Səhər yeməyi günün ən vacib yeməyi sayılır və səhər yeməyində yediyimiz qidalar enerji səviyyəmizi müəyyən edir. Araşdırmalar göstərib ki, səhər saat 9:00-dan əvvəl səhər yeməyi yemək depressiyaya düşmə riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Elm adamları səhər saat 9-dan sonra səhər yeməyi yeyən insanların günün ilk yeməyini səhər 8-dən əvvəl yeyənlərlə müqayisədə əhval-ruhiyyənin aşağı düşməsi və psixi sağlamlıq problemləri ilə üzləşmə ehtimalının 28% daha çox olduğunu aşkar ediblər.
Araşdırma nəticəsində məlum olub ki, səhər yeməyi yeməmək də psixoloji vəziyyətə mənfi təsir göstərir. Çinin Xi'an Jiaotong Universitetinin həkimləri tərəfindən aparılan araşdırmada 11 il ərzində təxminən 24.000 nəfərin səhər yeməyi vərdişləri araşdırılıb. Könüllülərin səhərlər müntəzəm səhər yeməyi yeyib yeməməsi və əgər yeyirlərsə, hansı saatlarda yedikləri sənədləşdirilib.
Araşdırmanın nəticələri The Journal Of Affective Disorders jurnalında dərc olunub. Tədqiqatlara görə, səhər tezdən səhər yeməyi yeyən insanlar, səhər yeməyini tamamilə atlayanlarla müqayisədə depressiyadan daha az əziyyət çəkirlər.
Milli Statistika İdarəsinin məlumatlarına görə, Böyük Britaniyada hər altı yetkindən biri mütəmadi olaraq orta və ya şiddətli depressiya əlamətləri yaşayır. Sorğular həmçinin göstərib ki, Böyük Britaniyada hər iki nəfərdən birinin səhər yeməyi yeməyə vaxtı yoxdur, işə gedərkən qəlyanaltı yeyənlərin üçdə biri isə iş masasında yemək yeyir.
Mütəxəssislər səhər yeməyini gecikdirməyin nə üçün zərərli olduğunun dəqiq bilinmədiyini, lakin bəzi nəzəriyyələrə görə yuxu rejiminin pozulmasının, oturaq həyat tərzinin və ya gündəlik motivasiya çatışmazlığının göstəricisi ola biləcəyini bildiriblər.
Bütün bu amillər psixi sağlamlığın pisləşməsinin potensial xəbərdarlıq əlamətləri hesab olunub.
Tədqiqatçılar sağlam əhval-ruhiyyə üçün günün erkən saatlarında səhər yeməyi yeməyi tövsiyə ediblər.
Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova
