Bu gün:

Bədən ağrıları psixoloji siqnaldırmı?


Ağrı insan həyatının ayrılmaz hissəsidir. Lakin bəzən bədənimizdə heç bir fiziki səbəb olmadan ağrılar meydana gəlir. Belə hallarda bu ağrıların psixoloji mənşəli ola biləcəyi ehtimal edilir. Psixogen ağrı adlanan bu vəziyyət, beyinin stress, depressiya və ya digər psixoloji amilləri fiziki ağrı kimi şərh etməsi nəticəsində yaranır.

Psixogen ağrı nədir və necə yaranır?

Psixogen ağrı, əslində fiziki zədə və ya xəstəlik olmadığı halda hiss edilən ağrıdır. Bunun səbəbi tam olaraq məlum olmasa da, bəzi nəzəriyyələr ağrı yaddaşı (pain memory) konsepsiyasını irəli sürür. Bu nəzəriyyəyə görə, sinir sistemi əvvəlki zədələri "xatırlayır" və ağrını uzun müddət davam etdirir. Digər nəzəriyyələr isə sinir siqnallarının beyində səhv emal edilməsi nəticəsində yaranan "yanlış siqnal ötürülməsi" fenomenini izah edir. Beynimiz ağrının yerini və şiddətini sinir reseptorları vasitəsilə müəyyən edir. Lakin bu siqnallar beynə çatana qədər qarışa bilər və nəticədə psixoloji problemlər fiziki ağrı kimi hiss oluna bilər.

Psixoloji faktorlardan qaynaqlanan ağrılar

Bəzi psixoloji vəziyyətlər bədəndə davamlı ağrılar yarada bilər. Bu vəziyyətlərə aşağıdakılar daxildir:

Stress və gərginlik – Xroniki stress bədəndə əzələ gərginliyi və ağrılara səbəb ola bilər.

Depressiya – Depressiya zamanı insanlar baş ağrısı, əzələ ağrıları və həzm problemləri yaşayırlar.

Anksiyete (təşviş) pozuntuları – Anksiyete yüksək səviyyədə adrenalinin ifraz olunmasına səbəb olur ki, bu da ürək döyüntüsünü və əzələ sıxılmasını artıraraq ağrılara gətirib çıxarır.

Bipolyar pozuntu – Duyğusal dalğalanmalar bədəndə ağrı hissini artırır.

Psixoloji ağrılar hansı formada görünə bilər?

Psixogen ağrı bədənin müxtəlif yerlərində hiss edilə bilər və kəskin və ya xroniki ola bilər:

Baş ağrıları – Gərginlik səbəbindən başın müxtəlif nahiyələrində ağrılar meydana çıxa bilər.

Boyun və kürək ağrıları – Stres və emosional gərginlik boyun və çiyin əzələlərinin sıxılmasına səbəb olur.

Mədə-bağırsaq problemləri – Həddindən artıq stress və anksiyete bağırsaq funksiyalarına təsir edərək ishal, ürəkbulanma və ya qəbizlik yarada bilər.

Əzələ və oynaq ağrıları – Xüsusilə çiyin, boyun və bel nahiyəsində davamlı gərginlik nəticəsində yaranan ağrılar.

Emosional ağrılar və onların bədənə təsiri

Bədənimiz yalnız fiziki travmalara deyil, həm də emosional zərbələrə reaksiya verir. Emosional ağrılar bəzən fiziki ağrılarla müşayiət oluna bilər.

Emosional ağrının əsas səbəbləri:

Üzüntü və kədər – Sevilən bir insanın itirilməsi, uğursuzluq və ya gözləntilərin yerinə yetirilməməsi depressiv simptomlara və bədən ağrılarına səbəb ola bilər.

Qəzəb və hiddət – İçimizdə toplanan ifadə olunmamış qəzəb bədəndə uzunmüddətli gərginlik yarada bilər.

Utanc və günahkarlıq hissi – Utanc və günahkarlıq hissi həzm sistemində narahatlıq və ya sinə ağrılarına səbəb ola bilər.

Travmatik hadisələr – Keçmişdə yaşanmış emosional travmalar uzun müddət bədəndə ağrı kimi özünü göstərə bilər.

Emosional ağrının fiziki nəticələri

Psixoloji ağrılar zamanla aşağıdakı fiziki problemlərə səbəb ola bilər:

Bağırsaq problemləri (ishal, qəbizlik, qarın ağrıları)

✓Baş gicəllənməsi

✓Baş ağrıları

✓Boyun və çiyin əzələlərində ağrılar

✓Ürəkbulanma

Əllərdə və ayaqlarda ağrılar

Bundan əlavə, emosional ağrı tez-tez aşağıdakı davranışlarla müşayiət oluna bilər:

Əsəbilik və ya aqressiya

Spirtli içki və narkotik maddələrə aludəçilik

Özünə zərər vermək

Riskli davranışlar (məsələn, təhlükəli sürücülük, ehtiyatsız cinsi münasibətlər)

Psixoloji ağrılar necə müalicə olunur?

Psixogen ağrıların müalicəsi üçün həm fiziki, həm də psixoloji yanaşmalar tələb olunur. Əsas müalicə metodları bunlardır:

1. Ağrını idarə etmək – Fizioterapiya, dərman müalicəsi və qidalanma rejiminin tənzimlənməsi ilə ağrılar yüngülləşdirilə bilər.

2. Psixoloji problemlərin müalicəsi – Psixoterapiya və ya meditasiya kimi metodlarla emosional problemlər həll edilə bilər. Bəzi hallarda, antidepresanlar və ya sakitləşdirici dərmanlar da tövsiyə edilə bilər.

3. Alternativ müalicə üsulları – Akupunktur, masaj terapiyası, nəfəs texnikaları və meditasiya kimi alternativ üsullar psixoloji və fiziki rahatlama təmin edə bilər.

Nəticə

Psixogen ağrı və emosional ağrı arasında güclü əlaqə var. Stres, depressiya, anksiyete kimi psixoloji problemlər bədənimizdə real ağrılara səbəb ola bilər. Bu ağrılar həm fiziki, həm də emosional cəhətdən ciddi təsirlər yarada bilər. Əgər siz də bu cür ağrılarla qarşılaşırsınızsa, həm həkimə, həm də psixoloqa müraciət edərək müalicə və dəstək ala bilərsiniz. Unutmayın ki, psixoloji səbəblərlə yaranan ağrılar realdır və ciddi yanaşılmalıdır.

Mənbələr: verywell mind,dignity health 

Tərcümə edən: Fatimə Cabbarlı 


Paylaş
Şərh əlavə et