Bu gün:

Daha çox dəyər və hörmət görməyin yolları


Hörmət hər bir insanın layiq olduğu dəyərdir. Hörmət görmək özünəinamı gücləndirir, sağlam münasibətlər qurmağa kömək edir və sosial həyatda daha uğurlu olmağımıza şərait yaradır. Əksinə, hörmətsizlik insanı incidir, əsəbiləşdirir və özgüvəni azaldır. Bəzən insanlar bilərəkdən və ya bilməyərəkdən sərhədlərimizi aşır, fikirlərimizi nəzərə almır və ya bizə qarşı soyuq davranırlar. Belə hallarda düzgün ifadələr seçərək hörmətimizi tələb etmək vacibdir.

Aşağıda, başqalarının sizə hörmət etməsini təmin edəcək 15 ifadə qeyd olunub. Bunları gündəlik ünsiyyətdə tətbiq edərək, şəxsi və iş həyatınızda daha güclü və nüfuzlu ola bilərsiniz.

1. Bağışlayın.

Bəzən üzr istəmək zəiflik kimi görünə bilər, amma əslində, bu, güclü və məsuliyyətli insanlara xas xüsusiyyətdir. Səhvlərinizi qəbul edib üzr istədikdə, insanlar sizi dürüst və etibarlı biri kimi qəbul edirlər.

2. Xahiş edirəm, fikrimi tamamlamağa imkan verin.

Sözünüzü kəsən və sizi dinləmədən öz fikrini bildirən insanlara qarşı bu ifadəni işlədərək, onların sizi diqqətlə dinləməsini təmin edə bilərsiniz. Qətiyyətli və sakit tonda söyləmək daha təsirli olacaq.

3. Bu mövzu və ya hərəkət məni narahat edir.

Bəzən insanlar fərqinə varmadan sizi narahat edə biləcək mövzularda danışırlar. Belə hallarda açıq şəkildə narahatlığınızı ifadə etmək, sərhədlərinizi qorumağa kömək edəcək.

4. Sizin fikriniz üçün təşəkkür edirəm, indi mənim fikrimi dinləyin.

Hər kəsin fikri dəyərlidir. Başqalarının fikirlərini dinləyib öz baxış bucağınızı da təqdim etdikdə, insanlar sizin düşüncələrinizi daha çox ciddiyə alacaq.

5. Bu qərarı düşünmək üçün vaxta ehtiyacım var.

Tələsik qərar vermək səhvlərə yol açır. İnsanlara bildirməliyik ki, qərar qəbul etmək üçün vaxt istəyirsiniz, sizin düşüncəli və məsuliyyətli biri olduğunuzu göstərir.

6. Bu, mənim sərhədlərimi pozur.

Şəxsi sərhədlərinizi müəyyən etmək və onları qorumaq çox önəmlidir. İnsanlar sizin sərhədlərinizi anladıqda və qəbul etdikdə, sizə daha çox hörmət göstərəcəklər.

7. Sizdən gözləntilərim bunlardır.

Açıq ünsiyyət münasibətlərin daha sağlam və qarşılıqlı hörmət çərçivəsində qurulmasına kömək edir. Qarşı tərəfə gözləntilərinizi bildirmək, yanlış anlaşılmaların qarşısını alacaq.

8. Buna razılıq verə bilmərəm.

Hər şeyə "bəli" demək sizi yorğun və stressli hala sala bilər. Lazımsız yüklərdən qaçmaq üçün “buna razı deyiləm” deməkdən çəkinməyin.

9. Bunu mənə izah edə bilərsinizmi?

Bu ifadə sizi həm mehriban, həm də düşüncəli göstərir. Eyni zamanda, qarşı tərəfdən izahat tələb edərək, mövzuya daha dərindən nüfuz etməyinizi təmin edir.

10. Səbriniz üçün təşəkkür edirəm.

Minnətdarlıq göstərmək insanların sizə qarşı münasibətini müsbət istiqamətə dəyişə bilər. Bu cür ifadələr əlaqələri gücləndirir və sizə hörmət qazandırır.

11. Lazım olsa, sizə xəbər edərəm.

Bəzən insanlar kömək təklif edir və ya sizin yerinizə nəyisə həll etməyə çalışırlar. Bu ifadəni işlədərək, onlara nəzarəti əldən vermədiyinizi göstərə bilərsiniz.

12. Nəzarət edə biləcəyimiz şeylərə diqqət yetirək.

Problemlərə həll yönümlü yanaşmaq sizi daha güclü və lider ruhlu biri kimi göstərəcək. İnsanlar emosional sabitliyinizə və praktik yanaşmanıza hörmət edəcəklər.

13. Səhv məndə idi.

Hər kəs səhv edə bilər. Amma səhvləri qəbul edib düzəltməyə çalışmaq insana hörmət qazandırır. Bu ifadəni işlətmək, sizi daha etibarlı və olğun biri kimi göstərir.

14. Sözlərimi görməzlikdən gəlməyin.

Bəzən insanlar dediklərimizi ciddiyə almaya bilər. Bu ifadəni işlətməklə, fikirlərinizin əhəmiyyətini vurğulaya və insanların sizi diqqətlə dinləməsini təmin edə bilərsiniz.

15. Xeyr.

"Xeyr" tam cavabdır və əlavə izaha ehtiyac yoxdur. Hər şeyə razı olmaq məcburiyyətində deyilsiniz. İnsanlar "xeyr" deməyə cəsarətiniz olduğunu görəndə sizə daha çox hörmət edəcəklər.

Hörmət qazanmağın digər yolları

Təkcə sözlərlə deyil, davranışlarla da hörmət qazanmaq mümkündür. Əgər qarşınızdakı insan sizə qarşı davamlı olaraq hörmətsiz davranırsa, münasibətinizi yenidən dəyərləndirmək və lazımi hallarda məsafə saxlamaq vacibdir. Bəzən əlaqəni tamamilə kəsmək belə özünə hörmətin bir formasıdır.

Öz sərhədlərinizi qorumaq və hörmətsiz münasibətləri qəbul etməmək sizi daha güclü edəcək. Unutmayın, hörmət görmək üçün əvvəlcə özünüzə hörmət etməlisiniz!

Mənbə: verywell mind 

Tərcümə edən: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et