Bu gün:

Benksi kimdir?


Benksi kimdir?

Benksi dövrümüzün ən sirli və müzakirə olunan küçə rəssamıdır. O, təkcə sprey boya deyil, həm də trafaretlərdən istifadə edərək öz texnikası ilə işləyir. Onun rəsmləri sosial problemləri daşıyan simvolik ifadələrdir. Benksi diqqəti ən mühüm və aktual məsələlərə cəlb edir: istehlak cəmiyyətinin pislikləri, müharibələrin günahsız qurbanları, qlobal istiləşmə və s. O, indiyədək heç bir küçə rəssamının edə bilmədiyi işi etdi - qraffitini sənət səviyyəsinə qaldırdı.

Benksi haqqında ən məşhur fakt onun inkoqnito sənətçi olmasıdır. Anonimlik onun imicinin ayrılmaz hissəsinə çevrilib. Meymun maskası və qara kapüşon altında tam olaraq kimin gizləndiyi barədə hələ də dəqiq məlumat yoxdur.Benksinin Bristolda doğulduğuna inanılır.

İki ölçülü işlərindən əlavə, Benksi instalyasiyaları ilə də tanınır. Ən məşhur əsərlərdən biri Victorian dövrünə bənzər divar kağızı ilə örtülmüş bir fildir və heyvan hüquqları müdafiəçiləri arasında mübahisələrə səbəb olub.

Benksi klassik şəkilləri təhrif etməklə də tanınır. Buna misal olaraq Klod Monenin məşhur su zanbaqları tablosunun üzən zibilləri təsvir etmək üçün uyğunlaşdırılmış rəssam versiyasını göstərmək olar.

Benksinin qrafik işləri Böyük Britaniya qanunlarına görə vandalizmdir, lakin hərracda yüz minlərlə funta satılır. Bir çox küçə rəssamları Benksini trafaretlərdən istifadə etdiyinə, tənbəlliyə və “rəsm çəkə bilməməsinə” görə tənqid edir.

Amma rəssamın özünün dediyinə görə, vaxta çox qənaət etdiyi üçün onlardan istifadə etməyə başlayıb. Və qraffiti yaratmaq üçün nə qədər az vaxt sərf etsəniz, həbsxanaya düşməmək ehtimalınız bir o qədər çox olar...

Güclü fərziyyələrə baxmayaraq, Benksinin kimliyi hələ də naməlum olaraq qalır. Ən çox təklif olunan iki ad Robert Benks və Robin Gunninghamdır. 1973-cü ildə Bristolda anadan olmuş rəssam Gunninghama işarə edən Benksi olduğu güman edilən bir adamın fotoşəkilləri ortaya çıxıb. Gunningham təxminən 2000-ci ildə Londona köçüb və bu Benksinin yaradıcılığı ilə uyğun gəlir.

Ən geniş yayılmış versiyalardan birinə görə, Massive Attack qrupunun üzvü, eyni zamanda 3D təxəllüsü ilə işləyən musiqiçi Robert Del Naja Benksi təxəllüsü arxasında gizlənir.

Bu nəzəriyyənin tərəfdarları qeyd edirlər ki, Benksinin yeni əsərlərinin dünyada görünmə tarixləri şübhəli şəkildə musiqi qrupunun qastrol marşrutu ilə üst-üstə düşür.

Benksinin şəxsiyyətinin başqa bir versiyası onun bir şəxs deyil, bir neçə sənətçidən ibarət bir qrup olmasıdır. 2010-cu ildə rəssamın yaradıcılığının tədqiqatçıları “Benksi bir qadının rəhbərlik etdiyi yeddi yaradıcıdan ibarət komandadır” nəzəriyyəsini irəli sürdülər. Bəlkə də bu, rəssamın əsərlərinin çox yayılmasını izah edir.

Mənbə: arts tobe

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et