"İncəsənətin inciləri" rubrikası Dante Gabriel Rossettinin "Proserpina" əsərini təqdim edir.

Dante Gabriel Rossetti Ön-Rafael Qardaşlığının sənətkarlarından biridir və zahirən sadə görünən bu əsərin səkkiz versiyasını yaradıb. Uzun illər davam edən çətinliklərdən sonra ortaya çıxan yeddinci versiya nəhayət hamını razı sala bilib.
Tablonun baş qəhrəmanı Zevs və Demeterin qızı Proserpina (yunan mifologiyasında Persefona) Hades tərəfindən yeraltı dünyasına aparılıb. Hades ona dərindən vurulub və bir hiylə quraraq yeraltı dünyasında yetişən nar dənələrini yeməyə məcbur edib. Əfsanəyə görə yeraltı dünyasında bir şey yeyən hər kəs orada qalmağa məhkum idi. Lakin Demeterin qızından ayrı qalması dünyanı xaosa sürüklədiyi üçün Zevs bir çıxış yolu tapır. Proserpina ilin yarısını Hadesin yanında, digər yarısını isə anasının yanında keçirməli olur. Beləcə, fəsillərin dəyişməsi bu əfsanə ilə izah edilir.
Rossetti bu mövzunu təsadüfən seçməyib. O, bu əsəri vasitəsilə öz həyatındakı qadağan olunmuş sevgini, yəni Jane Morris ilə münasibətini simvolizə edib. Jane bədbəxt evliliyi və Rossetti arasındakı seçim qarşısında çarəsiz olub. Necə ki Proserpina iki dünya arasında sıxışıb qalmıb, eləcə də Jane sevgisi və ailəsi arasında qalıb.
Tabloda Proserpina qaranlıq bir fon önündə təsvir olunub, bir əlində isə taleyini dəyişdirən narı tutub. Üst hissədə Rossettinin ona ithaf etdiyi italyanca sonet yer alır. Burada Proserpinanın kədəri və əsarəti təsvir edilir.
Hazırladı: Talehə Hüseynzadə
