Bu gün:

Sidney opera evinin tarixi


“Sidney opera evi” nin tikintisinə 2 mart 1959-cu ildə başlanılıb. 1950-ci illərin sonlarında ingilis dirijoru Yujiin Qussens Sidney şəhərində dünya səviyyəli bir opera zalının tikilməsini təklif edib. O, Bennelonk nöqtəsində—yerli Qadigal aborigen icmasının qədim mərasim məkanı olan Tubowgule-də bu binanı tikmək istəyib. Bu fikri reallaşdırmaq üçün siyasətçilərlə görüşlər keçirərək layihəyə dəstək qazanıb.

1957-ci ildə dünya miqyasında memarlıq müsabiqəsi təşkil edilib. 233 layihə arasında danimarkalı memar Yorn Utzon qalib gəlib. Onun dizaynı qeyri-adi və cəsarətli olub, lakin texniki baxımdan mürəkkəb olduğu üçün bəziləri onun inşa oluna bilməyəcəyini düşünüb. Buna baxmayaraq, layihəyə start verilib.

Tikinti prosesi çətinliklərlə dolu olub. Əsas problemlərdən biri yerin binanın ağırlığını daşımaq üçün kifayət qədər güclü olmaması olub. Bunun həlli üçün 550-dən çox beton dayaqlar qurulub. Bundan əlavə, binanın məşhur dam örtüyü xüsusi mühəndislik həlləri tələb edib. İlk planlar çətinliklər yaratdığı üçün Utzon yeni bir yanaşma tapıb—o, portağal qabığını soyarkən hissələrin bir sferadan yarana biləcəyini anlayıb və dam örtüyünü bu prinsip əsasında dizayn edib.

Layihənin xərcləri planlaşdırıldığından çox yüksək olub. 1962-ci ilə qədər xərclər üç dəfə artıb və tikintinin nə zaman başa çatacağı məlum olmayıb. Hökumət dəyişəndən sonra yeni nazirlə Utzon arasında gərginlik yaranıb. O, layihədən kənarlaşdırılıb və 1966-cı ildə istefa verib.

Bunun ardınca yeni memarlar layihənin interyerini yenidən dizayn ediblər, lakin bu, xərcləri daha da artırıb. Nəhayət, bina 1973-cü ildə tamamlanıb. 14 dəfə artıq maliyyətə başa gəlsə də (102 milyon Avstraliya dolları), o, dünyanın ən məşhur memarlıq əsərlərindən biri olub.

20 oktyabr 1973-cü ildə bina Kraliça II Yelizaveta tərəfindən açılıb. Yorn Utzon isə açılış mərasiminə qatılmayıb və layihənin interyerini bəyənmədiyini bildirib. Lakin 1999-cu ildə hökumətlə razılığa gələrək binanın yenidən bərpasına rəhbərlik edib və 2004-cü ildə onun şərəfinə binada “Utzon otağı” yaradılıb.

Bu gün “Sidney opera evi” Avstraliyanın mədəniyyət simvoluna çevrilib. Orada məşhur musiqiçilər, siyasətçilər və incəsənət nümayəndələri çıxış edib. 2007-ci ildə bina UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilib və “bəşəriyyətin ən möhtəşəm yaradıcılıq əsərlərindən biri” kimi qiymətləndirilib.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et