Bu gün:

Mickey 17 filmi


Robert Pattinson Cənubi Koreyalı rejissor Bong Joon Honun “Parazit” filmindən sonra çəkdiyi böyük büdcəli layihədə bir neçə klon obrazını canlandırıb. Onun aktyorluğu maraqlı olsa da, film, ümumilikdə, qarışıq təsir bağışlayıb.
“Parazit” son illərin ən çox səs-küy yaradan filmidir. O həm də zənginlərin rahat həyatını sərt şəkildə tənqid edir. Maraqlısı isə odur ki, Hollivudun zəngin dairələri də bu filmi böyük coşqu ilə qarşılayıb. 
Robert Pattinson yeni filmində isə Mickey Barnes adlı bir adamı canlandırır. Mickey insanların kosmosa qaçmağa çalışdığı bir dövrdə təhlükəli eksperimentlər üçün istifadə olunan biri olur. O hər dəfə ölüb klon kimi yenidən yaradılır. Lakin 17-ci versiyası gözlənilmədən sağ qalır və geri qayıdanda artıq 18-ci Mickeynin onun yerini tutduğunu görür. İndi isə sual budur: İki eyni insan bir yerdə yaşaya bilərmi?
Film “yenidən çapetmə” və insan klonlaşdırılması mövzusunu dərindən araşdıra biləcək potensiala malikdir. Bu mövzu varlıq, ölüm və şəxsiyyət haqqında maraqlı suallar yarada bilər. Həmçinin cəmiyyətin insanları istismar etməsi ilə bağlı satirik yanaşma üçün də uyğun zəmin var. Lakin film nə fəlsəfi suallara ciddi yanaşır, nə də satirik aspektdə uğur qazanır. Komediyası isə olduqca bəsit və təsirsizdir.
Mark Ruffalonun canlandırdığı koloniyanın rəhbəri duyğusuz bir şoumen kimi təqdim olunur, lakin bu obraz yorucu dərəcədə aşkar görünür. Toni Kollettenin oynadığı despot həyat yoldaşı isə saxta təbəssümü ilə tamaşaçıya xoş təsir bağışlamır. “Parazit” filmi varlı personajlarının ikiüzlülüyünü incəliklə göstərib, lakin burada personajlar o qədər açıq-aşkar pisdirlər ki, bu, hekayəni təsirli etmək əvəzinə zəiflədir. Film gülməli olmağa çalışsa da, səhnələr və dialoqlar bu məqsədə çata bilmir.  
150 milyon dollar büdcə ilə çəkilən bu film qeyri-adi və riskli olduğu üçün tamaşaçı tapmaqda çətinlik çəkir.  

Mənbə: BBC News  
Tərcümə etdi: Nigar Muştaqova  
Paylaş
Şərh əlavə et