İspan sürrealisti Salvador Dali heç vaxt Hindistana səfər etməsə də, ölkədə ilk dəfə onun rəsm əsərlərinin sərgisi keçirilir.
Cümə günündən etibarən paytaxt Dehlidə açılacaq sərgidə rəssamın 200-dən çox orijinal eskizi, etsinqi və akvarel rəsmlərindən ibarət geniş kolleksiya nümayiş olunacaq.
Kolleksiyanın kuratoru fransız kolleksiyaçısı Pierre Argilletin qızı və eyni zamanda Dalinin dostu və naşiri olan Christine Argillet-dir. O, BBC-yə açıqlamasında bildirib: "Dali Hindistana, xüsusilə də 1960-1970-ci illərdə Qərbin hind mistisizminə olan heyranlığına valeh idi."
Kolleksiyadakı eskizlərin bəziləri Christine Argilletin atasının 1970-ci illərdə – hippi hərəkatının zirvəyə çatdığı və gənc amerikalı gitaraçıların Hindistana mənəvi axtarışlar üçün axışdığı dövrdə bu ölkəyə səfəri zamanı çəkdiyi fotoşəkillərə əsaslanır.
Dalinin Hindistan təsvirlərində fillər və məbədlər yer alsa da, rəssamın bütün sənət əsərlərində olduğu kimi, burada da onun sürrealist üslubunu anlamaq hər zaman asan deyil.
Əsərlərində insan bədənlərindən çiçəklər boy atır, göz bəbəkləri dalğavari fırça zərbələri arasında rəqs edir, parçalanmış bədən hissələri isə ətraf mühitlə dinamik şəkildə qarşılıqlı əlaqə qurur. Onlara bir qədər uzun müddət baxdıqda isə bu fraqmentlər tamaşaçının şüurunda yeni əlaqələr və mənalar formalaşdırmağa başlayır.
Mənbə: BBC News
Tərcümə etdi: Gülçin Abdullayeva
