Zeeshan Ali 10 ildir ki, draq sənəti ilə məşğuldur və bu müddətdə şousunu bütün Hindistan boyu nümayiş etdirib. Reemy Zeeshan Ali draq sənəti üçün onlarla parikdən istifadə edib. Onun çıxışının əsas hissəsini təxminən 45 parikdən ibarət kolleksiyası təşkil edir.
“Karyerama yeni başlayanda Hindistanda parik tapmaq çox çətin idi. Çoxu xaricdən gətirilirdi. Mən isə yun və parça kimi materiallardan özüm düzəldirdim”,– deyə o bildirib.
Amma indi hər şey dəyişib. Artıq pariklər təkcə draq və kino sənətçiləri üçün deyil. Bir çox qadınlar da fərqli görünmək üçün parik taxırlar. İndi parik sadəcə saç aksesuarı yox, bir üslubdur.
Hindistan saçı həmişə parik istehsalı üçün tələb olunan məhsul olub. bu ölkə dünyada insan saçının ən böyük ixracatçısıdır və qlobal tələbatın 85%-ni təmin edir.
Avadi, Çennayda yaşayan Kolachi Venkateş 20 ildir saç toplayır. O bu sənayedə ən aşağı səviyyədən – evlərdən saç toplayaraq və zibildən çıxararaq başlayıb.
Bərbərxanalardan, salonlardan və evlərdən toplanan saç “non-Remy” adlanır. Bu, birbaşa baş dərisindən qırxılan və daha diqqətlə saxlanılan Remy saçından daha çox emal tələb edir, amma dəyəri var.
“Sadəcə atılır, amma qızıldır”,- deyə Venkateş vurğulayır.
Toplayıcılar saçları Venkateş kimi yerli tacirlərə satırlar və qiymətlər saça görə dəyişir: keyfiyyətinə və uzunluğuna bağlı olaraq kiloqramı 10 sentdən 1 dollara qədər satıla bilər. Qısa və ya zədəli saçlar daha ucuz qiymətə gedir, uzun saçlar isə daha baha qiymətə alınır.
Fərdi toplayıcılar üçün isə bu işdə çox gəlir yoxdur.
“Diqqətli bir kolleksiyaçı gündə 1-5 kiloqram saç yığa bilər və gündəlik qazancı 59 sentdən 6 dollara qədər dəyişir. Bu gəlir səviyyəsi, xüsusilə kənd yerlərində minimum əmək haqqı standartlarından aşağıdır”,- deyə Venkateş bildirir.
Hindistanda toplanan saçların əksəriyyəti Çin bazarına ixrac olunur və burada pariklərə çevrilir.
“Çində saç sənayesi 5-6 milyard dollar dəyərindədir”, - deyə Hindistan saç sənayesini təbliğ edən və hökumətlə əlaqə saxlayan Plexconcil təşkilatının nümayəndəsi Benjamin Cherian bildirir. Onun sözlərinə görə, Hindistan bu gəlirli bazardan pay almaq istəyirsə, çox çalışmalı olacaq. “Çində yüzlərlə zavod var ki, saç sənayesində dəyər yaradır, lakin Hindistanda bu sahədə inkişaf hələ geridədir”, - deyə o qeyd edir. Hindistan hökuməti bu sənayeyə investisiyanı təşviq etməlidir. Hindistanın yüzlərlə dollara saç ixrac etmək əvəzinə, minlərlə dollar dəyərində parik satmalı olduğunu bildirən Cherian bu istiqamətdə işlərin başladığını, lakin hələ uzun yol olduğunu söyləyir.
Diva Divine Hair adlı şirkət bu sahədə inkişaf etməyə çalışan hind şirkətlərindən biridir. 2009-cu ildə Nidhi Tiwari tərəfindən təsis edilən Dehli mərkəzli biznes yüksək keyfiyyətli saç uzantıları və pariklər yaratmağı hədəfləyib.
“Saç tökülməsi və seyrəkləşmə problemlərinin artması bu həllərə ehtiyacı artırır”,- deyə Tivari bildirir. Şirkət, həmçinin ictimai baxışların dəyişməsindən faydalanıb.
“3D-çaplı pariklər və rəqəmsal rəng uyğunlaşdırma texnologiyaları kimi innovasiyalar müştərilərə daha fərdi seçimlər təklif edir. Yüngül, nəfəs alan parik qapaqları və təkmilləşdirilən yapışdırıcılar müştərilərin parikləri uzun müddət rahat taxmasına imkan verir” ,- deyə Tivari bildirir.
Remy saçın bazardakı yeri
Saç bazarının ən üst hissəsində “Temple” və ya Remy saç dayanır. Bu saçlar əsasən Hindistanın cənubundakı hindu məbədlərindən əldə edilir. Orada insanlar dini inanc və ibadət məqsədilə saçlarını qırxdırırlar. Bu sahədə ən böyük şirkətlərdən biri olan Raj Hair International Çennaydakı fabrikində saçları çeşidləyir və rənginə, teksturasına və uzunluğuna görə dərəcələndirir. Şirkət saç tullantılarını minimuma endirmək üçün xüsusi maşın hazırlayıb. Bu onlara daha sürətli işləməyə və daha az işçi ilə istehsal etməyə kömək edib.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
