Bu gün:

“Necə oynadığın vacib deyil, nə oynadığın vacibdir”- gənc aktyorla MÜSAHİBƏ


24Media-nın budəfəki qonağı canlandırdığı obrazlarla yaddaşlarda qalmağı bacaran, sənətə olan sevgisi, hörməti ilə seçilən istedadlı aktyor Türkay Cəfərlidir.


Aktyorluq, incəsənət tamamilə fərqli bir dünyadır. Bəs, sizcə, teatr yaradıcılığı? yoxsa kino sahəsi? Bir aktyorun özünü ən xoşbəxt hiss etdiyi yer haradır?

- Bir aktyorun özünü rahat hiss etdiyi yer onun qorxmadığı, azad quş kimi pərvazlanıb uçduğu hər yerdir. Yetər ki, içindəki o daxili azadlıq olsun. Teatr aktyorun hamını özünə ram etdiyi ikinci evdir. O evin şahı da sənsən, köləsi də. Kino isə mənə görə aktyorun həyatının evidir. Çünki səhvləri və səndən başqa insanları özündə tanımaq üçün ən gözəl vasitədir. Teatr mənim üçün ciyər, kino isə döyüntümdür. 

Sənət tarixini insanlıq tarixinə yaşıd tutmaq olar. İnsanın özünü ifadə etmə, özünü tapma, kəşf etmə, var olma mübarizəsini özündə əks etdirən incəsənət, sizcə, ölkəmizdə yetəri qədər uğurlu yol qət edə bilibmi? Bir aktyor kimi görülən işləri necə dəyərləndirirsiniz?

- İndiki vəziyyəti belə izah edim: Təsəvvür edin, qatar uzun bir yola çıxır. Hər vaqonunda bir gözəllik var, amma yola çıxanda qatar artıq qatar kimi yox, tək vaqon şəklində gedir. Çünki vaqonlar bir-birindən qopub, hərəsi bir istiqamətə yol alır. İndiki halda sənətdə çox təəssüf ki, bir az hərc-mərcliklər doludur. Sənətdən, işdən başqa ortaya hər şey qoyulur, pərakəndəlikdir. 18+ zarafatlar etməklə zənn edirlər ki, komediya çəkirlər və ya iki klip çəkməklə böyük bir filmin altına girirlər. Nə qədər ki, işini qavramayan insanlar bu işin içində olacaq, bu sistem daha da tənəzzülə uğrayacaq.

Necə düşünürsünüz, bizdə film sektoru nə qədər azaddır?

- Sektor, həqiqətən, sənət üçün azad olsa nə dərd?! Sektordakı azadlıq yerə çatan yağış damcısı qədərdir, böyük ümidlərlə gəlib axırda ətrafa parçalanıb itir. Buna səbəb də həqiqi azadlıq istəyənlərə imkanın verilməməsidir. Burada hamımızın və kütlənin böyük günahı var. Düzdür, nə çəkirlərsə, ona baxırlar. Amma bir şey var, bu xalq həmişə, əzəldən pisi yaxşıdan ayırıb axı. Amma indi...

Yaradıcılığınıza milli filmlər təsir edib, yoxsa xarici filmlərdən nələrsə götürməyə üstünlük verirsiniz?

- Mənim yaradıcılığıma ən çox milli filmlər təsir edib. Uşaqlıqdan "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Nəsimi", "Babək", "Uzaq sahillərdə", "Uşaqlığın son gecəsi" və digər bu tipli filmləri izləyirdim. Sənətimi daha çox sevməyim bu filmlərdən qaynaqlanır. Mənə görə, keçmiş milli filmlərimiz xarici filmlərdən qat-qat gözəldir. Amma bu gün xarici filmlər üstünlük təşkil etdiyinə görə onlardan da nələrsə götürməyə ehtiyac var. Sənətdə oğurlamaq yaxşı bir şeydir, amma bir şərtlə ki, onu özününküləşdirib öz formanda təqdim edəsən.

Hansı aktyor və aktrisalarla tandeminiz yaxşı alınır?

- Təbii ki, yaxşı olub, amma səhnəni hələ bölüşmədiyim aktyor və aktrisalar var, ancaq oynadıqlarımdan deyə bilərəm - Tural Əhməd, Qorqud Cəfərli, Natavan Abbaslı, Corc Qafarov, Pərvin Abıyeva, Zarina Qurbanova, Günay Əhməd, xalq artisti Şamil Süleymanlı və ola bilər ki, adını yadıma sala bilmədiyim bir-iki nəfər...

