Bu gün:

Dil öyrənməyin beyin fəaliyyətinə təsiri


Dil öyrənməyin beyin fəaliyyətinə təsiri

İnsanlar yeni dili müxtəlif səbəblərə görə öyrənirlər, məsələn, başqa bir ölkədə işləmək, təhsil almaq, xaricə köçmək və ya sadəcə zövq üçün. Motivasiya nə olursa olsun, bir sıra insanlar yeni dil öyrənməyin onların həyatını zənginləşdirdiyini görür. Bəs dil öyrənməyin beyninizi fiziki səviyyədə dəyişdirdiyini də bilirdinizmi?


Dil öyrənməyə nevroloji baxış


Kiçik yaşdan iki dili paralel olaraq öyrənmiş ikidilli insanlar onilliklərdir ki, alimlərin tədqiqatlarının obyektidir. Alimlər hələ də iki dildə səlis danışmağın insanlara idrak səviyyəsində necə təsir etdiyini araşdırırlar. MRI texnologiyasının inkişafı ilə tədqiqatçılar indi təkdilli və ikidilli beyinlər arasındakı fərqləri çox vizual şəkildə görə bilirlər. Hər kəsin beyni neyronlardan ibarətdir. Neyronların hüceyrə bədəni və neyronlar arasındakı əlaqələr olan dendritləri var. Bu əlaqələr “boz maddə” adlanır.
İkidilli insanlarda yalnız bir dil danışan insanlarla müqayisədə daha çox neyron və dendrit var. Bu da onların boz maddəsinin daha sıx olması deməkdir.

Dil öyrənmək digər bacarıqları necə inkişaf etdirir?


Dil öyrənmənin beyindəki ölçülə bilən təsirini nəzərə aldıqda bu fiziki dəyişikliklərin ünsiyyət, yaradıcılıq, yaddaş və konsentrasiya kimi bəzi digər bacarıqların inkişafı ilə müşayiət olunması təəccüblü deyil.

1. Yaxşılaşdırılmış konsentrasiya


Sadəcə bir həftə yeni dil öyrənmək tələbələrin diqqətlilik və fokus səviyyələrinə müsbət təsir göstərir. Bu inkişaf həftədə ən azı beş saat davamlı dil öyrənməsi ilə təsdiq edilmişdir.

2. Güclü yaddaş


Dil öyrənmək yaddaş bacarıqlarını və yadda saxlama ilə əlaqələndirilir. Bu səbəbdən, ikinci dili müntəzəm istifadə edən insanların daha güclü yaddaşlarınıb olması təəccüblü deyil.

3. Artan yaradıcılıq


İkidilli uşaqlar təkdilli həmyaşıdlarına nisbətən problem həlletmə və çeviklikdə daha çox yaradıcılıq nümayiş etdirirlər. Eyni şey ikinci dil öyrənənlər üçün də doğrudur. Fərqli tədqiqatçılar müxtəlif tədqiqatlarda dil öyrənməyin tələbələrin yaradıcılıq bacarıqlarını açdığını tapıblar. Bu, dil öyrənmədə iştirak edən düşüncə proseslərinin nəticəsi ola bilər. Bunlar tərcümə, dil dəyişdirmə və intizamlı öyrənmə ilə yanaşı, öyrənmək və uyğunlaşmaq istəklərini əhatə edir.

Dil öyrənmə bacarıqları insanlara həyatlarının hər sahəsində kömək edəcək, onların zehni qabiliyyətlərini yaxşılaşdıracaq və problem həlletmə və qərar vermə qabiliyyətlərini artıracaq. Nəticədə, bütün bunlar onların şəxsi, sosial və peşəkar əlaqələrini zənginləşdirəcək.


Mənbə: Cambridge University Press & Assessment


Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et