Bu gün:

Gizli müştəri nədir?


Hər bir biznesin inkişaf etmək üçün seçdiyi müxtəlif üsullar var və gizli alış-veriş bu metodlardan biridir. Gizli alıcı adi müştəri kimi davranır, lakin əsas məqsədi biznesin zəif tərəflərini üzə çıxarmaqdır.

“Mystery Shopper” nədir?

Gizli alış-veriş vacib bir işdir və bu, biznesin real baxışdan keçməsi deməkdir. Gizli alıcının müxtəlif vəzifələri ola bilər. Məsələn, evdən məhsul sifariş etmək və ya real ziyarət etmək. Bir şirkətin müxtəlif filiallarını ziyarət etmək də gizli bir alış-veriş ola bilər.


Bu vəzifələr yalnız müəssisəyə baş çəkməklə məhdudlaşmır. Şirkətlər gizli alıcıdan müəyyən əməliyyatları yerinə yetirməsini də tələb edə bilərlər. Məsələn, gizli alıcı ziyarət etdiyi restoranın şəklini çəkib sənədləşdirə və ya yeməklərin təqdimat müddəti haqqında öz rəyini bildirə bilər.


Nəticədə, gizli alıcıların təkcə ziyarətlə məhdudlaşmayan müxtəlif vəzifələri olur. Ziyarətin sonunda onlar şirkətə hesabat təqdim etməlidirlər. Bu işi görən insanları adi müştəridən ayırd etmək mümkün deyil. Gizli alıcı, adətən, xərclərini əvvəlcədən öz cibindən ödəyir, lakin bəzi hallarda bu xərclər sonradan şirkət tərəfindən qarşılanır.


Gizli alıcı, əlavə təfərrüatları öyrənmək üçün ziyarət etdiyi restoran və ya müəssisəyə müəyyən suallar verə bilər. O, həmçinin aldığı fakturaları saxlayır və prosesin sonunda hesabatla birlikdə cavabdeh olduğu şirkətə təqdim edir.


Kim gizli alıcı ola bilər?

Gizli alıcılar müxtəlif tapşırıqları yerinə yetirirlər. Onlar restorana gedib yemək sifariş edə və ya texnologiya mağazasında məhsullar haqqında məlumat ala bilərlər. Arzu edən hər kəs gizli alıcıya çevrilə bilər. Bu o deməkdir ki, bu işi görmək üçün heç bir xüsusi təlimə ehtiyacınız yoxdur. İnsanın özünü minimum səviyyədə ifadə edə bilməsi, oxuyub, yaza bilməsi kifayətdir.


Gizli alıcı nə qədər işləyir?

Hazırda minlərlə gizli müştəri var. Bu heyətə hər gün yeni işçilər əlavə olunur. İş saatlarını nəzərdən keçirərkən, dəqiq sabit saatın olmadığını söyləmək olar.


İş şəraiti şirkət tərəfindən təyin olunan işə görə dəyişir. Gizli alıcıların gəlir maddələri də dəyişir. Məsələn, gizli alıcı nağd pul və ya hədiyyə şəklində fayda əldə edə bilər. Alış-veriş biletləri və ya endirimlər də gizli alıcılara təklif edilən üstünlüklər arasındadır.


Ümumiyyətlə, gizli alıcı şirkətdən gələn tələb əsasında vaxtaşırı işləyə bilər. Bəzi tapşırıqlar saatlarla, bəziləri isə bir neçə dəqiqə çəkir.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et