Bu gün:

Qorxu filmləri və Oskarlar


2024-cü ilin “The Substance” filmi dayanıla bilməyən cazibənin ağlasığmaz bir transformasiyaya səbəb olduğu bir hekayəni təsvir edir. Bu qanlı film klassik bir qorxu filminin bütün elementlərini özündə birləşdirir: canavarlar, qan və tamaşaçını ekran qarşısında saxlayan gərginlik hissi. Filmin qanla dolu finalına baxmayaraq, ondan gözləri ayırmaq çətindir.

Coralie Fargeat-ın bu iyrənc, nağıldan kabusa çevrilən əsəri il ərzində böyük uğur qazanıb. Filmdə Demi Mur Elisabeth Sparkle rolunda çıxış edir. O, 50 yaşına çatanda məşhur aerobika məşqçisi kimi işindən qovulan keçmiş film ulduzudur. “The Substance” həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib və Rotten Tomatoes-da tənqidçilərdən 89%, tamaşaçılardan isə 75% reytinq alıb. Murun Qızıl Qlobusda ən yaxşı aktrisa mükafatını qazanması isə filmin Oskarda da uğur qazanacağına dair ümidləri artırıb. Film beş kateqoriyada namizəd göstərilib.

Bəs “The Substance” klassik bir qorxu filmi deyilmi? 

Qorxu və komediya elementlərini birləşdirən film bəzi tənqidçilər tərəfindən “feminist şah əsər” adlandırılıb. Filmdə cəmiyyətin qadın gözəlliyinə dair tələbləri və yaşlanma qorxusu ön plandadır. Demi Mur özü də bu filmin onun üçün niyə bu qədər əhəmiyyətli olduğunu vurğulayıb və bildirib ki, 45 ildən çox davam edən karyerası ərzində ilk dəfə aktyorluq sahəsində mükafat qazanıb.

Qorxu janrına qarşı ayrı-seçkilik

Demi Mur qorxu filmlərinin və bu janrda çalışan aktyorların kifayət qədər tanınmadığını açıq şəkildə dilə gətirib. 2025-ci il Tənqidçilərin Seçimi Mükafatlarında ən yaxşı aktrisa mükafatını qəbul edərkən o bildirib: “Mən yalnız öz performansım üçün deyil, bu film və bu janrı vurğuladığınız üçün minnətdaram. Qorxu filmləri adətən nəzərə alınmır və onların nə qədər dərin mənalara sahib ola biləcəyi görülmür”.

Əslində, qorxu janrının mükafatlandırılması tarixində çox az film və aktyor diqqətə layiq görülüb. 1992-ci ildə “Quzuların Sükutu” (The Silence of the Lambs) beş əsas Oskar mükafatını qazanaraq bu sahədə bir istisna olub. Ancaq o vaxtdan bəri qorxu filmləri əsas kateqoriyalarda nadir hallarda tanınıb. 1969-cu ildə “Rosemary’s Baby” filmindəki roluna görə Rut Qordon, 1991-ci ildə “Misery” filmindəki roluna görə Keti Beyts və 2011-ci ildə “Black Swan” filmindəki roluna görə Natali Portman ən yaxşı aktrisa mükafatlarını qazanan azsaylı qorxu filmi aktyorları arasındadır.

Bununla belə, tanınmayan böyük performanslar da çoxdur. Məsələn, 2018-ci ildə “Hereditary” filmində Toni Kolette-in çıxışı geniş şəkildə təriflənməsinə baxmayaraq, nə Oskar, nə də Qızıl Qlobus nominasiyası qazanıb. Film tənqidçilərdən və festival jürilərindən 52 mükafat və 113 nominasiya alsa da, Oskar tərəfindən tamamilə görməzlikdən gəlinib.

Niyə qorxu filmləri tanınmır?

Tənqidçilər və film mütəxəssisləri bu vəziyyətin əsas səbəbi kimi qorxu janrına qarşı olan qərəzi göstərirlər. Lakin tarix göstərir ki, açıq sosial mesajı olan qorxu filmləri bəzən Oskar mükafatına layiq görülə bilər. Məsələn, 2017-ci ildə Corc Peele-in “Get Out” filmi ən yaxşı orijinal ssenari mükafatını qazanıb və həmçinin ən yaxşı film, ən yaxşı rejissor və ən yaxşı aktyor kateqoriyalarında da namizəd olub. Ancaq eyni rejissorun 2019-cu ildə çəkdiyi “Us” filmindəki rolu ilə Lupita Nyong’o Oskar üçün namizəd belə göstərilməyib. Halbuki film sosial təbəqələr arasındakı fərqləri vurğulayan maraqlı bir yanaşma təklif edib.

Qorxu janrının gələcəyi

Film tənqidçisi Kim Nyuman qeyd edir ki, böyük qorxu filmləri adətən cəmiyyətdə rezonans doğurur və populyar mədəniyyətin bir hissəsinə çevrilir. Ancaq bu filmlər çox vaxt “mübahisəli” olur və bu onların mükafat qazanmalarını çətinləşdirir. Digər tərəfdən, qorxu janrında aktyorluq da kifayət qədər çətindir, çox böyük emosional və fiziki zəhmət tələb edir.

“The Substance” filmi də bu aspektdə qeyri-adi bir iş ortaya qoyur. Film boyunca tamaşaçılar Elisabeth Sparkle-ın psixoloji və fiziki transformasiyasına şahid olurlar. Sonda isə ortaya çıxan Monstro ElisaSue obrazı filmin əsas mesajını gücləndirir: "Gözəllik standartları absurddur və biz onları yerinə yetirmək əvəzinə onlarla gülməliyik".

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et