Ədəbiyyat geniş coğrafi bölgələri, mədəni ənənələri və tarixi dövrləri əhatə edən əyləncəli və maarifləndirici əsərləri özündə cəmləşdirir. Hər kateqoriya özünəməxsus fərqlilik təqdim edir və böyük ədəbi dəyərə malikdir, lakin İngilis ədəbiyyatı uzun müddətdir ki, maraqlı mövzuları və canlı təsvirləri ilə oxucuları özünə cəlb edir.

İngilis ədəbiyyatının təməli
İngilis ədəbiyyatı Britaniya adalarında yazılan əsərlərdən ibarətdir və VII əsrdən günümüzə qədər uzanıb. İlk tanınan əsər “Beowulf” şeiridir.
Orta İngilis dili dövründə isə ədəbi formatlar formalaşıb. Cefri Çoser və William Şekspir bu dövrün önəmli yazıçıları olub.
Cefri Çoser və orta əsrlər
Cefri Çoser İngilis ədəbiyyatının atası kimi tanınır. Onun ən məşhur əsəri “The Canterbury Tales”dir. Bununla yanaşı, o həm də filosof, astronom və dövlət məmuru kimi də fəaliyyət göstərib.
Çoserin əsərləri onun müxtəlif maraqlarını əks etdirir. O, şeirlərində fəlsəfi suallara toxunub, eyni zamanda, yumor elementlərindən də istifadə edib.
1390-cı illərdə Çoser “The Canterbury Tales” üzərində işləməyə başlayıb. Bu əsər əsasən nəzm şəklində yazılıb. Nağıllar Canterbury məbədinə gedən bir qrupun səyahəti zamanı danışılan hekayələr üzərində qurulub. Bu hekayələr həm əyləncəli, həm də düşündürücüdür. Eyni zamanda, Orta İngilis dilinin ədəbiyyatda populyarlaşmasına böyük təsir göstərib.
William Şekspir və Elizabet dövrü
William Şekspir (1564-1616) İngilis ədəbiyyatının ən önəmli şəxsiyyətlərindən biridir. Onun əsərləri “Elizabet” və “Yakob” dövrlərində böyük şöhrət qazanıb və zaman keçdikcə ədəbiyyat dünyasında əvəzolunmaz yer tutub.
Şekspirin yaradıcılığına 38 pyes, 154 sonet və çoxsaylı poemalar daxildir. Əsərləri üç əsas kateqoriyaya bölünür: faciələr, komediyalar və tarixi dramlar. “Hamlet”, “Otello”, “Macbeth” kimi faciələri, “Yay gecəsi yuxusu”, “Siz necə istəsəniz” kimi komediyaları və “Kral IV Henri”, “Yuli Sezar” kimi tarixi dramları klassiklər sırasındadır.
O sadəcə süjet xətti ilə deyil, obrazlarının psixoloji dərinliyi və dil zənginliyi ilə də tanınır. Onun yaratdığı çoxsaylı ifadələr bu gün də gündəlik İngilis dilində istifadə olunur. Məsələn, “Break the ice” (münasibətləri yumşaltmaq) və ya “Heart of gold” (qızıl ürək) ifadələri ondan miras qalıb.
Şekspir Stratford-upon-Avonda doğulub və orada həyatının son illərini keçirib. O həmçinin “Globe Theatre” teatrının qurucularından biridir. Əsərləri yüzilliklər boyu məktəblərdə öyrədilir, teatr səhnələrində və filmlərdə canlandırılır.
Mənbə: Park
Tərcümə etdi: Nigar Muştaqova
