Bu gün:

İstiqlal şairi Əhməd Cavad


"Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” şeiri ilə yaşayan Əhməd Cavad... Şeirin sözləri 1914-cü il noyabrın 15-də Osmanlıların Birinci Dünya Müharibəsində iştirakını izləyən Azərbaycanın xalq şairi Əhməd Cavad tərəfindən yazılmışdır. 1918-ci ilin əvvəlində məşhur Azərbaycan bəstəkarı və ziyalısı Üzeyir Hacıbəyli tərəfindən bəstələnmişdir, çünki Nuri Paşanın komandanlığı ilə türk ordusu Azərbaycan türklərini soyqırımdan xilas etmək üçün Azərbaycana göndərilmişdi.

Əsər ilk dəfə 1919-cu ildə Əhməd Cavadın ikinci poeziya kitabı olan “ Dalğa”da nəşr edilmişdir. Şeirin əlyazmasının müsadirə olunduğu, Əhməd Cavad bolşeviklər tərəfindən həbs edildikdən sonra yandırıldığı qəti şəkildə güman edilir. Üzeyir Hacıbəylinin bəstəsi ilə yazılmış əsərin qeydi yoxdur. Bildirilir ki, “Çırpınırdı Qara dəniz” bəstəsinin notları 1918-ci ildə bəstəkarın evi ermənilər tərəfindən yandırılanda məhv olub. Digər mənbələrdə qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Hacıbəyli İrana köçərkən itib. Hazırda istifadə olunan not 1990-cı ildə İstanbul Texniki Universitetinin Prof. Dr. Süleyman Şenel tərəfindən Üzeyir Hacıbəylinin ev muzeyinə təqdim edilib. “Çırpınırdı Qara dəniz” əsəri Azərbaycanda ilk dəfə 1920-ci ildən sonra 1992-ci il martın 10-da Əhməd Cavadın Respublika sarayında keçirilən 100 illik yubiley gecəsində səsləndirilib.

Azərbaycan Xalq Şairi Əhməd Cavad (1892–1937)

Əhməd Cavad (Cavad Axundzadə) 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Babası Axund Cənubi Azərbaycandan mühacir olub. Atası Məhəmmədəli kənddə molla kimi tanınsa da, din xadimi deyildi. Savadlı, mədəni olduğu üçün onu belə çağırırdılar.

Altı yaşında atasını itirib. O, anası ilə Gəncə şəhərində yaşayan ögey qardaşlarının yanına gedib. Onların maddi dəstəyi ilə 1906-cı ildə Gəncədəki Şah Abbas məscidinin tərkibindəki mədrəsəyə daxil olub. İbtidai təhsilini kənd məktəbində, molla mədrəsəsində alan və 7 yaşında Quran oxumağı bacaran Əhməd Cavad mədrəsənin ən istedadlı tələbələrindən biri idi. Mədrəsədə ərəb, fars və rus dillərini öyrənmişdir. Xarici dillərlə yanaşı, tarix və ədəbiyyatla da maraqlanırdı. O, ilk şeirlərini mədrəsədə oxuyarkən yazıb. O, müəllimi, tənqidçi və ədəbiyyat tarixçisi Abdullah Surdan (1883–1912) dəyərli məsləhətlər alır. Bəzi mənbələrdə Əhməd Cavadın 1912-ci ildə mədrəsəni bitirərkən Balkan müharibəsi zamanı İstanbulda yaradılmış Qafqaz könüllü dəstəsinin tərkibində Trakya cəbhəsində döyüşdüyü bildirilir.

Çox gənc olmasına baxmayaraq, Əhməd Cavad 20-ci əsrin əvvəllərində türkçülüyü tərənnüm edən və türk millətçiliyi ideyasını irəli sürən ilk Azərbaycan şairlərindən biridir. 1913-cü ildə müəllim kimi fəaliyyətə başlamışdır. 1915-1916-cı illərdə Gürcüstanın paytaxtı Batumidə yaşayıb. Buradakı görkəmli və varlı ailələrdən olan Süleyman bəyin qızı Şükriyyə xanımla evlənib. Eyni zamanda, Birinci Dünya Müharibəsi illərində öz vətənlərində ermənilər və ruslar tərəfindən zülmə məruz qalan türklərə yardım edib. 1920-ci ildə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra Əhməd Cavad üçün təhqir və təqiblərlə dolu çətin və yorucu bir həyat başlayır. 1923-cü ilin sonlarında gizli polis-Çeka tərəfindən həbs edilsə də, bir müddət sonra günahı sübuta yetirilmədiyi üçün sərbəst buraxılır. Lakin gizli axtarışlar ömrünün sonuna qədər davam edir. 

