Bu gün:

Rənglərin mədəniyyətlərarası mənaları


Rənglər yalnız vizual elementlər deyil, həm də güclü emosional və mədəni mesajlar daşıyır. Hər bir rəngin müxtəlif mədəniyyətlərdə fərqli mənaları var və bu mənalar istifadəçilərin rəqəmsal interfeyslərlə qarşılıqlı əlaqəsi, dizaynın qəbulu və təcrübəsinə təsir edə bilər. 

Mədəniyyətlərarası rəng simvolizmini anlamaq, xüsusilə qlobal auditoriya üçün dizayn hazırlayarkən mühüm əhəmiyyət kəsb edir. Rənglərə qarşı olan unikal təfsirlər və reaksiyalar hər bir mədəniyyətin özünəməxsus tarixindən, dinindən, dilindən və ənənələrindən qaynaqlanır.

Elə isə gəlin onlardan bir neçəsinə nəzər yetirək:

Qırmızı: Qərb mədəniyyətlərində qırmızı tez-tez sevgi və həyəcanla əlaqələndirilir. Bu, təcili vəziyyət yaratmaq üçün istifadə olunur. Asiya mədəniyyətlərində isə qırmızı uğur, bolluq, xoşbəxtlik simvoludur və bayramlarda, şənliklərdə geniş istifadə olunur.

Sarı: Qərb mədəniyyətlərində sarı rəng istilik, xoşbəxtlik, optimizm ilə əlaqələndirilir və dostcanlı, dəvətkar bir atmosfer yaratmaq üçün istifadə olunur. Şərq mədəniyyətlərində isə sarı cəsarət və ruhaniyyəti simvollaşdırır. Polineziyada sarı müqəddəs bir rəngdir və ilahi mahiyyətin rəngi hesab olunur, Çində isə çox güclü tarixi, mədəni əlaqələri vardır.

Mavi: Qərb mədəniyyətlərində mavi sakitlik, etibar, peşəkarlıqla əlaqələndirilir, çox vaxt hakimiyyətli və konservativ mənalar daşıyır. Dövlət məmurları, polis əməkdaşları və kostyum geyinən biznesmenlər tez-tez maviyə üstünlük verirlər. Şərq mədəniyyətlərində və bir çox qədim dinlərdə isə mavi ruhani və ya talismanik xüsusiyyətə malikdir, qədim misirlilər tərəfindən axirətdə qorunmaq, Mesopotamiya və Assurda isə pis ruhlardan qorunmaq üçün istifadə olunurdu.

Yaşıl: Qərb mədəniyyətlərində yaşıl təbiət, inkişaf və harmoniya ilə əlaqələndirilir, tez-tez ətraf mühit və sağlamlıqla bağlı tətbiqlərdə istifadə olunur. Şərq mədəniyyətlərində isə bu, bərəkət və bolluq simvoludur. Lakin, bərəkət və canlılıqla əlaqələndirilməsinə baxmayaraq, yaşıl Qərb mədəniyyətlərində tez-tez xəstəliklə bağlıdır.

Qara: Qərb mədəniyyətlərində qara rəng incəlik, güc, rəsmi tədbirlərlə əlaqələndirilir, lüks markalar və müasir dizaynlarda tez-tez istifadə olunur. Şərq mədəniyyətlərində isə qara yas və ya ölümü simvolizə edə bilər. UX dizaynerləri interfeyslərdə qara rəng istifadə edərkən mədəni həssaslıqlara diqqət etməlidirlər.

Mənbə: Cieden

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et