Bu gün:

Gizli portret kəşfləri


Son zamanlarda, sənət dünyasında məşhur rəssamların əsərlərinin altında gizlənən portretlərin kəşfi ilə bağlı xəbərlər artmaqdadır. Bu kəşflər müasir texnologiyaların köməyi ilə əsərlərin səthinin altında gizlənən şəkilləri üzə çıxarır və sənət tarixçilərinə bu əsərlərin yaradılış prosesi və rəssamların niyyətləri haqqında dərin məlumatlar təqdim edir.

Titianın “Ecce Homo” əsəri

2025-ci ilin fevralında Kiprdə aparılan tədqiqatlar zamanı Titianın 1570-75-ci illərdə çəkdiyi “Ecce Homo” tablosunun altında başqa bir portret aşkar edilib. Bu, tərsinə çevrilən və bığlı bir kişiyə aid olan bir rəsmdir. Maraqlısı odur ki, bu gizli portretin konturları İsanın əllərini bağlayan iplərin formalarına təsir edib və əsərin kompozisiyasına müəyyən dəyişikliklər gətirib.

Pablo Pikassonun “Mateu Fernández de Soto Portreti” əsəri

Courtauld İncəsənət İnstitutunun mütəxəssisləri Pikassonun “Mateu Fernandez de Soto Portreti” adlı rəsm əsərinin altında başqa bir portret tapıblar. Onlar bunu infraqırmızı texnologiya ilə aşkar ediblər. Gizli portretdə naməlum bir qadın təsvir olunub. O, daha impressionist üslubda çəkilib və elə bil de Sotonun qulağına nəsə pıçıldayır.

Rembrandtın “Hərbi Geyimdə Qoca Adam” əsəri

Rembrandtın “Hərbi Geyimdə Qoca Adam” əsərinin alt qatında aparılan xüsusi analizlər nəticəsində gənc bir kişinin portreti tapılıb. Bu portret canlı yaşıl və qırmızı rənglərlə çəkilib. Bu kəşf əsərin mənasını daha da maraqlı edib.

Artemisia Centileski “İsgəndəriyyəli Müqəddəs Ketrin” əsəri

2019-cu ildə aparılan rentgen analizləri göstərdi ki, Centileski əvvəlcə “İsgəndəriyyəli Müqəddəs Ketrin” əsərini öz portreti kimi çəkməyə başlayıb. Lakin sonradan o, tablodakı üzü dəyişdirərək həm öz cizgilərini, həm də sifarişçi Katerina de’ Medicinin xüsusiyyətlərini birləşdirib.

Karavacconun “Bacchus” əsəri

2009-cu ildə tədqiqatçılar Karavacconun “Bacchus” əsərində maraqlı bir detal aşkarlayıblar. Şərab dolu qrafində onun kiçik avtoportreti görünüb. Bu, rəssamın özünü əsərinə daxil etdiyi nadir nümunələrdən biridir.

Vincent van Qoqun “Ot Sahəsi” əsəri

Yüksək intensivlikli rentgen şüaları sayəsində van Qoqun “Ot Sahəsi” əsərinin altında kədərli bir kəndli qadının portreti tapılıb. Bu kəşf rəssamın əsərlərində gizli detalları və duyğularını necə əks etdirdiyini göstərir.

Jorj Söranın “Özünü Pudralayan Gənc Qadın” əsəri

Söranın “Özünü Pudralayan Gənc Qadın” əsərinin altında onun tək məlum avtoportreti tapılıb. Əvvəlcə rəssam açıq pəncərədə görünüb, amma sonradan bu hissə çiçəkli vaza ilə örtülüb.

Amedeo Modilyaninin “Qız Portreti” əsəri

Modilyaninin “Qız Portreti” adlı əsərinin altında başqa bir qadın portreti tapılıb. Bəzi tədqiqatçılar hesab edir ki, bu portretdə rəssamın keçmiş sevgilisi Beatrice Hastings təsvir edilib.

Rene Magrittenin “Beşinci Mövsüm” əsəri

İnfraqırmızı reflektografiya ilə Magrittenin “Beşinci Mövsüm” əsərinin altında başqa bir qadın portreti tapılıb. Bu qadın rəssamın həyat yoldaşı Georgette-ə bənzəsə də, bəzi fərqli xüsusiyyətlərə malikdir. Bu kəşf Magrittenin əsərlərində gizli mənalar və laylı strukturlar yaratdığını göstərir.

Bu kəşflər müasir texnologiyaların sənət əsərlərinin dərinliklərini araşdırmaqda necə əvəzolunmaz olduğunu və rəssamların yaradıcı prosesləri haqqında yeni anlayışlar təqdim etdiyini göstərir.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et