Bu gün:

Gündəlik həyatımızın görünməyən təhlükəsi


Stress nədir?

Stress idarə etməkdə çətinlik çəkdiyimiz və ya nəzarətimizdən çıxmış kimi hiss etdiyimiz vəziyyətlərə qarşı təbii, insani bir reaksiyadır. Bu ağır iş yükünə cavab olaraq hiss edilən təzyiq və ya sevdiyiniz biri ilə mübahisədən sonra yaşanan çaşqınlıq ola bilər. 
Bəli, stress hamımıza təsir edir – bəzən çox fərqli formalarda. Lakin əgər vəziyyəti idarəolunmaz hesab ediriksə, stress ağırlaşa və şəxsdən şəxsə dəyişən müxtəlif emosional və fiziki problemlər yarada bilər.

Stress gündəlik həyata necə təsir edə bilər?

Stress ağır bir bel çantasını daşımaq kimidir; əvvəlcə onun ağırlığını hiss etmirik və irəliləməyə davam edirik. Lakin zaman keçdikcə çantaya daha çox yük, məsələn, məsuliyyətlər və narahatlıqlar əlavə olunduqca yük ağırlaşır və idarə etmək getdikcə çətinləşir.

Əgər insan stresslə necə mübarizə aparmağı öyrənməsə, bu, fiziki və zehni sağlamlığa, münasibətlərə və gündəlik vəzifələri yerinə yetirmə qabiliyyətinə təsir edərək gündəlik həyata mənfi təsir göstərə bilər.

Stressin bədənə təsiri təzyiq və ya təhdidlərlə mübarizə aparmaq üçün hormonların sərbəst buraxılması ilə əlaqədardır. Bu hormonların uzun müddət sərbəst buraxılması aşağıdakı fiziki stres simptomlarına səbəb ola bilər:

• Baş ağrıları
• Əzələ gərginliyi
• Ürək döyüntüsünün sürətlənməsi
• 
Mədə narahatlığı

Bu fiziki simptomlarla yanaşı, stres aşağıdakı davranış və emosional simptomlara da səbəb ola bilər:

• Diqqəti cəmləməkdə çətinlik
• Unutqanlıq
• Hədsiz yorğunluq və çarəsizlik hissi
• Davamlı narahatlıq
• Əsəbilik və əhval dəyişikliyi
• Yuxu dəyişiklikləri
• Yemək vərdişlərinin dəyişməsi
• 
Zərərli vərdişlərdən (məsələn, siqaret və ya alkoqol istifadəsi) istifadə etmək

Bunlar stresin ümumi simptomlarıdır. Üstəlik, stresin simptomları onun yaranma səbəbindən asılı olaraq dəyişə bilər.

Stresi nə yaradır?

Çoxlu müxtəlif vəziyyətlər stressə səbəb ola və yaşdan asılı olaraq dəyişə bilər. Məsələn, yeniyetmələrdə stressin səbəbi imtahanlar, zorakılıq və ya çətin ailə vəziyyətləri ola bilər. Gənc və yaşlı insanlar isə işlə bağlı çətinliklər, valideyn olmaq və uzunmüddətli sağlamlıq problemlərini idarə etmək kimi mühüm hadisələrlə bağlı stress yaşaya bilərlər.

Bununla belə, ümumiyyətlə, stresin ən çox rast gəlinən səbəbləri bunlardır:

• Münasibətlər

Mübahisələr, ailə çətinlikləri, xəstəlik və ya yaxınını itirmək kimi hallar stressə səbəb ola bilər və düşüncə tərzinə, hisslərə və davranışlara təsir edə bilər.

• İş-həyat tarazlığı

İş üzərində nəzarətin olmaması hissi, davamlı olaraq daha çox və uzun müddət işləmək məcburiyyəti, işsizlik qorxusu və ağır işin mükafatlandırılmaması kimi hallar iş yerində stressə səbəb ola bilər.

• Pul

Pul və borc problemləri, xüsusilə yüksək yaşayış xərcləri ilə əlaqədar olaraq, bir çox insanlara böyük təzyiq göstərir. İnsanlar hesabları və ərzaq qiymətlərini ödəməkdə çətinlik çəkirlər ki, bu da stressə və zehni sağlamlıq problemlərinə səbəb ola bilər.

Stressin sizə problem yaratdığını anlamaq onun həyatınıza necə təsir etdiyini görmək və stressi idarə etmək üçün proaktiv addımlar atmaq baxımından ilk addımdır. Bunu etmək, stressin zehni və fiziki sağlamlıq problemlərinə səbəb olmasının qarşısını almağa kömək edə bilər.

Stressin sizə problem yaratdığını anlamaq üçün hisslərinizi və ya fiziki əlamətləri həyatınızdakı təzyiqlərlə əlaqələndirməyə çalışın. Əzələ gərginliyi, həddindən artıq yorğunluq, baş ağrısı və ya miqren kimi fiziki xəbərdarlıqlara və əsəbilik, unutqanlıq kimi emosional əlamətlərə diqqət yetirməyi unutmayın.

Mənbə: Mental Health Foundation 

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et