Bu gün:

"Azadlığa aparan xalq"- Eugène Delacroix


"İncəsənətin inciləri" rubrikası "Azadlığa aparan xalq" əsərini təqdim edir. 

Fransız rəssam Eugène Delacroix romantizm cərəyanının ən güclü nümayəndələrindən biri olub. O, duyğuların və dramatik hadisələrin təsvirində xüsusi üslubu ilə seçilib. Onun 1830-cu ildə çəkdiyi "Azadlığa aparan xalq" (La Liberté guidant le peuple) tablosu təkcə sənət əsəri deyil, həm də inqilabın və azadlıq uğrunda mübarizənin rəmzi kimi tanınır.

Bu əsər 1830-cu ilin İyul İnqilabına həsr olunub. O dövrdə Fransa kralı X Karl xalqın azadlıqlarını məhdudlaşdıran sərt qanunlar tətbiq edib. Buna qarşı üsyan qalxaraq kral devrilib və yerinə Lui Filip hakimiyyətə gəlib. Delacroix döyüş meydanlarının birbaşa iştirakçısı olmasa da, bu hadisədən dərin ilham alıb və inqilabın ruhunu kətana köçürmək qərarına gəlib.

Tablonun mərkəzində yarıçılpaq bir qadın təsvir edilib. O, sağ əlində Fransanın üçrəngli bayrağını tutaraq irəli addımlayır. Marianne azadlıq ideyasının simvoludur. Onun arxasında müxtəlif təbəqələrdən olan fəhlələr, ziyalılar, kəndlilər və əsgərlər birləşib, bu da mübarizənin ümumxalq hərəkatı olduğunu göstərir.

Delacroix tablosunda dinamik kompozisiya və güclü rəng çalarlarından istifadə edərək tamaşaçıya inqilabın həyəcanını hiss etdirir. Marianne güclü və cəsarətli bir qadın kimi təsvir edilib. Onun əynindəki paltar bir qədər cırıq olsa da, qürurlu duruşu onun mübarizədən çəkinmədiyini göstərir. Arxa planda Paris küçələrində üsyan edən xalq və dumanlı səma inqilabın xaotik və dramatik atmosferini tamamlayır.

Əsər dövründə müxtəlif reaksiyalarla qarşılandı. Bəzi insanlar onu üsyanı təşviq edən təhlükəli bir əsər kimi qiymətləndirir. Buna baxmayaraq, tablo qısa zamanda inqilabi ruhun və azadlığın simvoluna çevrilib.

Bu gün tablo Paris Luvr Muzeyində saxlanılır və sənət tarixində ən güclü ifadəyə malik əsərlərdən biri hesab edilir. Bu tablo təkcə Fransanın azadlıq mübarizəsini deyil, ümumilikdə hər bir xalqın ədalət və azadlıq uğrunda mübarizəsini əks etdirir.

Rəssamın bu əsəri sonralar bir çox sənətçiyə ilham verib. Hətta Fransanın milli dəyərləri arasında yer alan Marianne obrazı bu tablodan ilhamlanaraq müxtəlif rəsmi emblemlərdə, heykəllərdə və hətta poçt markalarında təsvir olunub.

Bu tablo inqilab ruhunu əbədiləşdirən və insan azadlığının dəyərini vurğulayan möhtəşəm bir sənət nümunəsidir. Eugène Delacroix təkcə rənglər və fırça vasitəsilə deyil, həm də ideya və duyğularla xalqı azadlığa aparan bir rəsm yaradıb.

Hazırladı: Talehə Hüseynzadə 




Paylaş
Şərh əlavə et