Bu gün:

“Peşəkar jurnalist olmadan müəllim olmaq olmaz” - dekan ilə MÜSAHİBƏ


Bu gün Azərbaycan Milli Mətbuatı 147 illiyini qeyd edir. 24Media bu münasibətlə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu ilə müsahibəni təqdim edir:


Vüqar müəllim, Azərbaycan mətbuatının dünənini və bu gününü necə xarakterizə edərdiniz?

- 147 illik tarixə malik Azərbaycan mətbuatı son dərəcə şərəfli və mübarizəli yol keçib. Milli maarifçiliyin şaxələnməsi məhz XIX əsrin ikinci yarısından başlayaraq, Azərbaycan mətbuatının formalaşması ilə start götürüb. Sonrakı mərhələdə milli dil, milli məfkurə və dövlət ideyalarının ortaya atılmasında, müzakirəsinin təşkilində mətbuatın böyük rolu olub. Nəticə etibarı ilə AXC-nin qurulmasına da təkan verib. Böyük məktəb yolu qət edib. Azərbaycan mətbuatı milli problemlərin həll edilməsi, maarifçilik ideyaları istiqamətində əvəzsiz xidmət göstərib. Bütün mərhələlərdə bunun şahidi olmuşuq. Azərbaycan mediasının 147 illik tarixi bir örnəkdir. Bu gün də diqqət etsək, görərik ki, mətbuat həmin ənənəni davam etdirir və yaşadır. Professional jurnalistika maarifləndirmə, bilgiləndirmə kimi meyarlarla çıxış edir. Ən vacib məqamlarda Azərbaycan mediasının mövqeyini, iştirakını görürük. Bu gün Azərbaycan jurnalistikası müxtəlif istiqamətlər üzrə inkişaf edib. Bunun bir sıra səbəbləri var. Birmənalı şəkildə ən başlıcası dövlət qayğısıdır. İstər yaradıcılıq azadlığının olması, istərsə də, jurnalistlərin peşə şəraiti ilə bağlı münbit şəraitin yaradılması qeyd edilməsi gərəkən vacib məqamlardandır.

Sizcə, fakültədə müəllim kimi fənn tədris etmək çətindir, yoxsa peşəkar jurnalist olmaq?

- Maraqlı sualdır. Peşəkar jurnalist olmadan müəllim olmaq olmaz. Müəyyən mənada jurnalistikanın həm nəzəri əsaslarını, həm də praktik vərdişlərini bilmək lazımdır ki, gələcəkdə də karyera yüksəlişi olsun. Ümumiyyətlə, mənim fikrimcə, peşəkar jurnalist olmadan bu sahə üzrə dərs tədris etmək çox çətin olar.

44 Günlük Müharibədə düşmənlə sosial şəbəkələrdə informasiya müharibəsi aparılırdı. BDU-nun Jurnalistika fakültəsinin tələbələri onlayn media üzərində xüsusi fəallıq göstərirlər. Gənclərimizin aktivliyini necə qiymətləndirirsiniz?


- Fakültəmizin tələbələri müsbət aktivliyi ilə seçildi. Xüsusilə, vurğulamaq istərdim, jurnalistika fakültəsinin tələbələri tarixi faktları, rəsmi xəbərləri müxtəlif dillərdə sosial şəbəkələrdə paylaşdılar, hətta ermənilərlə debata girdilər. Sözün həqiqi mənasında fakültə tələbələri özlərini yaxşı şəkildə göstərdi. Bu həm fərəhləndirir, həm də qürurlandırır. Bir məqamı da qeyd edim ki, müasir dövrdə sosial media vacib istiqamətdir. Sosial medianın öyrənilməsi, problemləri, fəlsəfəsi, mənə elə gəlir ki, yaxın illərdə çox ciddi şəkildə araşdırılacaq. Sosial media siyasi, geosiyasi proseslərə təsir gücünü özündə saxlaya bilən platformaya çevrilib. Düşmən ölkə də bizə qarşı apardığı informasiya müharibəsində bu platformadan istifadə edirdi. Əsasən də, bizim informasiya məkanına “fake” xəbərləri, dezinformasiyaları ötürməklə məşğul olurdular. Məsələn, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş saxta hesablarla dezinformasiyalar yayırdılar. Şübhəsiz ki, belə bir zamanda gənclərimiz ayıq və həssas olması ilə diqqət çəkdi. Düşmənin yalanlarını ifşa etmək, həqiqətləri çatdırmaq lazımdır. Təkcə fakültəmizin tələbərində deyil, ümumilikdə gənclərimizdə ruh yüksəkliyi gördük və bu çox sevindirici haldır.

