Bu gün:

Neapol ruhunun, sevginin və şansın simvolu: “Cornicello”


Neapol deyəndə ilk olaraq mətbəxi, musiqisi və zəngin mədəniyyəti ağıla gələ bilər. Lakin bu valehedici İtaliya şəhərinin daha bir ikonik ənənəsi var: Cornicello. Şans, sevgi və bərəkət rəmzi olan bu kiçik qırmızı boynuz, xüsusilə Sevgililər Günündə sevilən bir hədiyyəyə çevrilib.

İtaliyanın məşhur şəhərinə məxsus Cornicello, qıvrımlı, boynuz formalı bir simvoldur və əsasən pis enerjidən qorunmaq və bərəkət gətirmək məqsədilə istifadə edilir. Onun parlaq qırmızı rəngi, neqativ enerjilərə qarşı güclü bir “panzehir” hesab olunur. Eyni zamanda ehtirasın, gücün və məhsuldarlığın rəmzi sayılır.

Lakin bu arzuların “təsirli” olması üçün bəzi ənənələrə riayət etmək vacibdir: Cornicello alındığı kimi mütləq hədiyyə edilməlidir. Məhz buna görə illər ərzində xüsusilə Sevgililər Günündə aşiq insanların bir-birinə verdiyi mənalı bir hədiyyəyə çevrilib.


Bu simvolun kökləri Qədim Yunan və Roma mifologiyasına qədər gedib çıxır. Boynuzun qıvrımlı quruluşu və qırmızı rəngi məhsuldarlıq tanrısı Priapos ilə əlaqələndirilir. Neapolun bacarıqlı sənətkarları bu uğurlu tılsımları qırmızı mərcan, gildən hazırlanmış keramika, qızıl və gümüşdən böyük ustalıqla əl işçiliyi ilə yaradırlar.


Lakin əsas vacib detal budur: Həqiqi bir Cornicello pürüzlü və məsaməli olmalıdır ki, “pis enerjiləri özünə çəkə bilsin” və sahibini qoruya bilsin.


Əl işçiliyi ənənəsi


Neapolun tarixi San Gregorio Armeno bölgəsində yerləşən Cosmos adlı kiçik emalatxananın qurucusu, 30 yaşlı Delia D’Alessandro, orijinal cornicello istehsalının əhəmiyyətini vurğulayır.


“Həqiqi bir cornicello mütləq Neapolda və əl işçiliyi ilə hazırlanmalıdır”, – deyə o bildirir. Bacısı Serena ilə birlikdə, ailəsindən öyrəndiyi sənəti yaşadaraq şəhərin mədəniyyətinə töhfə verməyə davam edir.


Neapol mədəniyyətinə dərin kök salmış bu ənənə, incəsənət dünyasında da öz yerini tapıb. Məşhur Neapollu heykəltəraş və rəssam Lello Esposito, cornicello fiqurunu müasir incəsənətlə birləşdirir.


Esposito sənət həyatına Neapolun dar küçələrində Pulçinella kuklaları hazırlayaraq başlayıb. Bu gün isə Scuderie Sansevero adlı tarixi emalatxanada nəhəng boynuz heykəlləri yaradır.O  bildirir ki, “Qırmızı rəng, ehtirasın və enerjinin rəngidir” və bu simvolun Pompeydəki qədim fallus rəmzlərinə dayandığını vurğulayır. Onun fikrincə, cornicello artıq 2.000 ildən çoxdur ki, bir uğur tılsımı kimi mövcuddur.

Bu gün Neapoldan çıxan bu şans tılsımı, dünyanın hər yerinə yayılmaqdadır. Espositonun nəhəng boynuz heykəlləri, Bangkok İncəsənət Biennalesi kimi beynəlxalq sərgilərdə nümayiş etdirilərək Neapol mədəniyyətini dünyaya tanıtmağa davam edir.


Mənbə:Euronews

Tərcümə etdi:Aysu Salahova

Paylaş
Şərh əlavə et