Bu gün:

Amerika fotoqrafiya sərgisi


Amsterdamdakı Rijksmuseum-da keçirilən yeni sərgidə ABŞ-nin 300 illik fotoqrafiya tarixi nümayiş olunur. 1840-cı ildə Henry Fitz Jnr mis lövhə üzərində dünyanın ilk selfilərindən birini çəkib. O bu şəkli təkcə özünü sənədləşdirmək üçün deyil, həm də fotoqrafiyanın sənətə çevrildiyini göstərmək üçün yaradıb.

Sərginin təşkilatçıları bildirirlər ki, fotoqrafiya və Amerika birlikdə inkişaf edib. Amerikalılar şəkilləri hollandların 17-ci əsrdə rəsmləri istifadə etdiyi kimi sənədləşdirmək üçün çəkiblər. Fotoqrafiya ölkənin tarixi ilə sıx bağlıdır və onlarsız Amerika təsəvvür etmək çətindir.

Rooseboom bildirib ki, sərgi sadəcə ən məşhur 100 fotonu seçmək üçün təşkil olunmayıb. Bunun əvəzinə tanınan fotoqrafların əsərləri, xatirə şəkilləri, açıqcalar və reklam fotoları da sərgilənib. O əlavə edib ki, bəzən az tanınan, amma keyfiyyətli görüntülər də nümayiş etdirilib.

Rijksmuseum, Amsterdam

19-cu əsrin sonlarında çəkilən bu tintip (metal üzərində hazırlanan foto) kənd mühitində yaşayan insanların gündəlik həyatını əks etdirir. Şəkildə bir kişi kameraya düz baxarkən, qadının başını aşağı salması diqqət çəkir. “Bəzən hiss olunur ki, insanlar kameraya baxmağa öyrəşməyiblər” ,– deyə Rooseboom izah edir. Bu onların həyatı boyunca çəkilən yeganə şəkil ola bilər və bu görüntü evin divarından heç vaxt çıxarılmayacaq.

1913-cü ildə Ford Motor Şirkətinin 12,000 işçisini göstərən açıqca dövrün ən bahalı fotosu adlandırılıb. İki saat ərzində fabrik fəaliyyətini dayandırıb və bu böyük kütləvi foto çəkilib. Bu foto ABŞ-nin sənaye inqilabına daxil olduğunu və kütləvi istehsalın ölkəyə təsirini göstərib. Daha sonra Ford şirkəti bu fotonu müxtəlif formalarda manipulyasiya edərək marketinq üçün istifadə edib. Fərqli versiyalarda işçi sayı artırılıb, bəzi binalar silinib və ya dəyişdirilib. “Görünür, fotoqraflar və nəşriyyatçılar realizmdən uzaqlaşmaqdan çəkinməyiblər” ,– deyə Boom və Rooseboom sərgi kataloqunda yazıblar.

James Van Der Zee Harlem Rönesans dövründə afroamerikalıların həyatını sənədləşdirən məşhur portret fotoqrafı olub. O, şəkillərdə insanların üzündəki qırışları silib, zərgərlik detallarını əlavə edib. O hər şəkilə ürəyini qoyduğunu və insanları həmişə realdan daha gözəl göstərməyə çalışdığını deyib. 

Onun 1938-ci ildə çəkdiyi “Naməlum kişinin portreti” əsəri afroamerikalı icmanın özünü necə görmək istədiyini əks etdirir. Şəkildə kişi inamlı pozada, zərif geyimdədir və yaxasında bir çobanyastığı gülü var.

Irene Poon Çin-Amerika icmasının həyatını sənədləşdirib. Onun 1965-ci ildə çəkdiyi “Virginia” fotosunda bacısı bir şirniyyat dükanında əhatələnən şəkildə görünür. Raflardakı “Look” adlı şokolad lövhəsi tamaşaçını bu şəklin tərkibini daha dərindən dərk etməyə çağırır.

Bill Stettner-in çəkdiyi “Stars and Stripes Forever?” fotosunda alışmaqda olan kibrit çöpündən hazırlanan Amerika bayrağı təsvir edilib. Bu, ölkənin kövrəkliyini və təməl prinsiplərinin təhlükədə olduğunu göstərən güclü bir görüntüdür.

Sərgi 9 iyun 2025-ci ilə qədər Rijksmuseum-da davam edəcək və sərgiyə həsr olunan  “Amerikan Fotoqrafiyası – Fotoqrafların Gözündən Amerika” kataloqu ilə müşayiət olunur.

Mənbə: BBC News  

Tərcümə etdi: Nigar Muştaqova  

Paylaş
Şərh əlavə et