
OpenAI və Massaçusets Texnologiya İnstitutunun birgə araşdırmasına görə, ChatGPT kimi chatbotlardan istifadə tənhalıq hisslərini artıra bilər.
OpenAI-nin Massaçusets Texnologiya İnstitutu (MIT) ilə birgə apardığı yeni araşdırmaya görə, ChatGPT kimi süni intellektə əsaslanan chatbotlardan daha çox istifadə edən insanlar özlərini daha tənha hiss edə və sosial dairələri ilə daha az vaxt keçirə bilərlər.
Emosional bağlılıq riski
Dörd həftəlik araşdırmaya görə, ChatGPT ilə mətn və ya səslə söhbətlər iştirakçıların emosional təcrübələrinə birbaşa təsir göstərib. Tədqiqat göstərib ki, chatbotlardan daha çox istifadə edən insanlar özlərini daha tənha hiss edir və sosial çevrələri ilə daha az vaxt keçirirlər. Tədqiqat hələ ekspertlər tərəfindən nəzərdən keçirilməyib, lakin o, süni intellektlə insanın qarşılıqlı əlaqəsinə dair mühüm tapıntılar təqdim edir.Araşdırmaya görə, şəxsi mövzularda danışmaq qısa müddətdə tənhalıq hisslərini artırır, maraqlısı isə ümumi və şəxsi olmayan mövzularda söhbət etmək emosional bağlılıq yaratma riskini daha da artırır.
Tədqiqat necə aparıldı?
Tədqiqatçılar bir ay ərzində müxtəlif mənşəli 1000-ə yaxın insanı izləyiblər. İştirakçılar təsadüfi olaraq ChatGPT-nin yalnız mətn və ya iki fərqli audio versiyasına təyin edildi və onlardan gündə ən azı beş dəqiqə söhbət etmələri istəndi. İştirakçılardan bəziləri sərbəst söhbət edərkən, digərləri şəxsi və ya qeyri-şəxsi mövzularda danışdılar.Nəticələr göstərdi ki, insan münasibətlərinə daha çox emosional bağlı olan insanlar da chatbotlara daha çox güvənirlər və tənhalıq hisslərini daha çox yaşayırlar. Maraqlıdır ki, səslə qarşılıqlı əlaqənin daha mənfi nəticə ilə nəticələndiyinə dair heç bir sübut yox idi.
Tədqiqatın ikinci mərhələsində proqram təminatı vasitəsilə 3 milyon ChatGPT söhbəti təhlil edilib və istifadəçilərin chatbotla necə qarşılıqlı əlaqədə olması ilə bağlı sorğular aparılıb. Məlum oldu ki, insanların çoxu emosional dəstək məqsədilə ChatGPT-dən istifadə etmirlər.
2022-ci ilin sonunda istifadəyə verilən ChatGPT süni intellekt texnologiyalarına marağı artırıb. İstifadəçilər bu texnologiyadan kod yazmaqdan tutmuş şəxsi problemlərini paylaşmağa qədər müxtəlif sahələrdə istifadə edirlər.
Süni intellekt modellərinin daha çox insan kimi ünsiyyət qurma qabiliyyətinin artması bu sistemlərlə emosional bağlar yaratmaq riskini də gətirir. Xüsusilə gənclər və psixi sağlamlıq problemləri olan şəxslər üçün bu texnologiyaların mümkün emosional zərərləri ilə bağlı narahatlıqlar son vaxtlar yenidən gündəmə gəlib. 2024-cü ildə başqa bir chatbot tərtibatçısı, CharacterAI, uşaqda intihar düşüncələrini təşviq etdiyinə görə məhkəməyə verildi.
Mənbə: Donanımhaber
Tərcümə etdi: Sona Osmanova