1925-ci ildə Ali Pedaqoji İnstitutunu bitirmişdir. 1924-1926-cı illərdə Bakıda Ədəbi Cəmiyyətin sədri olub. 1925-ci ildən “İnqilab və mədəniyyət” jurnalının direktoru olub. 1927-1934-cü illərdə Bakıda və Gəncədə orta məktəb və institutlarda Azərbaycan türkcəsi və ədəbiyyatı müəllimi işləmişdir. 

1935-ci ildə Bakıya qayıdıb “Azərnəşr”də (Azərbaycan Dövlət Nəşriyyatı Təşkilatı) işləməyə başlayır. 1936-cı ilin sonlarında Türkiyəyə heyran olduğuna və türk mətbuatında şeirlərinin dərcinə görə vəzifəsindən uzaqlaşdırılır. 1931-ci ildən bəri açıq şəkildə davam edən təqib və ittihamlar qəzetlərdə yayılan böhtanları artır. Əhməd Cavad 1937-ci ildə əksinqilabi fəaliyyət və pantürkizm kimi saxta və uydurma ittihamlarla həbs edilmiş və hərbi məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilmişdir. 1937-ci ilin sonunda şair güllələnir. Əhməd Cavadın poetik şəxsiyyəti 1920-ci il bolşevik inqilabına qədər yazdığı şeirlərdə özünü göstərir. 1920-1936-cı illərdə şair daimi və ciddi nəzarət altında idi. Onun hər yeni şeirində, misrasında siyasi rəng, siyasi məna, ifadə axtarılırdı. Hətta onun emosional və qəmli şeirləri də onun yeni rejimə qarşı çıxmasının simvolu kimi qəbul edilirdi. Bolşevik rejiminin təzyiqi altında şair bəzən öz düşüncəsinə, fikrinə zidd misralar yazmalı olurdu. Elə misal çəkdiyimiz “Moskva” (1930) poemasındakı kimi:

Bugünkü mənzərədən əvvəl mən uzaqlarda idim, 

Bilmirdim, Moskvaya düşmən kimi baxırdım 

Gəncliyimdə Müsavatın sözünə əməl etməklə, 

İllərlə həqiqətin mahiyyətinə göz yumdum. 

Azərbaycanın istiqlaliyyətində təkcə şeirləri ilə deyil, həm də şəxsi mübarizəsi ilə iştirak edən Əhməd Cavad 1918-ci ildə türk ordusu sıralarında Bakıya gələrək azadlığını qazanmış Azərbaycanı vəsf edən şeirlər yazır. Müsəlman dünyasında ilk respublika olan Azərbaycan Respublikası türkçülük, çağdaşlıq və islamçılıq əsasında formalaşmağa başlayan yeni, milli mədəni həyata bütün varlığı ilə qatılır. 1916-cı ildə “Qoşma” və 1919-cu ildə “Dalğa” poeziya kitabları nəşr olunur. Uzun illər ibtidai və orta məktəblərdə dərs deyir. Daha çox lirik şeirlər yazan şair şeirlərində xalqın həyatına, təbiətinə geniş yer verib. Araşdırmalara görə “Səsli qız”“Kür” adlı daha iki şeir kitabı var. O, başqa dillərdən də tərcümələr edib. Onun qələmi ilə Ömər Xəyyamın  rübailəri və Şota Rustavellinin “Pələng dərisi geyinmiş Pəhləvan” əsərləri Azərbaycan türkcəsinə tərcümə edilib. 

1955-ci ildə SSRİ Baş Prokuroru şairə qarşı irəli sürülən ittihamların əsassız olduğunu bəyan edərək Əhməd Cavada ölümündən sonra bəraət hökmü çıxarır. Onun günahsızlığı gec də olsa, dərk edilir.

Şeirləri XX əsrdə kitab şəklində çap olunan ilk 20-ci əsr Azərbaycan şairlərindən biridir.

Əsərləri

O, həm də Azərbaycan dövlət himninin müəllifidir. Onun şeirlərində romantizm üstünlük təşkil edir. Şekspirin “Otello” əsərini və Puşkinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. Əhməd Cavad həbsdə olarkən şairin əsərlərinin bolşeviklər tərəfindən müsadirə olunaraq yandırıldığı təxmin edilir.

Əhməd Cavad Türkiyənin Birinci Dünya Müharibəsi illərində ruslar tərəfindən işğal olunmuş ərazilərində “Bakı Müsəlman Cəmiyyəti” və “Qardaş yardımı-köməyi” xeyriyyə fondları vasitəsilə Anadolu türklərinə yardım işlərində iştirak edən şəxsiyyətlərdən biridir. 1917-ci ildə “Qardaş yardımı-köməyi” jurnalının redaksiya heyəti üzvü olub. Bununla bağlı indiyədək bir neçə mühüm elmi araşdırma aparılsa da, bu mövzu kifayət qədər öyrənilməmişdir.

Mənbə: Türk yurdu dergisi 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et