Belə nəticəyə gəlmək olar ki, deziformasiyaların yayılması qeyri-peşəkar jurnalistlərin əməlidir. İxtisaslı və qeyri-ixtisaslı jurnalistlərin onlayn mediaya təsirini necə müqayisə etmək olar?

- Doğrudan da, çox ciddi məsələ ortaya çıxır. Ümumiyyətlə, vətəndaş jurnalistikasının inkişafı professional və həvəsləndirici jurnalistikada özünü göstərir. Bunu biz tələbələrimizə 1-ci kursdan öyrədirik ki, informasiya ilə iş prosesində operativlik nə qədər önəmlidirsə, obyektivlik və dəqiqlik də önəmlidir. Müqayisə etsək, şübhəsiz ki, tərəzi ikincinin xeyrinə ağır gələcək. Obyektivlik və dəqiqlik daha çox önəmlidir. Jurnalistika cəmiyyətə təsir edə biləcək sosial, siyasi institut kimi sosial məsuliyyət daşıyır. Jurnalistikanın normaları, prinsipləri, jurnalist etikası anlayışı var. Bu mənada həmişə obyektivliyi və dəqiqliyi əsas, vacib meyar olaraq hesab edirik. Professional jurnalistika üçün bunlar son dərəcə ciddi məqamlardır. Çox təəssüf ki, qeyri-peşəkar yanaşma, tələskənlikdən və informasiyanı birinci çatdırmaq iddiası heç bir halda peşəkarlıq sayıla bilməz. Çox düzgün məqama toxundunuz. Jurnalistikanın qızıl qaydası var. Bir xəbər ictimailəşməmişdən öncə ən azı üç mənbədən təsdiqini tapmalıdır. Əgər mənbələrdən təsdiqini tapmayıbsa, xəbəri yaymaq nə dərəcə doğrudur? Nə dərəcədə dəqiq xəbər verirsən? Bu kimi məqamlar çox önəmlidir. Ələlxüsus, müharibə şəraitində olan ölkənin jurnalistikası üçün vacib məsələdir.

İl ərzində jurnalistika tələbələrinin peşəkarlaşması istiqamətində nə kimi tədbirlər həyata keçirilib?

-Jurnalistika dinamik peşədir və şübhəsiz ki, daim yenilənir və bu ixtisasın ardınca gedənlərin qarşısında ciddi tələblər qoyulur. Bu səbəbdən artıq yalnız auditoriya saatları ilə kifayətlənmək olmur, eyni zamanda sabahın jurnalistləri üçün müxtəlif treninqlər və kurslar, təlimlər təşkil edilir. Məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrimizə həm də praktik vərdişlər aşılamaqdır. Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, fakültəmizdə bunun üçün hər cür şərait mövcuddur. Nəzəriyyə ilə praktikanın vəhdətini özündə təcəssüm etdirən jurnalistika ixtisası üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması, bu baxımdan yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir. Bu gün mediadan gözləntilər çoxdur. Bu gözləntilərə cavab verəcək peşəkar jurnalistlərin hazırlanması isə ciddi əhəmiyyət daşıyır. Hazırda təhsilin üç dildə aparıldığı (Azərbaycan, rus və ingilis) fakültəmizdə bakalavr pilləsinə bir - jurnalistika; magistratura pilləsinə isə 7 ixtisas - teleradio jurnalistikası, beynəlxalq jurnalistika, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, publisistik jurnalistika, mətbuat tarixi, radioteleviziya yayım menecmenti, media və kommunikasiya sistemləri üzrə qəbul keçirilir. Fakültədə tədris, elmi-metodik mərkəz kimi 4 kafedra - jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, mətbuat tarixi və ideoloji iş metodları, televiziya və radio jurnalistikası, beynəlxalq jurnalistika kafedraları; 1 tədris-teleradio studiyası; 1 qəzet laboratoriyası; 1 elmi tədqiqat laboratoriyası; “Barama” media mərkəzi, “Füyuzat” mərkəzi və onlayn media otağı fəaliyyət göstərir.

