“Becoming Led Zeppelin” adlı yeni rəsmi sənədli film qlobal təsir və əfsanəvi status qazanmasına baxmayaraq, tərifi çətin olan rok qrupun “nəticəsiz qalan hekayəsini” danışır.
Rok musiqisinin ən qüdrətli əfsanələri zamanla təkrar-təkrar çalınır və bəzən öz gücünü itirir. Ancaq 1968-ci ildə yaradılan “Led Zeppelin” bu baxımdan istisnadır. İngilis dördlüyü – görkəmli gitarist və prodüser Jimmy Page, ehtişamlı vokalist Robert Plant, eləcə də güclü ritm bölməsi olan John Paul Jones (bas gitara) və John Bonham (zərb alətləri) musiqi dünyasında tanınır və qlobal miqyasda təsirini qoruyub saxlayır. Onların milyonlarla nüsxə satılan musiqi kataloqunda blüz, folklor nağılları, Afrika, Asiya və Latın ritmləri, güclü maskulin təsir və avanqard elementlər yer alır. Onlar mətbuatdan uzaq duraraq ifrat həyat tərzi ilə tanınıblar. Lakin indi “Becoming Led Zeppelin” onların “bilmədiyimiz hekayəsini” tarixə həkk etməyi vəd edir.
Led Zeppelin – 20-ci əsrin musiqi zirvəsi
Bu film uzun müddət gözlənilib və nəhayət, 2021-ci ildə Venesiya Film Festivalında onun ilkin versiyası göstərilib. Rejissorlar Bernard MakMahon və Allison McGourty bu filmdən əvvəl uğurlu “American Epic” sənədli serialını çəkiblər. Sonra isə onlar Led Zeppelin haqqında film hazırlayıblar.
MacMahon deyir ki, onlar elə bir film çəkmək istəyiblər ki, həmin dövrü daha yaxşı araşdırsın. “American Epic”də 100 fərqli musiqiçi və qruplara baxıblar, amma bu dəfə tək bir qrup seçmək qərarına gəliblər. Onların fikrincə, II Dünya Müharibəsindən sonra musiqini 60-70-ci illərə daşıyan və 20-ci əsrin sonunu ən yaxşı təmsil edən qrup Led Zeppelin-dir.
Page, Plant və Jones bu sənədli filmin çəkilişlərinə razılıq verməzdən əvvəl MakMahon və McGourty-nin əvvəlki işlərini araşdırıblar. Xüsusilə American Epic onların musiqi qəhrəmanlarını işıqlandırdığı üçün bu layihə inandırıcı görünüb.
“Bu film çəkilə bilməz” – Robert Plantin qorxusu
Robert Plant rejissorlara bildirib ki, onların konsertlərini çəkmək mümkün deyil. Çünki Led Zeppelin heç vaxt televiziya üçün çıxış etməyib. Menecerləri Peter Grant konsert zamanı kamera çəkənləri qovub və lentləri məhv edib. Buna görə də həmin dövrə aid heç bir görüntü yoxdur.
Lakin “Becoming Led Zeppelin” iki saatlıq arxiv materialı şəxsi fotolar və nadir performans videolarını bir araya gətirib.
Bonhamın 1980-ci ildə spirtli içki qəbulundan sonra baş verən ağciyər aspirasiya nəticəsində ölümü qrupun dağılmasına səbəb olsa da, o, film boyu səs yazıları ilə təmsil olunub.
Musiqi – açıqlayıcı güc
Film boyunca əsas vurğulardan biri musiqinin gücüdür. Jimmy Page ABŞ-də ritm və blüz musiqisini ilk dəfə eşidəndə bunu tam fərqli, yad bir şey kimi hiss etdiyini deyir. Robert Plant isə müxtəlif üslublardan keçərək sonunda Led Zeppelin-in məşhur rok ulduzuna çevrilir.
Filmin rejissoru McGourty isə bildirir ki, filmin dramatik effektini artırmaq üçün müxtəlif kinomatik texnikalardan istifadə edilib. Məsələn: “Your Time Is Going To Come” mahnısı, qrupun Atlantik Rekord- a imza atdığı səhnədə səslənir.
“Ramble On”, Robert Plantin Amerika üzrə səyahətlərindən bəhs edərkən çalınır.
Led Zeppelin-in mistik gücü
Musiqi yazarı Phil Alexander Led Zeppelin-in enerjisinin hələ də canlı olduğunu vurğulayır: “Led Zeppelin dost deyil, bu filmdə də açıq-aşkar görünür. Onların yeganə bağları səhnədə bir-biriləri ilə oynadıqları musiqidən gəlir. Onların dörd nəfərdən ibarət yaratdıqları səs unikal və təkrarolunmazdır”.
Filmin başqa bir maraqlı tərəfi isə nostalji hisslərə qapılmadan hadisələri xronoloji şəkildə təqdim etməsidir. Filmin sonu qrupun ikinci albomunun çıxışı və onların zirvəyə çatması ilə bitir.
Filmin məqsədi nədir?
Rejissor MacMahon filmin əsas məqsədini belə izah edir: “Bu film gənclərə göstərmək istəyir ki, əgər, həqiqətən, bir sahəyə ehtirasla yanaşsan, əziyyət çəkib çalışsan, o zaman arzularını reallaşdıra bilərsən”.
“Becoming Led Zeppelin” Böyük Britaniya kinoteatrlarında nümayiş olunur və 14 fevral tarixində ABŞ-də geniş yayıma başlayacaq.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova