"İncəsənətin inciləri" rubrikası Qari Melçersin "Ana və körpə" əsərini təqdim edir.

Qari Melçers Hollandiyanın kənd yerlərində yaşadığı dövrdə kənd həyatının təbii gözəlliyini əks etdirən ana və uşaq rəsmi çəkir. O, burada digər amerikalı rəssamlarla birlikdə bir sənət koloniyası yaradıb və bu sakit mühitdə incəsənətinə yönəlib.
Melçersin əsərlərində ən diqqətçəkən məqam körpəni inanılmaz dərəcədə realistik təsvir etməsidir. Sənət tarixində körpələrin minlərlə şəkildə çəkilir, lakin bunlar heç də həmişə həqiqətə uyğun olmur. Bəzən hətta böyük sənətkarlar da körpənin mürəkkəbliyini düzgün ifadə edə bilməyiblər. Bu təkcə onun qeyri-adi anatomiyasına görə deyil, eyni zamanda, daha da sirli olan psixologiyasına görədir.
Lakin Melçers bu çətinliyi ustalıqla aşaraq yanaqları yumru, kök və tam inandırıcı bir körpəni mükəmməl şəkildə təsvir edir. Və bunu elə bir incəliklə edir ki, sanki heç bir çətinlik çəkmədən rahat və sərbəst fırça zərbələri ilə (bunu körpənin büründüyü yorğanda aydın görə bilərik) rəsmin canlı və təbii atmosferini yaradır.
Melçers körpəni təsvir etməyin nə qədər çətin olduğunu anlayıb. Onun rəsminə baxan və ətrafında körpə olan hər kəs uşağın duruşunun, o balaca əllərinin və saf baxışlarının gerçəkliyini hiss edəcək. Bu, həqiqi bir körpədir! Bəlkə də Melçers və həyat yoldaşının övladı olmadığı üçün, bəlkə də, sevgidən kor olmuş valideynlərinin görə bilmədiyi həqiqəti o görə bilib.
Tərcümə etdi: Talehə Hüseynzadə
Mənbə: https://historia-arte.com
