Bu gün:

Clueless filminin mədəniyyətə təsiri


1995-ci ildə nümayiş olunan Clueless Jane Austenin Emma romanının müasir Los Anceles versiyasıdır. Filmin rejissoru və ssenari müəllifi Amy Heckerlingdir. Film təkcə bir məktəb komediyası kimi qalmayıb, həm də gənclər arasında modanı, dili və pop mədəniyyətini dəyişdirən bir əsərə çevrilib.

Filmin mövzusu və mesajı

Filmin əsas qəhrəmanı Cher (Alicia Silverstone) zəngin, ağıllı və bir qədər özünəinamlı bir qızdır. O ən yaxın dostu Dionne (Stacey Dash) ilə birlikdə məktəbin yeni şagirdi Tai-ni (Brittany Murphy) dəyişdirməyə çalışır. Lakin zaman keçdikcə Cher Tai-dən öyrənməyə və özünü daha yaxşı tanımağa başlayır. Film yalnız sevgi mövzusuna toxunmur, həm də dostluq, qadın həmrəyliyi və sosial fərqlər kimi mövzulara diqqət yetirir. Heckerlingin fikrincə, Clueless bu qədər sevilməsinin əsas səbəbi personajların dostluq münasibətlərinin real təsvir olunmasıdır.

Filmin təsiri və populyarlığı

Clueless 90-cı illərin ən böyük mədəni hadisələrindən birinə çevrilib. Film sayəsində tartan və preppy üslubu populyarlaşıb, gənclər arasında “As if!” kimi ifadələr yayılmağa başlayıb. Bəzi tənqidçilər filmi sadə bir məktəb komediyası kimi görsələr də, əslində o, Amerika cəmiyyətində plastik cərrahiyyə sənayesi, məşhurların saxta humanizmi, müəllimlərin aşağı maaşları kimi mövzularda satirik yanaşma təqdim edib.

Clueless filmi “Səndə nifrət etdiyim 10 şey”, “Zalım niyyətlər” və "Asan A” kimi klassik ədəbiyyata əsaslanan məktəb filmlərinə yol açıb. Bundan əlavə, bu, film və serial dünyasında gənc qızların dostluğu ətrafında qurulan hekayələr üçün ilham mənbəyi olub.

Amy Heckerlingin həyatı və filmin yaradıcılıq prosesi

Amy Heckerling Nyu-Yorkun Bronx bölgəsində böyüyüb. Maddi çətinliklərlə qarşılaşan ailədə yaşadığı üçün onun uşaq yaşlarından müşahidə qabiliyyəti güclü olub. Kaliforniyaya köçdükdə isə onun danışıq tərzinə görə gülənlər olub. Bu təcrübələr Heckerlingə gənclərin üslubunu və danışıq manerasını daha yaxşı başa düşməkdə kömək edib.

Filmin bəzi personajları – Cher-in atası Mel (Dan Hedaya), Christian (Justin Walker) və sürücülük təlimçisi (Ron Orbach) Nyu-York vurğusu ilə danışır. Bu da Heckerlingin öz keçmişini filmə daxil etməsinin bir göstəricisidir.

Filmin əsas personajlarından Cherin yəhudi kimliyi illərlə müzakirə mövzusu olub. Onun soyadı “Horowitz” olması və evlərində mezuzanın (yəhudi dininə aid bir element) olması bu ehtimalı gücləndirirdi. Lakin Heckerling bu barədə uzun müddət danışmamaq qərarına gəlib.

Yeni musiqili versiya və Heckerlingin gələcək planları

Hazırda Londonda Clueless filminin musiqili səhnə versiyası nümayiş olunur. KT Tunstall bu versiya üçün 90-cı illərin üslubuna uyğun musiqilər bəstələyib. Heckerling isə səhnə versiyasının filmə çox bənzədiyini və nəticədən razı qaldığını bildirir.

O, gələcəkdə “Look Who’s Talking 4” filmini çəkməyi planlaşdırır və tarixi bir yəhudi şəxsiyyət haqqında araşdırma aparır. Eyni zamanda, Benedict Cumberbatch ilə işləməyi çox istədiyini deyir.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et