlar reytinq, reklam, pul xatirinə hansısa nöqsanlı hala göz yumur, hətta belə halların yaranması üçün bəzən bilavasitə şərait yaradırlar. Onu da qeyd etmək istəyirəm ki, tələbkar ictimaiyyət bayağı verilişlərə, səviyyəsiz xəbərlərə, eləcə də adını xəbər qoyan media saytlarına son qoya, medianın bir qədər peşəkarlaşmasına təsir edə bilər.

- Qeyri-peşəkarlığın universitetlərdə ixtisasdan çox qeyri-ixtisas fənlərinin tədrisi ilə əlaqəsi ola bilərmi?

- Jurnalistin ümumi dünyagörüşü olması yaxşıdır, amma əvvəlcə öz sahəsini dərindən öyrənməlidir. Onun işi məlumatı bilmək deyil, məlumatı bilənləri bir-birinə calamaq, bu sahədə müxtəlif ekspertlər tapıb cəmiyyəti məlumatlandırmaqdır.

- İctimaiyyəti narahat edən və ən çox müzakirə edilən məsələlərdən biri də kanallarımızda keyfiyyətsiz əyləncə və şou xarakterli verilişlərin sayının günü-gündən artmasıdır. Sizcə, kanallarda maarifləndirici verilişlərin azlığı nə ilə bağlıdır?

- Ümumiyyətlə, medianın funksiyaları maarifləndirmək, əyləndirmək və bilgiləndirməkdir. Burada iki tərəf var. Əyləncəyə geniş yer ayıran media qurumları deyir ki, tələbat belədir, ona görə, biz əyləncə proqramlarının sayını artırmışıq. Müəyyən qədər haqlı ola bilərlər, amma mən burada ikinci tərəfi müdafiə edirəm. Təəssüf ki, bizim mediamız Türkiyə meyillidir. Deyə bilərəm ki, 10 il bundan öncəyə qədər Azərbaycan mediası qat-qat peşəkar idi, sonra məşhurluğa görə, Türkiyə mediasını nümunə götürdülər və mediamız cılızlaşmağa, bayağılaşmağa, xırdalanmağa başladı. Zənnimcə, bu yenə qeyri-peşəkarlığa və maliyyəyə gəlib çıxır. Qonşu ölkələr arasında ən peşəkar media Rusiya mediası hesab oluna bilər, onlar elmə, araşdırmaya daha çox diqqət ayırırlar. Bizim media maarifləndirici, bilgiləndirici işlərdən qaçır. Çünki bu vaxt, pul və peşəkarlıq tələb edir.

- Bəzən reytinq xatirinə jurnalistlər efirdə, eləcə də öz yazılarında qeyri-etik ifadələrdən istifadə edirlər. Bu hala münasibətiniz necədir?

- Bunun təməlində savadsızlıq dayanır. Düzgün şəkildə cəmiyyətin diqqətini çəkə bilmədiklərinə görə, belə ifadələrə üstünlük verir və baxış sayını artırmaq istəyirlər. Reklam şirkətləri daha çox oxunan, izlənənə reklam verirlər, sözsüz ki, bunun yerinə keyfiyyətli işləri olanları önə çəksələr uğurlu addım atarlar. Məsələn, yeniyetmələrin oxuduğu sayta hər gün 100 min baxış sayı gəlir, ağıllı reklam verən avtomobil şirkəti o sayta reklam yerləşdirməz. Çünki orada onların potensial alıcı kütləsi yaranmayacaq. Əsas peşəkarlıqdır. Özünə hörmət edən və yaxşı məvacib alan jurnalist cəmiyyəti düşünərək düzgün, dəqiq danışar və yazar.

- Son olaraq, gənc həmkarlarınıza hansı məsləhətləri verə bilərsiniz?

- Məsləhətim o ola bilər ki, müəllimlərinizdən möhkəm yapışın, çalışın çox öyrənin, tələb edin. Təhsil aldığınız müddətdə işləməyə çalışın. O zaman dərsi də daha yaxşı başa düşəcəksiniz, işin də içində olacaqsınız, gələcəkdə sizdən təcrübə tələb ediləndə bu yerlər sizin köməyinizə çatacaq. Pulsuz işləyin. Mən özüm 1 il yarım pulsuz işləmişəm. İxtisasınızla bağlı təlim və seminarlarda iştirak edin. Vaxtınızı itirməyin, həvəsli olun, can atın. Əgər bu gününüzü düzgün dəyərləndirməsəniz, sizlər də o bəyənmədiyiniz televiziya işçilərinin davamçıları olacaqsınız.

Paylaş
Şərh əlavə et