Bu gün:

Tarixin ən vacib tikililəri hansılardır?


Tarixi binalar insanlığın ən dəyərli irslərindən biridir. Hər biri qədim dövrlərin izlərini daşıyır və o zamanın mədəniyyəti, sənəti və mühəndisliyi haqqında məlumat verir. Bu tikililər təkcə gözəl memarlıq nümunələri deyil, həm də keçmişi daha yaxşı anlamağımıza kömək edir. Bəs dünyanın ən önəmli tarixi binaları hansılardır?

Hər biri böyük tarixi və mədəni əhəmiyyətə malik olan dünyanın ən mühüm tarixi binalarını təqdim edirik:

1. Böyük Çin Səddi – Çin

Böyük Çin səddi ən uzun tikilidir və "YUNESKO"nun Ümumdünya İrs  Siyahısındadır.  Eramızdan əvvəl 7-ci əsrdən başlayaraq tikilmiş bu nəhəng tikili Çini şimaldan gələn hücumlardan qorumaq üçün tikilib. 21.000 kilometr uzunluğu və özünəməxsus mühəndis quruluşu ilə dünya tarixinin ən əhəmiyyətli tikililəri sırasındadır.

2. Misir Piramidaları – Misir

Misirin Giza bölgəsində yerləşən piramidalar qədim dünyanın yeddi möcüzəsindən biridir. Ən məşhur piramida eramızdan əvvəl 2560-cı ildə tikilmiş Xeops Piramidasıdır. Bu nəhəng strukturlar qədim Misir sivilizasiyasının gücünü və mühəndislik biliklərini ortaya qoyur. Bu gün də piramidalar ziyarətçiləri cəlb etməyə davam edir.

3. Tac Mahal – Hindistan

Tac Mahal Hindistanın Aqra şəhərində yerləşən nəhəng bir türbədir. 17-ci əsrdə tikilmiş bu ağ mərmər tikili Moğol İmperatoru Şah Cahan tərəfindən həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə tikilib. "YUNESKO"nun Ümumdünya İrs Siyahısına daxil olan Tac Mahal zərif memarlığı və təsir edici gözəlliyi ilə dünyanın ən tanınmış tikililərindən biridir.

4. Kolizey – İtaliya

Romadakı Kolizey qədim Roma İmperiyasının ən böyük amfiteatrı kimi tikilib. Eramızdan əvvəl 70-80-ci illər arasında tikilmiş bu tikilidə qladiator döyüşləri və digər əyləncələr keçirilib. Kolizey Roma İmperiyasının gücünü və tarixini simvollaşdırır. Bu gün bu, Romanın ən məşhur turistik yerlərindən biridir.

5. Ayasofya – Türkiyə

İstanbulun ən əhəmiyyətli tarixi binalarından biri olan Ayasofya həm Bizans, həm də Osmanlı dövrlərinin izlərini daşıyır. 537-ci ildə Bizans imperatoru I Yustinian tərəfindən kilsə olaraq inşa edilən Ayasofya 1453-cü ildə Osmanlı İmperatorluğu tərəfindən məscidə çevrilib. Bu gün həm məscid, həm də muzey kimi istifadə olunur.  İstanbulun tarixi yarımadasında yerləşən Ayasofya mədəniyyətlərin qovşağında mühüm yer tutur.

6. Maçu Pikçu – Peru

Maçu Pikçu İnka İmperiyasının ən mühüm xarabalıqlarından biridir. Perunun And dağlarında yerləşən bu qədim şəhər 15-ci əsrdə İnka İmperatoru Paçakuti tərəfindən tikilib. Hündür dağlarda gizlənmiş bu tarixi məkan füsunkar mənzərəyə malikdir. Bu gün Dünya İrs Siyahısına düşən Maçu Pikçu turistlərin diqqətini çəkməyə davam edir. 

7. Stonehenge – İngiltərə

Stonehenge, İngiltərənin cənubunda yerləşən qədim daş quruluşdur. Təxminən eramızdan əvvəl 3000-ci illərdə tikilmiş bu tikilinin məqsədi və necə tikildiyi barədə dəqiq məlumat yoxdur. Bununla belə, bu böyük daş tikililər qədim sivilizasiyaların astronomik və dini inanclarını simvolizə edə bilir. Stonehenge dünyanın ən qədim və sirli tikililərindən biri kimi də tanınır.

8. Petra – İordaniya

Petra İordaniyanın cənubunda qayalara oyulmuş qədim şəhərdir və Nəbati Krallığının paytaxtı kimi istifadə edilib. Eramızdan əvvəl 3-cü əsrdən inşa edilən Petra, xüsusilə qaya üzərində oyulmuş tikililəri və memarlığı ilə diqqət çəkir. Bu unikal şəhər 1985-ci ildə "YUNESKO"nun Ümumdünya İrs Siyahısına daxil edilib.

9. Çiçen İtza – Meksika

Çiçen İtza Meksikanın Yukatan yarımadasında yerləşən qədim Maya şəhəridir. 6-cı əsrdə əsası qoyulan şəhər ən məşhur quruluşu olan El Kastillo Piramidası ilə tanınır.  Maya sivilizasiyasının astronomiya, mühəndislik və memarlıq biliklərinin simvolu olan Çiçen İtza bu gün Meksikanın ən böyük turizm məkanlarından biridir.

10. Noyşvanşteyn qəsri – Almaniya

Noyşvanşteyn qəsri Almaniyanın Bavariya bölgəsində yerləşən və nağılı xatırladan tikilidir. 19-cu əsrdə Bavariya kralı II. Lüdviq tərəfindən tikilib. Bu qalanın füsunkar memarlığı və dağlarla əhatə olunmuş yerləşməsi bütün dünyada məşhurdur və çoxlu sayda turisti cəlb edir.

Dünyanın ən mühüm tarixi tikililəri həm memarlıq gözəlliyi, həm də tarixdəki dərin mənası ilə bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir. Bu tikililər təkcə keçmişin izlərini daşımır, həm də bəşər tarixinin ən mühüm mədəni və bədii irsini özündə birləşdirir. Əgər tarixlə maraqlanırsınızsa, bu strukturları ziyarət etmək keçmişi daha yaxından araşdırmaq üçün maraqlı bir fürsət təqdim edir.

Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et