
Othello sindromu: Patoloji qısqanclıq və beyin zədələnməsi
Othello sindromu psixotik pozuntu olub, insanın patoloji qısqanclıq hissi keçirməsi və heç bir real sübut olmadan həyat yoldaşının və ya sevgilisinin onu aldatdığına inanması ilə xarakterizə olunur. Bu vəziyyətdə olan şəxs hətta qarşı tərəfə fiziki zərər yetirə bilər. Othello sindromu rəsmi olaraq psixi pozuntuların diaqnostikası üçün istifadə edilən DSM (Ruh Sağlamlığı Pozuntularının Diaqnostik və Statistik Təlimatı) kitabında ayrıca bir diaqnoz kimi yer almır, lakin sanrılı (delüziyalı) pozuntu ilə əlaqəli hesab edilir.
Bu sindrom Şekspirin məşhur “Othello” faciəsinin əsas qəhrəmanının adını daşıyır. Əsərdə Othello adlı hərbi komandir, ətrafındakı insanların manipulyasiyası nəticəsində həyat yoldaşı Dezdemonanı ona xəyanət etməkdə günahlandırır. Halbuki, bu, tamamilə yalan idi. Sonda Othello qısqanclığın təsiri altında həyat yoldaşını öldürür və daha sonra özünə də qəsd edir.
Othello sindromunun səbəbləri
Othello sindromu olduqca nadir rast gəlinən bir psixotik vəziyyətdir və müxtəlif səbəblərdən qaynaqlana bilər. Bu sindrom şizofreniya kimi psixotik pozuntuların bir forması kimi meydana çıxa bilər, eyni zamanda alkoqol və narkotik maddə istifadəsi nəticəsində də inkişaf edə bilər. Bundan əlavə, Parkinson xəstəliyi, insult və digər nevrodegenerativ pozuntular da Othello sindromuna səbəb ola bilər. Sindromun beyinlə əlaqəli mexanizmləri tam olaraq aydın deyil, lakin alimlər son araşdırmalar nəticəsində bəzi mühüm ipucları əldə ediblər.
Othello sindromunun səbəblərinə dair yeni araşdırma
Təzə bir araşdırma 2024-cü ildə Neurocase adlı elmi jurnalda dərc edilib. Mərakeşin Kasablanka Universitetindən Qita Hjej və onun tədqiqat qrupu Othello sindromunun nevroloji səbəblərini araşdırıblar.
Onların təqdim etdiyi klinik hadisədə 50 yaşlı bir qadın uzun illər xoşbəxt evlilik həyatı yaşayıb. Lakin bir gün mətbəxdə yemək bişirərkən qəfil baş ağrısı hiss edib və huşunu itirib. Xəstəxanaya aparılan qadının beynində insult keçirdiyi və xüsusilə talamus adlı beyin bölgəsinin zədələndiyi müəyyən edilib. Hər iki beyin yarımkürəsi zədələnsə də, sağ talamus daha ciddi zərər görmüşdü.
Talamus beynin mərkəzində yerləşən mühüm bir hissədir və bədən, eləcə də hiss orqanlarından gələn məlumatları beyinə ötürmək funksiyasını yerinə yetirir. Eyni zamanda, talamus şüur və yuxu ilə bağlı əsas beyin mexanizmlərində də rol oynayır.
Qadın xəstəxanada iki həftə qaldıqdan sonra sağalmağa başladı və xəstəxanadan çıxdı. Lakin buraxıldıqdan cəmi iki gün sonra o, həyat yoldaşını ona xəyanət etməkdə günahlandırmağa başladı. Əvvəlcə bacısı ilə, sonra isə bir dostunun qızı ilə ərinin onu aldatdığını iddia edirdi. Getdikcə onun davranışı daha paranoyak hal almağa başladı. O, həyat yoldaşının telefonunu dəfələrlə yoxlayır, gizlicə izləyir, hətta gecə yarısı onu oyadıb xəyanət etdiyini sübut etməyə çalışırdı.
İnsultdan bir il sonra qadının qısqanclığı daha da kəskinləşdi və o, ərinə bıçaqla hücum etdi. Onun düşüncələri həyat yoldaşının guya xəyanət etməsi üzərində həddən artıq fokuslanmışdı və digər məsələlərə marağını tamamilə itirmişdi. Nəhayət, həkimlər qadına antipsikotik dərmanlar yazdılar və bu müalicə nəticəsində Othello sindromunun simptomları tamamilə yox oldu.
Sağ talamusun rolu və qısqanclıq
Bu araşdırmanın nəticələri göstərir ki, sağ talamusun zədələnməsi psixotik qısqanclıq sanrılarına səbəb ola bilər. Alimlər bu vəziyyəti belə izah edirlər: talamusun zədələnməsi beyində doğru qərar qəbul etmə, düzgün mühakimə yürütmə və adekvat sosial davranışla bağlı neyron şəbəkələrinə mənfi təsir göstərir. Bu səbəbdən də insult keçirmiş bəzi insanlarda qeyri-adekvat sosial reaksiyalar, o cümlədən patoloji qısqanclıq müşahidə edilə bilər.
Bu tədqiqat Othello sindromunun nevroloji əsaslarını daha yaxşı anlamağa kömək edir və gələcəkdə belə xəstələrin daha effektiv şəkildə müalicə olunması üçün yeni imkanlar yarada bilər.
Mənbə: opera news
Tərcümə edən: Fatimə Cabbarlı