Tələbələrimizin nəzəri biliklərlə birgə praktik yöndən də müasir tələblərə cavab verən peşəkar kadr olaraq hazırlanmasını təmin etmək məqsədi ilə son illərdə əsasən bir necə istiqamətdə iş aparılır:

Fakültəmizdə 1984-cü ildən tədris-teleradio studiyası fəaliyyət göstərir. 2016-cı ildə TİKA-nın maliyyə dəstəyi ilə təmir edilən və ən müasir texniki avadanlıqlarla təchiz edilən yenilənmiş tədris studiyasında fakültə tələbələri tərəfindən müxtəlif teleradio verilişləri hazırlanır. Həftədə bir dəfə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində ”BDU TV XƏBƏRLƏR” informasiya bloku təqdim edilir. Eyni zamanda “Gələcəyin sədası”, “Riyazi reallıq” kimi maarifləndirici, “Maraq nöqtəsi”, “Tələbə bileti” adlı analitik televerilişlər, “BDU RADİO” studiyasında isə “Bu gün” və “Expromt” adlı maarifləndirici və musiqili radioverilişlər hazırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş 32 dəqiqəlik “100 ilin təntənəsində” sənədli filmi hazırlanaraq yayıma təqdim edilmişdir. Bundan əlavə, tələbələr “Bir ömürdə iki tale”, “Qazi”, “Uğurun başlanğıcı”, ”Heykəltaraş” adlı sənədli filmlər də hazırlamışlar. Verilişlərimiz “BDU TV” “YouTube” kanalı və sosial şəbəkələr vasitəsi ilə yayımlanır.

Fakültə tələbələrinin birbaşa iştirakı ilə “Jurnalist” tədris qəzetinin hazırlanması işi də uğurla davam etdirilir. Qəzetdə gedən materiallar, eyni zamanda “525-ci qəzet” və “Şərq” qəzetlərinin xüsusi əlavələri olaraq yayılır.

2017-ci ildə BDU-nun “Azercell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində jurnalistika fakültəsində “Barama” media mərkəzinin açılışı da əhəmiyyətli hadisə oldu. “Azercell” və PAŞA Bankın dəstəyi ilə yaradılan bu mərkəzin məqsədi media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün onları müxtəlif layihə, proqramlara cəlb etməkdir.

2019-cu ilin may ayının 22-də jurnalistika fakültəsinin nəzdində “Füyuzat” mərkəzinin açılışı oldu. Mərkəzin xətti ilə artıq ödənişsiz əsaslarla “media dizayn” kursları keçirilməkdədir və daha bir neçə kursun təşkili nəzərdə tutulur.

2017-ci ildən başlayaraq tələbələrimiz üçün praktik treninq və seminarların təşkil edilməsinə xüsusi diqqət ayrılıb. Treninq və seminarlar dərs saatlarından kənar vaxtda təşkil edildiyindən tədrisə mane olmadığı kimi, nəzəri biliklərin praktik yöndən daha da möhkəmlənməsinə, eləcə də tələbələrimizin ixtisasa daha da bağlanmalarına səbəb olmaqdadır. Bu mənada tələbələrimiz üçün keçirilən üç treninqi xüsusi vurğulamaq istərdik:

“Jurnalistlər klubu”nun yaradılmasında başlıca məqsəd gənc jurnalistlərin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirmək, onların peşəkar kadr olaraq hazırlanması işinə dəstək olmaqdır.

