Tarix boyu elm və fəlsəfə aləmində dərin izlər buraxan çoxlu adlar olub. Bununla belə, bəzi mütəfəkkirlər təkcə elmə verdikləri töhfələrlə deyil, həm də ideyaları uğrunda apardıqları mübarizələrlə yadda qalırlar.

16-cı əsrin ən mübahisəli və cəsarətli filosoflarından biri olan Giordano Bruno haqqında maraqlı məlumatlar təqdim edirik:
Giordano Bruno kimdir?
Giordano Bruno 1548-ci ildə İtaliyanın Nola şəhərində anadan olub. Əsl adı Filippo Bruno olan bu mütəfəkkir gənc yaşlarında Dominikan ordeninə qoşularaq keşiş olub. Lakin onun klassik katolik təlimlərinə şübhəli münasibəti səbəbindən kilsə ilə əlaqələri getdikcə zəifləyir.
Bruno fəlsəfə, riyaziyyat və astronomiya ilə yaxından maraqlanıb. Xüsusilə Kopernikin heliosentrik kainat modeli üzərində işləyib. Lakin onun ən böyük və ən mübahisəli fikri kainatın sonsuz olması və dünyadan kənarda həyatın ola biləcəyi fikri olub.
Brunonun elmə və fəlsəfəyə töhfələri
Bruno təkcə filosof deyil, həm də alim olub. İntibah humanizmi ilə formalaşan düşüncələri onu sxolastik (orta əsrlər) fəlsəfəsindən kənara çıxarıb. Brunonun ən mühüm töhfələri bunlardır:
1. Sonsuz kainat və çoxlu dünyalar nəzəriyyəsi
Bruno kainatın sonsuz olduğunu, yalnız Günəş sistemindən ibarət olmadığını və Yerin kainatın mərkəzi sayılmadığını müdafiə edib. O, həmçinin başqa planetlərdə həyatın mövcud ola biləcəyini irəli sürüb. Bu fikirlər dövrün Aristotelçi və kilsə mərkəzli dünyagörüşü ilə ziddiyyət təşkil edirdi.
2. Panteist fəlsəfə və Tanrı anlayışı
Onun fikrincə, Allah kainatın hər yerində mövcuddur və kainatın özü Tanrıdır. Bu baxış, xristianlıqda qəbul edilən yaradan, yəni Tanrı anlayışına zidd olduğu üçün bidət sayılıb.
3. Elmi düşüncəyə töhfələr
O, Nikolay Kopernik və İohannes Keplerin işlərini daha da inkişaf etdirib və Qalileo Qalileydən əvvəl Kopernik modelini müdafiə edənlərdən biri olub. Eyni zamanda, yaddaş texnikası və əzbərləmə ilə bağlı araşdırmaları müasir koqnitiv psixologiyaya ilham verib.
İnkvizisiya tərəfindən məhkəmə və edam
Brunonun ideyaları Katolik Kilsəsi üçün ciddi təhlükə hesab olunurdu. Avropanın bir çox ölkəsini gəzəndən sonra o, 1591-ci ildə Venesiyada inkvizisiya tərəfindən həbs edilir və daha sonra Romaya aparılaraq uzun müddət mühakimə olunur. Kilsənin tələblərini qəbul etməkdən imtina edir və öz ideyalarından əl çəkmir. Nəticədə, 1600-cü ildə Romada diri-diri yandırılaraq edam edilir.
Giordano Brunonun mirası
Ölümündən sonra Bruno elm və fəlsəfə aləmində azad düşüncənin simvoluna çevrilib. Bu gün müasir elm onun irəli sürdüyü bir çox fikirlərin doğruluğunu sübut edib.
19-20-ci əsrlərdə astronomiya və astrofizika tədqiqatları Brunonun çoxlu dünyalar nəzəriyyəsini təsdiqləyib. Kainatın sonsuzluğu və həyatın mümkünlüyü bugünkü astrobiologiyanın əsas mövzularından birinə çevrilib. 1889-cu ildə Romada Kampo de' Fiori meydanında Brunonun heykəli ucaldılıb.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
