Empatiya ən geniş mənada qarşılıqlı əlaqə və ünsiyyət bacarığının əsas ölçülərindən biri hesab olunur. Empatiya bir insanın başqalarını başa düşmə qabiliyyətini və onlar haqqında proqnozlar vermə bacarığını gücləndirir. Anlayış və proqnozlaşdırma, empatiyaya inandırma, razılaşdırma münasibətlərin inkişafı və məsləhət vermə kimi sahələrdə mümkün bir alət olma imkanı verir. Empatiya başqaları haqqında qərar verməyə təsir edir, hiss olunanları əks etdirir və dəstək verici, təsdiqləyici bir atmosfer yaradır.

Empatiyanın 4 əsas xüsusiyyəti var:
1. Empatiya insanı dərindən anlamağa imkan verir
Əgər bir insan kimləsə güclü və davamlı bir münasibət qurmaq istəyirsə, onları dərin səviyyədə anlaya bilməlidir. Bunu etmək üçün isə empatiyaya ehtiyac var. İnsanlarla empatiya qurduqda, hadisələri onların baxış bucağından görə, onların düşüncələrini, hisslərini, ehtiyaclarını daha yaxşı anlaya və nə ilə xoşbəxt olduqlarını, nə ilə incidiklərini bilirik. Nəticədə, sadəcə emosional reaksiya vermək əvəzinə, onların ehtiyaclarına uyğun cavab verə bilirik.
2. Empatiya insanlarla daha güclü bir əlaqə qurmağa kömək edir
Araşdırmalar göstərir ki, bir-birinə yüksək dərəcədə empatiya göstərən cütlüklər, dostlar və tanışlar emosional olaraq daha yaxın hiss edirlər.
3. Empatiya münasibətlərdə qarşıdurmaları azaldır
Empatiya mahiyyətcə, qarşıdurmaları azaldır, çünki hər bir məsələnin hər iki tərəfini görməyə imkan verir. Araşdırmalar göstərir ki, bir-birinə yüksək səviyyədə empatiya göstərən cütlüklər daha az gərginlik yaşayırlar.
4. Empatiya münasibətləri daha dayanıqlı edir
Müntəzəm mübahisələr və qarşıdurmaların azalmasından əlavə, empatiya münasibətləri daha dayanıqlı edir, yəni onlar xəstəlik, iş itirilməsi və ya maliyyə çətinlikləri kimi çətin dövrlərə daha yaxşı dözə bilirlər. Bunun səbəbi budur ki, bir-birinə empatiya göstərməyi bacaran insanlar çətin zamanlarda bir-birinin ehtiyaclarını daha yaxşı başa düşür və ümumilikdə, daha güclü ünsiyyət bacarıqlarına sahib olurlar. Nəticədə, həyatın qarşılarına çıxardığı çətinlikləri bir komanda olaraq həll etməyə daha yaxşı hazır olur və çətin dövrlərin onları bir-birindən uzaqlaşdırmasına imkan vermirlər.
Empatiya həyatın bütün mərhələlərində insan, sosial və psixoloji qarşılıqlı əlaqədə mühüm rol oynayır. Nəticə olaraq, empatiyanın öyrənilməsi psixoloqlar və neyrobioloqlar üçün bir çox sahələrdə davamlı maraq doğuran bir sahədir və bu sahədə daima yeni tədqiqatlar aparılır.
Mənbə: 29k App
Tərcümə etdi: Arzu Qafarova