“Beynəlxalq jurnalistika məktəbi”nin yaradılmasında başlıca məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq jurnalistikanın, xarici media sistemlərinin, beynəlxalq təşkilatların media siyasətinin, diplomatiya və jurnalistikanın qarşılıqlı əlaqələrinin, qlobal informasiya məkanında informasiya təhlükəsizliyinin, informasiya müharibəsinin və digər mövzular üzrə təlimlərin keçirilməsi olub.

“Tələbədən tələbəyə” təlimində isə həm dinləyicilər, həm də təlimçilər tələbələrimizdir. Təlimin özəlliyi ondan ibarətdir ki, daha çox təcrübəsi olan yuxarı kurs tələbələri öz bilik və vərdişlərini aşağı kurslarda təhsil alan yoldaşları ilə bölüşürlər.

Jurnalistika fakültəsi son bir ildə müxtəlif dövlət strukturları və nazirliklərlə də müştərək treninq və təlimlərin təşkilinə ciddi önəm verməkdədir. 2019-cu ilin fevral ayında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Aqrar jurnalistika”, may ayında isə Vergilər Nazirliyi ilə birgə təşkil edilmiş “İqtisadi jurnalistika” təlim kurslarını qeyd etmək lazımdır. Hər iki kursda tələbələrimiz aktiv iştirak etməklə yanaşı, müvafiq sertifikatlarla da təltif ediliblər. Daha bir neçə nazirliklə profil istiqamətinə uyğun olaraq kursların təşkil edilməsi nəzərdə tutulub. Tələbələrin gələcəkdə işlə təmin edilməsini təmin etmək məqsədi ilə son bir ildə fakültəmizdə peşəkar media quruluşları rəhbərlərinin iştirakı ilə kastinqlər təşkil edilir. Bu kastinqlərin nəticəsi olaraq yuxarı kurslarda oxuyan tələbələrimizin bir çoxu AzTV, CBC, İTV, ARB, Real TV kimi ölkənin aparıcı televiziya kanallarında, eyni zamanda, bir sıra aparıcı internet portallarında, informasiya agentliklərində iş təklifləri almışlar. Keçirilən bu kastinqlərin nəticəsi olaraq 2018-ci il bakalavr buraxılışının təqribən 35 faizi hazırda istehsalatda çalışmaqdadır.

Jurnalistika fakültəsində təhsil alan tələbələrin dünyagörüşlərinin geniş olması, onların dövlətimizə və dəyərlərimizə daha möhkəm bağlı olmaları, yad təsirlərə məruz qalmamaları üçün mütəmadi olaraq millət vəkilləri, ictimai-siyasi xadimlər, aparıcı jurnalistlərimiz ilə maarifləndirici görüşlər təşkil edilməkdədir. Son iki il ərzində əlliyədək belə görüş keçirilib. Bu görüşlər haqqında məlumatlar həm universitet, həm fakültənin rəsmi saytlarında, həm də media qurumlarında geniş işıqlandırılıb.

Son olaraq, gənc tələbə-jurnalistlərə hansı məsləhətləri vermək istəyərdiniz?

-İlk növbədə dərslərə diqqət etməklə nəzəri biliklərə yiyələnməli və bunları praktik istiqamətdə tətbiq etməlidirlər. İstər seminarlarda, istər treninqlərdə, istərsə də, tədris teleradio studiyasında bu praktik imkanlar yaradılır. İkinci növbədə, dünyagörüşlərini genişləndirmələrini, mütaliə etməyi məsləhət görərdim. Jurnalist ağ ilə qaranı seçməyi bacarmalıdır. Həsən bəy Zərdabi: “hər qəzet öz ölkəsinin güzgüsüdür”, - demişdir. Jurnalist aydın, şəffaf güzgü olmağı bacarmalıdır. Bunun üçün də öz üzərində daima işləməlidir.

Sizi mətbuat günü münasibəti ilə təbrik edirik, müsahibə üçün təşəkkürlər!

-Mən də həm sizi, həm tələbələrimizi, həm də 24Media kollektivini mətbuat günü münasibətilə təbrik edir, işlərinizdə müvəffəqiyyət, yaradıcılığınızda uğurlar arzu edirəm. Ən əsası da pandemiya dövründə sağlamlıq...

Paylaş
Şərh əlavə et