"İncəsənətin inciləri " rubrikası Kamil Pissarronun "La Récolte des Foins, Eragny" əsərini təqdim edir.

"La Récolte des Foins, Eragny" adlı əsər fransız rəssam Kamil Pissarronun 1887-ci ildə tamamladığı məşhur sənət nümunələrindən biridir. Pissarro bu əsərində Fransanın kiçik Eragny qəsəbəsinin təbiətini və kənd həyatı səhnəsini ölümsüzləşdirib. Rəsm sənətkarın həyatının sonlarına yaxın, 1884-cü ildə ailəsi ilə birlikdə köçdüyü Eragny-sur-Epte qəsəbəsində çəkilib. Bu dövrdə Pissarro kənd mənzərələrinə və gündəlik zəhmətkeş həyatın gözəlliklərini təsvir etməyə xüsusi diqqət yetirib. Əsər yağlı boya texnikası ilə işlənilib, işıq, kölgə və rənglərdəki incə oyunu ilə seçilir.
Rəsm sakit və təbiətə harmoniya ilə dolu bir mənzərə təqdim edir. İsti yay gününün təsiri hiss olunur. Açıq-mavi səma ilə örtülmüş mənzərə, xırda buludlar və günəş işığının yerə vurduğu parlaq rənglərdən ibarətdir. Əsərin mərkəzində kənd qadınları ot biçmək ilə məşğuldur. Onlar əlində oraq tutaraq otları yığıb dəstələyirlər. Kənd qadınlarının zəhmətkeş həyatı onların gündəlik həyatının sakit ahəngini əks etdirir.
Pissarro rəsmin ön planında yaşıl rənglərin müxtəlif tonlarını ustalıqla birləşdirərək tarlanın məhsuldarlığını və təbiətin gücünü vurğulayıb. Orta planda isə ağaclar və kiçik bir kənd evinin çaları təsvir edilib. Bu tarlada çalışan kəndlilərin, eyni zamanda, ailə həyatına və təbiət ilə iç-içə mövcudluğuna işarə edir.
Fon daha uzaq mənzərələrə, dağlara və mavi siluetlərə doğru açılır. Bu kompozisiya gözləri tədricən üfüqə yönəldərək rəsmin dərinliyini artırır. Pissarro işıq və rəng harmoniyasına xüsusi diqqət yetirərək bu əsərində impressionizmin əsas prinsiplərini yüksək səviyyədə ifadə edir.
"La Récolte des Foins, Eragny" həm zəhmətkeş kənd həyatının sakit gözəlliyini, həm də təbiətin sadə cazibəsini bədii bir dil ilə çatdıran əsərdir. Rəsm, eyni zamanda, sənətkarın həyatı boyu davam edən sadə həyat və təbiət sevgisinin parlaq bir sübutudur.
Hazırladı: Talehə Hüseynzadə
