"İncəsənətin inciləri" rubrikası bu dəfə Felix Nussbaumun "Qaçqın" əsərini təqdim edir.

Felix Nussbaum alman-yəhudi əsilli modernist rəssam olub. O, İkinci Dünya Müharibəsi dövründə nasistlər tərəfindən təqib edilən sənətkarlardan biri olub və əsərlərində dövrün ağrılı reallıqlarını əks etdirib. Onun həyat və yaradıcılığı faşizmin gətirdiyi faciələri sənətin dili ilə ifadə etməyə xidmət edib. "Qaçqın" (Refugee) adlı bu əsəri insanın müharibə və sürgün qarşısında yaşadığı tükənmişlik və ümidsizliyi dərindən əks etdirir.
Əsərin mərkəzində solğun işıq altında uzanan böyük bir masa və üzərində yer alan dünya kürəsi diqqət çəkir. Dünyanın özü qaranlıq və izolyasiya olunan bir mühitdə sanki həbs edilib. Arxa planda başını əlləri arasına alıb oturan, ümidsizlik içindəki bir insan fiquru görünür. Yanındakı çevrilmiş çəkmə və yerə düşmüş süzgəc onun ümidsiz halını daha da vurğulayır. Bu detallarla Nussbaum evindən didərgin düşmüş, gələcəyinə dair heç bir ümidi qalmayan qaçqının daxili sarsıntılarını təsvir edir.
Sol tərəfdə divarda açılan pəncərə və oradan içəri süzülən soyuq işıq, bir tərəfdən kənarda həyatın davam etdiyini göstərsə də, digər tərəfdən qəfəsdə qalan bir insanın azadlığa çıxmaq ümidini əks etdirir. Lakin uzaqda görünən, çarəsizcə kömək istəyən qollar qaçqının tək olmadığını, lakin hamısının eyni taleyi yaşadığını simvolizə edir.
Bu əsər, sadəcə bir tablo deyil. O, bir dövrün milyonlarla insanın faciəsini içində daşıyan vizual bir manifestdir. Nussbaumun fırçası ilə çəkilən bu səssiz fəryad müharibənin və təqiblərin insan ruhunda buraxdığı dərin yaraları açıq şəkildə ortaya qoyur. "Qaçqın" bizə xatırladır ki, tarixdə baş verən ədalətsizliklərə göz yummamaq, azadlığı və insan haqlarını qorumaq bəşəriyyətin əsas vəzifəsidir.
Hazırladı: Talehə Hüseynzadə