Tamaşada oynayarkən tamaşaçının diqqətini daim səhnədə saxlamaq üçün hansı incəlikləri bilmək lazımdır?

- Necə oynadığın vacib deyil, nə oynadığın vacibdir. Nə oynadığını dərk etsən, tamaşanı demək ki, artıq çoxdan ram etmisən.

Sənətə başladığınız ilk zamanlarda hansı çətinliklərlə qarşılaşdınız?

- Tələbəlik illərində dəstək olanlardan çox ayaq qazanlar da var idi. Təbii ki, bura bəzi müəllimlər də daxil idi. Əsas çətinlik, nə yalan deyim, o qədər də özümdə hiss etməmişəm. Çünki heç kimə qulaq asmadan özüm hərəkət etmişəm.

İndi də yolunuza daş qoymaq istəyənlər varmı?

- Daş olsa nə dərd, çınqıllardır. Əsas odur ki, fikir verməyəsən.


Azərbaycan öz haqq davasında qalib gəldi və Ordumuz yeni tarix yazdı. Yer aldığınız "Zamansız" adlı layihədə "Fəryad" filmindəki batalyon komandiri İsmayıl Hüseynovun oğlunu canlandırmısınız. Təklif aldığınız zaman təəssüratlarınız necə oldu? Obrazı canlandıranda hansı hiss və həyəcanı keçirirdiniz?

- Bu qələbəyə görə bütün soydaşlarımı, Azərbaycanımı təbrik edirəm. Misilsiz bir hissdir. O hiss-həyəcan altında böyük bir məsuliyyət var idi. Çünki rəhmətlik Ceyhun Mirzəyevin oğlu rolunu canlandırmaq çox gözəl hissdir və təbii ki, gözəl aktirasımız Sənubər xanımla bu layihədə iştirak etmək başqa bir özəllikdir. Biz bu layihəni nə xoş ki, artıq qalib bir ölkə kimi çəkmişik. Hamımız üçün böyük bir sevinc, böyük bir qürur hissi idi. Əminəm ki, Ceyhun Mirzəyevin ruhu şaddır.

Sizcə, bir film, layihə insanın fikirlərinə təsir edə, həyata baxış tərzini dəyişə bilərmi?

- Əlbəttə, 180 dərəcə dəyişə bilər, çünki həyat filmlərdə özünü bir çox hallarda göstərir. Bu da insanın baxış tərzinə, həyatda kim və nə cür olacağına müəyyən mənada təsir edir.

Fəaliyyətiniz dövründə ən çətin və xoşagəlməz xatirənizi oxucularımızla bölüşə bilərsinizmi?

- Dörd il əvvəl serial çəkilişində belə bir hadisə yaşanmışdı: Mən serialda gizli polis işçisini canlandırırdım. Sadəcə cinayətkardan məlumat toplamaq üçün onunla birgə həbsə girmişdim. Oynadığım polis obrazı işçisinə tapşırırdı ki, cinayətkara göstərilən rəftarı eynən ona da göstərsin. Bu zaman tərəf-müqabilim məni itələyəndə qapının üzərində olan yüzlük mismar kürəyimə girmişdi. Dərimin yarısı soyulmuşdu. Sadəcə mən səhnəni pozmamaq üçün sona kimi oynadım. Səhnəni çəkdikdən sonra baxdıq ki, kürəyim tamamilə qan içindədir. Digər bir xatirəm isə "Xənnas" filmindəndir: Bakıdan tələsik özümə idman ayaqqabısı almışdım. Sən demə ayaqqabının biri bir ölçü böyük, digəri bir ölçü kiçik imiş və mən düz 45 gün, çəkilişlər zamanı sol ayağım partlaya-partlaya o ayaqqabını məcbur geyinmişdim.

Son olaraq, gənc aktyor və aktrisalarımıza nə məsləhət görərdiniz?

- Təhsillərini genişləndirsinlər, televiziyaya çıxım, bir rol oynayım, sonra "İnstagram"da izləyicim artsın düşüncəsi ilə irəliləməsinlər, müəllimlərinə qulaq assınlar, amma müəllimlərini yamsılamasınlar, oğurlasınlar, amma özlərinə məxsus olsunlar.


Aytac Əhmədova

Paylaş
Şərh əlavə et