Araşdırmada depressiya və narahatlıq əlamətləri, xoşbəxtlik, həyat məmnuniyyəti, həyatın mənalı olduğu hissi və tənha qalmaq kimi amillər araşdırılıb. İştirakçılara isə “Keçən həftə özünüzü nə qədər xoşbəxt hiss etdiniz?”, “Həyatınızdan nə dərəcədə məmnunsunuz?” və “Həyatınızda etdiyiniz şeylərin nə qədər dəyərli olduğunu düşünürsünüz?” kimi suallar verilib.
Əldə edilən nəticələr göstərib ki, insanlar bazar ertəsi və cümə günləri bazar gününə nisbətən daha xoşbəxt olurlar. Xüsusilə çərşənbə axşamı həftənin ən xoşbəxt günlərindən biri hesab edilir. Bununla belə, tənha qalmaq hissi həftənin müxtəlif günlərində əhəmiyyətli dərəcədə dəyişmir.
Bədən saatı ruh halımıza təsir edir
Alimlər gün ərzində ruh halındakı dəyişikliklərin bədən saatı ilə bağlı fizioloji faktorlarla əlaqəli ola biləcəyini bildiriblər. Məsələn, ruh halını, motivasiyanı və qorxunu tənzimləyən kortizol hormonu oyandıqdan qısa müddət sonra ən yüksək səviyyəyə çatır və gün ərzində azalmağa davam edərək gecə ən aşağı səviyyəyə düşür.
UCL Davranış Elmi və Sağlamlıq Bölməsindən Dr. Feifei Bu, araşdırmanın mühüm nəticələr ortaya qoyduğunu vurğulayaraq bildirib: “Nəticələrimiz göstərir ki, psixi sağlamlıq və rifah səhər saatlarında daha yaxşı olur, lakin gecə yarısına yaxın pisləşir. Buna görə də, psixi sağlamlıq dəstək xidmətləri gün ərzində dəyişən ehtiyaclara uyğun olaraq resurslarını tənzimləyə bilər. Xüsusilə gecə saatlarında daha çox əlçatanlıq təmin edilməlidir".
Mənbə: Ntv
Tərcümə etdi: Zeynəb Həsənova
