Bu gün:

İtaliyanın məşhur simvolu


Pizza, dünyada ən çox sevilən və yeyilən yeməklərdən biridir. Ancaq çox az insan onun tarixi haqqında düşünür. Marqerita pizzası sadə və ləzzətli yeməyin ən məşhur növlərindən biri olub, həm də unikal bir tarixə malikdir. İtalyan mətbəxinin simvollarından biri olan bu pizza, yalnız ləzzəti ilə deyil, həm də İtaliyanın birləşməsini təmsil edən rəngləri ilə də əhəmiyyət kəsb edir. 

Tarixə nəzər saldıqda, Marqerita pizzasının yaranması İtaliya Kraliçası Marqeritanın Neapolda keçirdiyi bir günə, eləcə də pizza ustası Rafaele Esposito-nun yaradıcılığına bağlıdır.

Tarix kitablarında yazılıb ki, 1889-cu ildə İtaliyanın birləşməsindən sonra İtaliya Kraliçası Margherita, Kral I Umberto-nun həyat yoldaşı, Neapolu ziyarət edib. Kraliçanı şərəfləndirmək üçün Pizzeriya Brandi-nin aşpazı Rafaele Esposito İtaliyanın birləşməsini təmsil edən pizzanı hazırlayıb. O, pizzanın İtaliya bayrağının rənglərini təmsil etməsini istəyib: pomidor qırmızı rəngi, mozzarella ağ rəngi, reyhan isə yaşıl rəngi təmsil edirdi. Beləliklə, Neapola gəlmiş olan kraliçaya hörmət olaraq bu pizzaya Marqerita adı verilib.

Bəziləri bu pizzanın köklərini 1866-cı ilə bağlasa da, məhz bu versiya onu məşhur edib. Yalnız İtaliya miqrantlarının dünyaya yayılması ilə Pizza Marqerita bugünkü tanınan formasına gəlib. 

Mənbə: Alfa Forni

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et